Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Cəlil Məmmədquluzadə küçəsində çökmüş yolla bağlı yeni məlumat açıqlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a bildirib ki, ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb:
“İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
Şərti adı “B-04” olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. “Bakı Metropoliteni” QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb”.
Onun sözlərinə görə, müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməyib:
“Tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır”.
A.Nəcəfli qeyd edib ki, çökmə qeydə alınan hissə “Bakı Metropoliteni” QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
“Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək”.
araz.az xəbər portalı.