5b49e1f78130a_LostFile_JPG_48011104.jpg

10 iyul tarixində Gəncə şəhərində baş vermiş hadisə cəmiyyətimiz üçün şok effekti yaratdı. Heç bir əsaslı səbəb olmadan bir qrup insanın əli qılınclı meydana çıxması nə gözlənilən, nə məntiqi əsasını tapa bilən bir hadisə oldu. 3 iyul tarixində Gəncə şəhər icra başçısı Elmar Vəliyevin silahlı hücuma məruz qalmasından sonra guya “haqsızlığa” qarşı yönəlmiş bu mitinqlə nəyə nail olmaq istədiklərini belə elan etməmişdirlər. Dövlət orqanlarının, yerli əhalinin hazır olmadığı bir mitinq baş tutdu. Əli qılınclı, “Allahu Əkbər” şüarları ilə meydana toplaşmış bir qrup “beyniyuyulmuşlar” nə istədiklərini özləri də bilmədən hücuma keçdilər. Asayişi qorumaq istəyən iki polisimiz də bu hadisə nəticəsində şəhidlik zirvəsinə ucaldı.

Sual doğuran bir çox məqamlar mitinqi təşkil edənlərin əsas niyyətini üzə çıxarırdı. Mitinqin təşkilatçıları adlandırılan insanların niyə hər biri dünyanın başqa başqa ölkələrində idi? Yəni xaricdə oturub gəncəliləri meydanlara tökməkdə məqsəd nə idi? Onların xalqa canı yanırsa niyə özləri yox idi həmin meydanda? “Mən salim olum, cümlə cahan batsa da batın” deyə vətənini satıb xarici qucaqlarda oturan insanlardan kimə xeyir gələ bilər ki…

İkinci məqam əgər gəncəlilər narazı idilərsə niyə iştirakçıların, əsası bu hadisəyə görə tutulanların 90%i gəncəli, Gəncə sakinləri deyildi? Ölkəmizin ikinci böyük şəhərinin sakinləri bəyəm öz narazılıqlarını istəsələr özləri deyə bilməzdilərmi?

Üçüncü məqam isə əgər bu hadisə icra strukturuna etiraz mitingi idisə niyə açıq-aşkar dini şüarlar səsləndirilir, meydana əli silahlı, qılınclı, bıcaqlı daxil olunurdu? Əlbəttəki söhbət heç bir etirazdan gedə bilməzdi. Açıq-aşkar sabitliyi pozulmasına, cəmiyyətdə təşal, qorxu yaratmağa, dövlət əleyhinə saxta provakasiyaların yaradılması üçün münbit şərait təşkil etməyə hesablanmış bir plan idi. Bu planın məqsədini iki qəhrəman vətən oğlu öz canları bahasına, digər polislər öz əzmləri iflasa uğratdı. Nə qədər ürək ağrısı ilə qeyd edilməli məqamdır ki, öz silahdaşlarının gözləri qarşısında can verdiyini görən polislərimiz yenə də silahdan istifadə etmədilər, “polis vətəndaşı güllələdi”, “polis xalqa atəş açdı” provakasiyalarının yaranmasının qarşısını öz canlarını ortaya qoyaraq aldılar. Onlar öz canlarını qurban verərək sübut etdilər ki, kimliyindən – terrorist və ya sadə vətəndaş olmasından asılı olmayaraq Azərbaycan vətəndaşını cəzalandırmağın yeganə yolu qanunvericiliyimizdir.

Gəncə hadisələri zamanı dini şüarların açıq-aşkar səsləndirilməsi Azərbaycanda “Ərəb baharının” yaradılmasına olan cəhtlərin işartılarını verirdi. Bu niyyəti daşıyaraq fəaliyyətə keçmək istəyən şəxslər isə bir məqamı unudublar. Bura Azərbaycandır, Yaxın Şərq deyil. Demokratiya, azadlıq və kimi süarlarla insanları aldadıb, formatı dəyişmiş hadisələrə cəlb etmək mümkün deyil. Çünki Azərbaycan cəmiyyəti tarixin müxtəlif dövrlərində müxtəlif f müharibələr məruz qalaraq bir çox itkilər vermiş cəmiyyətdir. Biz xalq olaraq bundan sonra ancaq və ancaq qazanan, qələbə çalan xalq olmağımız üçün dostumuzu, düşmənimizi yaxşı ayırd eləməliyik. Mən özüm başda olmaqla birliyin çoxsaylı üzvləri adından əminliyimi bildirirəm ki, hər bir azərbaycanlı və hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, bizim tək dostumuz dövlətimizdir, xoşbəxtliyə gedən yolumuz xalq-iqtidar birliyindən keçir. Bir vətəndaş olaraq bundan sonra da ən birinci işimiz dövlətçiliyimiz ərtafında sıx birləşmək, xalq-iqtidar birliyinə uzana əlləri sabitliyimizi, firavan cəmiyyətimizi, həmrəyliyimizi, gələcəyimizi qorumaq naminə kökündən kəsməkdir.

Əsgər Məmmədov

“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin sədri

 

araz.az xəbər portalı.