Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclasında bu fikir xüsusi vurğulanıb
Azərbaycan Mətbuat Şurasının iyulun 16-da keçirilən genişləndirilmiş iclasında Gəncə terrorunun və əhalinin böyük narahatlığına səbəb olmuş Mingəçevirdəki enerji qəzasının mediada və sosial şəbəkələrdəki təqdimat formaları müzakirə olunub. Bu barədə adıçəkilən qurumdan araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəzanın və ilk istiqlal paytaxtımızda ardıcıl törədilən terror hadisələrinin mediada işıqlandırılması vəziyyəti qənaətbəxş olmadığından, bu ciddi problemə həsr olunmuş belə bir toplantı keçirilməsinə ehtiyac duyulub. Şuranın İdarə Heyətinin üzvlərinin, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən, internet informasiya resurslarının rəhbərlərinin iştirak etdiyi bu vacib tədbir müzakirələrdən doğan önəmli təkliflərlə zəngin olub.
“Ölkədəki sabitlik mühitini pozmaq istəyən anti-milli qüvvələrə qarşı mətbuatın ictimai səfərbərliyi təmin etməsi son dərəcə vacibdir”
İclası giriş sözü ilə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq, bildirib ki, respublikamızdakı enerji böhranı və icra başçısı Elmar Vəliyevə qarşı terrorla başlamış Gəncə iğtişaşları bu gün də ölkənin gündəmində olan başlıca mövzulardandır: “Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media ümumən, hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə, peşəkarlıq nümayiş etdirdi. Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri də oldu. Onlar özlərinə sərfəli fikir və düşüncələri, bir növ fakt kimi təqdim edərək, cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Eyni zamanda, biz aşkar təfriqəçilik meyllərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Proses Mingəçevirdəki qəza ilə başladı. Təbii ki, ölkəni bürüyən enerji böhranı insanlarda narahatlıq doğurdu. Hər kəs buna görə cavabdehlik daşıyan şəxslər barədə ölçü götürülməsini tələb etdi. Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənabları məsələyə kifayət qədər sərt mövqeyini açıqladı. Biz onu da gördük ki, kimlərsə enerji böhranı ilə bağlı guya, hakimiyyətin fəaliyyətsizliyi görüntüsünü formalaşdırmaqla, geniş etirazlar yaratmağa cəhd göstərir. Eyni xoşagəlməz tendensiya özünü Gəncə hadisələrinə münasibətdə bir qədər də qabarıq tərzdə göstərdi. İcra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra bəzi sosial şəbəkə profilləri və internet saytlar terroru az qala haqq işi kimi təqdim edərək, iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnmiş iğtişaşların bir növ anonsunu verdilər. Sumqayıtda da Gəncə terrorunun törədiləcəyinə dair çağırışları gördük. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Hesab edirəm ki, bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür. Azərbaycan mediası olaraq qarşımızda hansı vəzifələr dayanır? Nəyə daha çox diqqət yetirməliyik? “İstərdim ki, bu günkü toplantımızda bu məqamları birlikdə müzakirəyə çıxaraq», – deyən qurum rəhbəri onu da vurğulayıb ki, Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən anti-milli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir – bu təminat isə, ölkə mətbuatının başlıca vəzifəsidir.
Şura rəhbəri onu da bildirib ki, ölkəmizin adı ilə bağlı olan və dünyanın energetika xəritəsini dəyişən nəhəng layihələri, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradı gözü götürməyən xaricdəki anti-azərbaycan qüvvələri hərəkətə keçirib. Sədr onu da vurğulayıb ki, bu bədniyyət qüvvələrin ölkəmizdəki son prezident seçkisi ilə bağlı da planları var idi: Ancaq seçkinin vaxtının dəyişdirilməsi bu planları iflasa uğratdı. 11 aprel seçkisində cənab İlham Əliyevin möhtəşəm qələbəsi isə, oktyabr ayına hazırlanmış «ssenarinin» işə salınması üçün hiddət motivi gətirdi.
Gəncə terroruna bu baxımdan da qiymət verən Əflatun Amaşov heç bir xarici qüvvənin məkrli siyasətinin Azərbaycanda həyata keçməyəcəyinə qəti şəkildə əminliyini də xüsusi vurğulayıb. “Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən, informasiya müstəvisindəki təxribatlar artır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla, mövcud konstitusyon quruluşu devirməkdir” – deyə, millət vəkili öz çıxışını çağırış xarakterli bu sözlərlə tamamlayıb: “Hesab edirəm ki, media ictimaiyyəti olaraq, biz, bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik. Bu, bizim qarşımızda duran əsas vəzifəyə çevrilməlidir”.
“Cəmiyyətin dəqiq və dolğun informasiya təminatı üçün, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac böyükdür”
Tədbirdə iştirak edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov öz çıxışını mətbuatın tez bir zamanda qeyd edilən problemdən çıxması üçün verdiyi maraqlı təkliflər üzərində qurub. Bildirib ki, ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr daim ən müxtəlif vasitələrdən istifadə ediblər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində bu gün onlar daha da aktivləşiblər. Mövcud xüsusda sosial şəbəkələrdə yayılmış fikirlərə toxunan deputat onu da vurğulayıb ki, bu məkandakı paylaşımların məlumat kimi cəmiyyətə çatdırılması praktikasına ehtiyatla yanaşılmalıdır: “Bu yöndə ciddi media vasitələri ehtiyatı əldən vermirlər. Ümumən, ölkə mediası son hadisələrin doğurduğu sınaqdan üzüağ çıxmağı bacarıb”.
Azərbaycana müxtəlif ölkələrdən dini təsirlərin həyata keçirildiyini və bu istiqamətdə çoxsaylı informasiya resurslarının fəaliyyət göstərdiklərini deyən Mətbuat Şurası İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas onu bildirib ki, cəmiyyətin informasiya təminatı prosesində jurnalistlərlə yanaşı, müavfiq dövlət qurumları da iştirak edirlər. İndiki dövrdə ikincilərin iş operativliyinin güclənməsinə ehtiyac duyulmaqdadır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov isə, öz çıxışında bildirib ki, Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilməyənədək yayılmış yanlış məlumat axınına qoşulanlar çox oldu: “Bu sayaq məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır. Bu, həlli vacib bir məsələdir!”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərli öz çıxışı zamanı əsas diqqəti ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyinə yönəldib. Bu baxımdan, məsuliyyət hissinin artırılmasının zəruriliyini əsaslandırıb.
Gəncə hadisələri və Mingəçevirdə baş vermiş qəza zamanı medianın və dövlət qurumlarının ümumən operativ fəaliyyət göstərdiklərini önə çəkən Mətbuat Şurası İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı çıxışında həmçinin dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığının gücləndirilməsi məsələlərinə də toxunub. O bildirib ki, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə, media rəhbərləri arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac var. Bu yolla, ikincilər hər hansı hadisənin gerçək motivləri ilə əlaqədar məlumatlandırıla bilərlər: “Belə praktika ona görə lazımdır ki, media yalnız informasiya verməklə kifayətlənməsin, konkret hadisə və prosesin təhlili imkanını qazansın, cəmiyyət düzgün yönləndirilsin”.
Öz çıxışında Gəncə hadisələri ilə bağlı mediada yer alan müxtəlif tendensiyalara da diqqət yetirən Vüsalə Mahirqızı, dindar-dövlət qarşıdurması kimi təqdimatların zərərli tərəflərini də qabardıb.
«Strateq.az» saytının rəhbəri Elxan Şükürlü çıxışında Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin baş verməsindən sonrakı bir neçə saatadək məsələ ilə əlaqədar rəsmi informasiya boşluğunun yarandığını deyib. O, hadisə ətrafındakı yanlış fikirlərin dövriyyəyə məhz bu zaman kəsiyində daxil olduğunu xatırladıb. Belə halların yaşanmaması üçün informasiya təminatındakı bütün tərəflərin öz işlərinə məsuliyyətlə yanaşmalarının mühüm əhəmiyyət daşıdığını bildirib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə isə, çıxışında əsasən onu vurğulayıb ki, istər Gəncə hadisələri, istərsə də, Mingəçevirdəki qəza ilə bağlı yanlış fikirləri tirajlayan saytların bir çoxu xaricdən idarə olunduğundan, onlara qarşı mübarizədə diplomatik metod və vasitələrdən də geniş istifadə olunmalıdır: “Zəruri hallarda prosesə xaricdəki nümayəndəliklər də cəlb edilməlidir”.
“Cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün medianın hadisələrin episentrində olması mütləqdir”
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı çıxışında media orqanları ilə dövlət qurumlarının əməkdaşlığının daha da gücləndirilməsinin zəruriliyinə diqqət yetirərək, onu da vurğulayıb ki, vacib hadisə və proseslər zamanı informasiya boşluğu yaranırsa, ayrı-ayrı sosial şəbəkə profillərinin fəaliyyəti güclənir və cəmiyyət yanlış istiqamətə yönləndirilir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli isə, çıxışında belə bir təklif edib ki, dövlət qurumları hər hansı hadisə ilə əlaqədar dəqiqləşdirmələr apardıqları müddətdə yaranmış informasiya boşluğunun qarşısının alınması üçün KİV-lərlə fəal təmaslara malik hazırlıqlı ekspert qrupu fəaliyyət göstərməlidir: “Məhz bu yolla cəmiyyətin yanlış səmtə yönləndirilməsinin qarşısı vaxtında alına bilər”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət öz çıxışında fövqəladə hallar zamanı operativ qərargahın yaradılmasının və bu işə media orqanlarının da cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını əsaslandırıb.
Çıxışında media orqanlarının son hadisələr zamanı ümumən kifayət qədər peşəkar mövqe ortaya qoyduqlarını vurğulayan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, həm də diqqəti «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanundan irəli gələn tələblərə çəkib və bildirib ki, ölkə qanunvericiliyində dövlət əleyhinə çağırışlar edən elektron media vasitələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı konkret müddəalara istinad edilməsi də mütləqdir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin Baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən məlumatların yayılmasında bir qayda olaraq, Rusiya və İran izləri qabardılır: “Ancaq dəfələrlə görmüşük ki, bu dairələr tərəfindən hərəkətə keçirilən aksiyalara sonradan Qərbdəki bəzi qüvvələr tərəfindən ideloji və siyasi çalarlar gətirilir”. Baş redaktor mövcud tendensiyanın xarakterik xüsusiyyətlərindən də söz açıb və belə hallara qarşı media müstəvisindəki mübarizənin vacibliyini sübutlarla əsaslandırıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Cümhuriyyət» qəzetinin Baş redaktoru Rəfail Becanov da çıxışında bildirib ki, ekstremal vəziyyətlər zamanı cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün medianın hadisələrin episentrində olması mütləqdir və bu istiqamətdə zəruri addımlar atılmalıdır.
İclasda digər çıxış edənlərdən «Səs» qəzetinin Baş redaktoru Bəhruz Quliyev, «Palitra» qəzetinin Baş redaktoru Namiq Əliyev, «Olaylar» İnformasiya Agentliyinin və «Olaylar» qəzetinin rəhbəri Yunus Oğuz, «Yenicaq.az» saytının Baş redaktoru Aqil Ələsgər, «Paralel» qəzetinin Baş redaktoru Tapdıq Abbas və başqaları cəmiyyətin informasiya təminatında dövlət qurumları ilə media orqanlarının əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkərək, mövcud istiqamətdə yeni baxışların tətbiq olunmasına ehtiyacın duyulduğunu da xüsusi vurğulayıblar.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.