Mirkazım SEYİDOV: “Ölkənin ikinci şəhərində baş verənlər, Azərbaycana düşmən qüvvələrin məkrli planlarına uyğun törədilən terror hadisələridir”
Azərbaycanın ilk istiqlal paytaxtı Gəncə şəhərindən ardıcıl verilən bəd xəbərlər taleyini keçmiş Sovet respublikaları ilə bağlayan soydaşlarımız üçün də, sarsıdıcı olub. Bu narahatlıqlar onların mətbuat səhifələrinə çıxarılan açıqlamalarında da, əksini aydın tapıb.
Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun qurucusu və rəhbəri, Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist, fəal diasporçu Mirkazım Seyidovun imzası ilə, araz.az xəbər portalının redaksiyasına daxil olan Bəyanat da, bu qəbildəndir. Federasiyasının böyük bir regionunun ictimai-siyasi mühitində fəallığı ilə seçilən, burada yaratdığı adıçəkilən qurumun aktiv fəaliyyətini doğma Vətən naminə günü-gündən genişləndirmək üçün çalışan, təkcə bu ölkədə deyil, beynəlxalq arenada belə, Fondun xətti ilə, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiliyimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsinə həsr edən, ulu öndərin layiqli varisi, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaqdan daim rahatlıq tapan bu nəcib və xeyirxah insan öz Bəyanatını təsirli və düşündürücü sözlərlə başlayaraq, baş verən bu acı olayları Azərbaycan dövlətinə və onun layiqli başçısının hakimiyyətinə qarşı xarici ölkələrdəki mənfur düşmənlərimizin çoxdan hazırladıqları birbaşa terror aktı kimi qiymətləndirib. Sonra, Novosibirskin ən populyar media orqanı olan “Moment istinı” qəzeti ilə əməkdaşlıq edən Fond rəhbəri, Bəyanatında qeyd edib ki, adıçəkilən nüfuzlu media orqanının çoxsaylı oxucularına əsl Azərbaycan həqiqətlərini çatdırmaq üçün, uzun zamandır gecə-gündüz əziyyət çəkir: “Lakin baş verən bu tip üzücü xəbərlər, istər-istəməz, Azərbaycan mənafeyi naminə apardığımız təbliğatlara qara kölgələr salır. Nəticədə, Azərbaycan həqiqətləri, ulu öndər ideyalarının qələbə çalması naminə qələmə aldığım möhtəşəm yazılar belə inandırıcı görünmür. Beləcə, diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətimizin qarşısına, fürsətdən istifadə edən bədniyyət düşmən qüvvələr süni maneələr çıxarırlar. Çünki Azərbaycanın bu ölkədəki düşmənlərinin daha güclü arxa-dayağı olan diaspor qurumları var. Mən, Rusiyadakı Azərbaycan diasporunun mövcud acınacaqlı durumuyla əlaqədar, soydaşlarımıza və əlaqədar dövlət qurumlarına çox sayda səs-küylü müraciətlər ünvanlamışam. Nə olsun, səsimi eşidən, bu barədə düşünən səlahiyyət sahibi tapmamışam. Halbuki, Azərbaycanın terrorla üzləşdiyi belə çətin durumda, güclü olacaq diasporumuz böyük işlər görə bilər, əsl həqiqətlərin dünyaya çatdırılmasında əlindən gələni əsirgəməzdi”. Fəal diasporçu bu yerdə onu da xüsusi vurğulayıb ki, xarici ölkələrdə məskunlaşan həmyerlilərimiz, Azərbaycanın ikinci böyük şəhərində icra başçısına atılan gülləni, birbaşa dövlətimizə, dövlətçiliyimizə qarşı atılan güllə kimi qəbul ediblər. Bunun ardınca, yüksək çinli iki polis zabitinin öldürülməsi isə, onlar üçün, əsl düşmənçiliyin açıq təzahürü kimi, daha üzücü olub: “Bütün bunlar, Azərbaycanda gedən hərtərəfli inkişafı gözü götürməyən düşmən qüvvələrin məkrli planlarının tərkib hissəsidir. Hər bir azərbaycanlı bilməlidir ki, onların bu iyrənc planları Azərbaycanı daha dəhşətli təhlükələrlə üz-üzə qoymağa hesablanıb. Bu səbəbdən, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız ayıq-sayıq olmalı, ictimaiyyətin bütün təbəqələri, siyasi qurumlar arasında səmimi münasibətlər yaradılmalıdır. Ən başlıcası odur ki, iqtidar komandasında aparılması vacib ciddi kadr islahatları, əhalinin narazı təbəqələri tərəfindən alqışlarla qarşılanmalıdır. Prezident seçkilərindən sonra bir sıra iri məmurlar vəzifələrindən uzaqlaşdırılsa da, bu, Azərbaycan ictimaiyyəti üçün, elə də, önəmli olmadı. Çünki, məmur özbaşınalığı ilə üz-üzə qalan əhali, hələ də nə edəcəyini bilmir. Nəticədə, pik həddinə çatan bu narazılıqlar Gəncədəki xoşagəlməz hadisələrə “yol açıb, münbit şərait yaradır”. Düşmən qüvvələr isə, öz iyrənc hərəkətlərini ölkəmizdəki məmur özbaşınalığı ilə sığortalamağa çalışır, baş verən əsl terrora başqa yöndən “don geydirirlər” Bir sözlə, Azərbaycan prezidentinin başlatdığı bu islahatlar, seçkidə xalqın ona səs verməsinin səbəblərini bir daha əyani şəkildə göstərdi. Dövlət başçısı bir sıra iri məmurları vəzifələrindən uzaqlaşdıraraq, yerlərinə daha gənc və müasir dünya ilə ayaqlaşa bilən kadrları gətirdi. Bu, çox önəmli addımlardır. Çünki bəzən uzun illər eyni vəzifədə işləyən hansısa nazir etibarlı, yaxud bacarıqlı kadr ola bilsə də, lakin indiki dünya ilə ayaqlaşa bilməz. Azərbaycanda belə kadrlar isə, var idi. Digər tərəfdən, biz bu məmurların oliqarxlaşdığının, özlərini cəzasızlıq mühitində hiss edərək, istədiklərini etdiklərinin zaman-zaman şahidi olmuşuq. Mən, öz yazılarımda bunu, dəfələrlə bir narahatlıq ifadəsi olaraq, xüsusi vurğulamışam. Bu işimlə, daha çox, ölkə rəhbərinə kömək etdiyimi düşünmüşəm. Məsələn, Azərbaycanın iki böyük şəhərinin – Gəncənin və Sumqayıtın icra başçılarının vəzifə kreslolarında öz bildikləri kimi hərəkət etmələri, o cümlədən idarəçiliyi öz şəxsi maraqlarına təslim etmələri, hamı kimi, məni də çox narahat etdiyindən, bu barədə daha kəsərli yazmışam. Lakin buna yuxarılardan reaksiya görməmişəm. Bu cür biganəliyin və saymamazlığın acı nəticələri isə, göz qabağındadır. Bunu əsas götürən düşmən, öz məkrli planına uyğun, şəhər mərkəzində onun rəhbərinə güllə atdırır. Məhz belə məmurların idarəçilikdən hələ də uzaqlaşdırılmaması təəssüf doğurur. Onların hələ də vəzifə başında qalmaları, ümumilikdə, Azərbaycanın faciəsidir. Amma, ümid edirəm ki, islahatların davamı tezliklə gələcək. Çünki xalqın istəmədiyi və onun nifrətini qazanan bir çox məmur, hələ də vacib və önəmli vəzifələrdədir. Mən belə hesab edirəm ki, aparılan kadr islahatları iqtisadi inkişafımıza da böyük təsir göstərər. Əhalinin illərdir onlara zülm edən məmurlardan hələ də xilas olmadığı, danılması mümkün olmayan bir faktdır. Onların etirazı haqlıdır. Çünki yaranmış sosial-iqtisadi çətinliyi xalqımız öz üzərində hiss edir. Buna paralel olaraq, hakimiyyətdəki klanlar getdikcə daha da varlanıb, harınlaşır. Ölkədə qanunların işləməməsi, xalqın səfalətə düçar olması, hüquqlarının pozulması etirazlara səbəb olan başlıca amillərdir. Kütləvi şəkildə etirazlar isə, sonda xöşagəlməz mühit yaradır. Tənəzzül və səfalətin hökm sürdüyü bir mühitlə üz-üzə qalan, sabitliyi pozulan, iqtisadiyyatı məhv olan bir ölkə uzun müddət özünə gələ bilməz. Çox şükür ki, Azərbaycan sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü və yüksək beynəlxalq nüfuza malik bir ölkədir. Məmur özbaşınalığı ilə daha ciddi mübarizə isə, bu nüfuzu daha yüksəklərə qaldırar. İnşallah, inanıram və əminəm ki, ölkə başçısının fəaliyyəti bu gün bu məqsədə çatmaq naminə mübarizəyə köklənib. Axı, anarxiya və harınlıq mövcud iqtidar adına yaraşmayan mənfi amillərdir”. İçtimai-siyasi fəalın bu Bəyanatının sonu da, xaricdəki Azərbaycan diasporunun mövcud durumu barəsindədir. Bu yerdə, öncə onu qeyd edib ki, diasporumuzun güclü olmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsiri olardı. Bu səbəbdən, Qarabağ problemi, məmur özbaşınalığı ilə mübarizə kimi, indi əsas vəzifəmiz olmalıdır: “Bütün çıxışlarımda qeyd etdiyim kimi, biz özümüz daha çox Qarabağ problemi naminə mübarizəyə köklənməliyik. Mən, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ictimai-siyasi həyatlarına dərindən bələd olan bir şəxs kimi, açıq-aşkar onu deyə bilərəm ki, bu ölkədəki Azərbaycan diasporu çox acınacaqlı durumdadır və vəziyyəti olduqca təəssüf doğurur. Burada yaşayıb, fəaliyyət göstərən digər millətlərin diaspor qurumları kimi, hələ də siyasi qüvvəyə çevrilə bilməmişik. Diaspor fəaliyyətsizliyimizin acı nəticələri isə, göz qabağındadır. Nəinki ölkəmizdə törədilən terror hadisələrinin təşkilatçılarını tapıb, onların bəd əməllərini sülhsevər bəşəriyyət qarşısında faş etməyə gücümüz çatır, heç Qarabağ münaqişəsinin həllinə də köməkçi ola bilmirik. Əslində, milli diaspor dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomotivi olmalıdır. Hazırda, Rusiyada diaspor quruculuğu, onun inkişafı ilə bağlı müxtəlif görüşlərim olur; Görüşlərimizdə əsas məqsəd, diaspor fəaliyyətində buraxılan boşluqların, eyni zamanda, son vaxtlar burada Azərbaycan icmasının diaspor təşkilatlarına qarşı yaranan inamsız, incik, soyuq münasibətin səbəblərinin müzakirəsi ilə bağlı olur. Diasporlarla İş üzrə Dövlət Komitəsinin qaldırılan vacib məsələlərə reaksiya verməməsi nəinki burada yaşayıb, fəaliyyət göstərən çoxsaylı ziyalılarımızı və iş adamlarımızı, eləcə də adi insanlarımızı belə olduqca incik salır. Bu məsələ, ümumi mənada, çox mənfi bir hal kimi, bütövlükdə ölkəmizin xeyrinə olmur. Ən əsası odur ki, diaspor təşkilatları öz aralarındakı mövcud problemləri təcili aradan qaldırmalı, səfirlik və konsulluqlarla iş mexanizmlərini operativ hala gətirməlidir. Əminəm ki, komitənin yeni rəhbərliyi çalışacaq ki, bu problemlər təcili aradan qaldırılsın və təşkilatların vahid birliyinə nail olunsun. . Çünki, diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini indiyədək hansısa vahid qurum yox, onları yaradan şəxslər müəyyənləşdirib. Bu şəxslər arasında olan münaqişə və iddialar, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olan diaspor birliyinə imkan vermir. Və buna görə də, bu önəmli sahədə müsbət nəticə indiyədək ortada yoxdur. Onu da deyim ki, təşkilatlar arasındakı əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər də böyük məharətlə istifadə edirlər. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətlərini hamımız çox yaxşı bilirik; Bunu, uzaq olmayan tariximizə nəzər saldıqda belə aydın görmək olur. Belələri, bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımız və mövcud hakimiyyət əleyhinə cürbəcür iyrənc iftiralar yağdıran “azərbaycanlıların” yaratdıqları “təşkilatlar”dan məharətlə istifadə edirlər. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, indki xoşagəlməz situasiyalar da olmazdı. Bu gün Rusiyada yəhudilərin, ermənilərin, almanların, tatarların, hətta ruslarla müharibə vəziyyətində olan ukraynalıların belə çox güclü diaspor qurumlarını görəndə, təəssüflənməyə bilmirsən. Onlarla Rusiyanın mərkəzi hakimiyyəti belə hesablaşmaq məcburiyyətindədir. Sözün həqiqi mənasında, Azərbaycan diasporu, sadaladıqlarım ölkələrin diasporları ilə müqayisədə, demək olar ki, yox dərəcəsindədir. Yoxluğumuza və zəifliyimizə başlıca səbəb isə, yuxarıda qeyd etdiyim kimi, bu ölkədəki səfirlik və konsulluqlarımızın, Diaspor Komitəmizin, bir də bu təşkilatların fəaliyyətini tənzimləyib, yönləndirən şəxslərin düzgün, dinamik iş prinsipi seçməmələridir. Bunu, tədricən də olsa aradan qaldırmaq isə, çox çətin görünür. Təşkilat rəhbərləri arasındakı inamsızlığı aradan qaldırmağın özünün belə olduqca çətin bir proses olduğu heç kəsə sirr deyil. Onu da qeyd etməyi vacib bilirəm ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlarımız var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi maraqlandırmır. Bu kimi ümumxalq və ümumdövlət məsələlərində şəxsi münasibətlər önə çəkilməməlidir. Hər bir şəxsin, hər bir təşkilatın güc əmsalının fərqinə varmadan, bundan ümummilli məqsədlər naminə istifadə edilməməlidir. Ümumiyyətlə, diaspor təşkilatlarını məsuliyyətli olmağa vadar etmək mütləq vacibdir. Doğma Vətənlə onların əlaqələrinin sürətlənməsinə önəm verilməlidir. Vətənlə yaranacaq birbaşa bağlılıq, həm də, Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan bir məsələdir. Diaspor nümayəndələrinə doğma Vətəndə xüsusi sevgi, xoş münasibət bəslənəcəyi halda, Azərbaycan güclü diaspor təşkilatlarına nail ola bilər. Bu, həm də sevimli dövlətimizin xoş gələcəyi naminə möhtərəm prezidentimizin apardığı hərtərəfli möhtəşəm siyasətə böyük bir dəstək olardı. Mən ona da, çox təəssüflənirəm ki, ayrı-ayrı xarici dövlətlərdə Azərbaycandan getmiş bəzi narazı etnik millət nümayəndələrinin, əslən azəri türkü olan “sapı özümüzdən olan baltaların” yaratdıqları, hər addımda dövlətimiz əleyhinə çirkin kampaniyalar aparan, yalan və müxtəlif böhtanlar yağdıran “təşkilatlar” fəaliyyət göstərir. Bütün bu hərc-mərcliyə son qoymaq üçün, bu insanlara başa salmaq lazımdır ki, nankor olmasınlar, əks halda, dövlətimizə iftira atan belə nankorları təcili ictimai qınağa verməli, xalq mühakiməsinə təqdim etməliyik. Bu nanəcib qüvvələrə qarşı həm Azərbaycan dövləti, həm də diaspor təşkilatlarımız birgə mübarizə aparmalıdırlar”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri
araz.az xəbər portalı.