Əli Əliyev: “İşğalçı tərəf sahibini ciddi şəkildə dəyişməkdədir”
Ermənistanda “Yeni Ermənistan, yeni patriarx” hərəkatının fəalları II Qareginin istefası tələbi ilə aksiyalara start verib. O, korrupsiyada, din xadimlərə məxsus maaşların mənimsənilməsində və s. ittiham olunur.
Ermənistanda hərbi-siyasi şüarlarla keçirilən aksiyalardan sonra kilsə fəallarının da aksiyalara başlaması bu ölkənin yaxın gələcəyinə nə vəd edir? Məlum aksiyaların bir qədər də genişlənməsi rəsmi İrəvanı əlavə problemlərlə üz-üzə qoya bilərmi?
Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev baş verənlərin arxasında kifayət qədər ciddi səbəblərin dayandığını vurğuladı:
“Ermənistanda baş verən hadisələr ABŞ-la Rusiya arasında gedən nüfuz savaşının təzahürləridir. İşğalçı tərəf sahibini ciddi şəkildə dəyişməkdədir. Paşinyan rusların dayaqlarını uçurmaqdadır. Qareginə edilən hücum da bu prosesin tərkib elementidir. Erməni cəmiyyətinin kilsəyə bağlılığı yüksəkdir. Dünya erməniliyi, erməni fikri kilsədən idarə olunur. Eçmiədzin və oranın kahinləri 200 ildən artıqdır ki, Moskvadan yön alır. Bu yolla da Kreml məxməri şəkildə erməni məfkurəsinə hakimdir. Əgər Paşinyan Qareginə güc gəlib dini mərkəzi nəzarətə götürə bilsə, üstünlüyünü qətiləşdirək. Moskva hələlik müşahidə edir. Bu sonsuza qədər davam edə bilməz. Fikrimcə, 16 iyul Tramp-Putin görüşü çox suallara aydınlıq gətirəcək. Əgər ruslar Trampın şərtlərini qəbul etsələr, erməni dövləti güc alacaq. Əgər Putin şərtləri “yeməsə”, o zaman Paşinyanın aqibəti çətin olacaq. Bizə ikinci gedişat sərf edir. Torpaqlarımızın qaytarılması yolunda ən böyük maneə olan Rusiya Ermənistanın arxasından çəkilsə, uğurumuz ola bilər”.
Seymur ƏLIYEV
araz.az xəbər portalı.