MDP.jpg

Azərbaycan Milli Demokrat (BOZQURD) Partiyasının Gəncə (AZMDEP ) şəhərində baş vermiş sui-qəsd və terror hadisələri baradə bəyanatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət nəticəsində Dövlətimizin regionda güclənməsi, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi üçün əsas amil olan sabitlik və milli birliyin bərqərar olması Azərbaycan Dövlətinə və Türk dünyasının aparıcı qüvvəsi olan Xalqımıza düşmən kəsilmiş xarici qüvvələrin məkrli və qəsbkar planlarını pozmaqdadır.

Anti-Azərbaycan və anti-türk xarici qüvvələrin ölkə daxilindəki dini qiyafəyə girmiş təxribatçı-terrorçu qrupları Gəncə şəhərində dövlət və hüquq-mühafizə orqanları təmsilçilərinə qarşı qanlı cinayətlər törətmiş və kütləvi işğtişaşların baş alıb getməsinə cəhd etmişlər. Baş vermiş təxribatların əsas məqsədi dindar vətəndaşlarımızın dini hisslərindən istifadə edərək onları ölkədəki asayişin pozulmasına sövq etmək, vətəndaş qarşıdurmasına zəmin yaratmaq, Dövlətçilik və Milli Birlik qayəsinə zərbə vurmaq olmuşdur. Dini qiyafə ilə kriminal mahiyyətlərini pərdələyən təxribatçı qrupların arxasında duran əcnəbi xüsusi xidmət mərkəzlərinin uzaq hədəfi — Azərbaycan Xalqının yeni yadsoylu işğallara və yeni soyqırımlara məruz qalması, Azərbaycanın bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsi üçün Azərbaycanda siyasi xaosa nail olmaq idi.

Gəncə şəhərində 2018-ci il iyulun 3-də Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və iyulun 10-da Gəncə şəhərində iğtişaşlara cəhd zamanı yüksək rütbəli polis zabitlərinin qətli ilə bağlı Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası bəyan edir:

Cəmiyyətimizin millətçi kəsimini təmsil edən Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası vətəndaşlarımızın siyasi müdriklik göstərərək yadelli düşmənlərin siyasi təxribatlarına qarşı çıxmasını alqışlayır və bunu yadelli xüsusi xidmətlərin hazırladığı məkrli planlara gerçək və məhvedici cavab kimi dəyərləndirir.

AzMDEP bildirir ki, partiya üzvləri həmişə olduğu kimi Azərbaycançılıq, Millətçilik və Dövlətçilik qayəsindən irəli gələrək Azərbaycanda asayişə, qanunçuluğa və milli birliyə qarşı istənilən şüar və qiyafədə çıxış edən qüvvələrə qarşı barışmaz mövqedədir. Millətimizin milli mənafeləri və mövcudluğu amilini əsas tutaraq AzMDEPdaim Dövlətçiliyimizin və Dövlət Başçımızın yanında olacaqdır.

araz.az xəbər portalı.