Əslində, sizə yazmağımın səbəbi pampers oldu
Araz.az şair Elşad Baratın fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanladığı məktubu təqdim edir:
Çox hörmətli və çox cənab nazir!
Hal-hazırda nisyə oturduğum köhnə kafelərin birinin küncündən sizə yazıram. Qarşımda köpüksüz pivə, alabişmiş noxud var. Bir də üç nömrə, qırx səkkiz dənəlik Sleepy pampers paçqası. Bu pampersi az öncə səkkiz manat, qırx qəpiyə almışam. Bir dənəsi on yeddi tam, onda beş qəpiyə düşür. Əslində, sizə yazmağımın səbəbi də bu pampers oldu.
Mən üç uşağı indiyə qədər otuz qəpiklik pamperslə böyütmüşəm. Daha doğrusu, on yeddi qəpilkik pampersi otuz qəpiyə məhlə dükanlarından nisyə almışam. Oturub hesablayıram ki, bir maşının qiymətini ağılsızlığımdan və ya yaşam şərtlərini bilməməyimdən təkcə pampersdə uduzmuşam. Xahiş edirəm, bu qədər xırdalığa getdiyimə görə, məni qınamayın. Burada çox önəmli bir detal var ki, insan gəlirini-çıxarını, mimimum yaşayış kriteriyalarını bilməlidir.
Möhtərəm nazir, deməyim o ki, mən indiyə qədər mühəndis, elmi işçi, müəllim işləyib balalarımı doyunqarına dolandırmamışam. Həmişə bir qarnı ac, bir qarnı tox yaşamışıq. Hansı ki, mən elə bir işlə məşqul ola bilərdim ki, həm balalarım doyanacan qarpız, yemiş, dondurma, sinikers yeyərdi, həm də evimizdə hər gün kartof-soğan, qənd-çay qutarmazdı.
Adicə bir məsələni deyim ki, sizin bahalı siqaretdən iki-üç tüstü alıb söndürdüyünüzü dəfələrlə müşahidə etmişəm. Şəxsən mən sizin yanınızda hərlənib yarımçıq söndürdüyünüz siqaretləri toplayaraq başqa siqaret növünün emalının biznesini qura bilərəm.
Və ya, bağ evinizdə itinizin qulluğunda dura bilərəm. Hər gün ona dünya şöhrətli aşpazlar kimi kabab çəkər, qazan yeməkləri bişirərəm. İstəsəniz avropa mətbəxinə də müraciət edərəm. Sonra itinizi hər gün bahalı şampunla çimizdirərəm, saçlarını fenləyib dırnaqlarını manikür-pedikurləyərəm. Allaha and olsun ki, itinizin bəy kimi qulluğunu tutaram. Hər gün əlli dəfə altını təmizləyərəm, qu tükündən yastıq da tikərəm ona. Təki, balalarımı yaxşı dolandırım, heç nəyə ehtiyacları olmasın. Hər gecə evə gedəndə «papa, dediyimi aldın?» suallarına susmayım. Sizin də balalarınız var, nə dediyimi yaxşı bilirsiz.
Naxçıvanda magistraturanı oxuyanda mənə demişdilər ki, siz kiçik bizneslə məşqul olanda sumkalarınızı gömrükdən belinizdə keçirirmişsiz. Sonra bir gömrük məmuru ilə tanış olmusuz, biznesi böyütmüsüz. Bütün bunları, bu əziyyətəri kiminçün çəkirik? Təbii ki, balalarımız üçün. İndi mənim nə gömrükdə, nə də Elmlər Akademiyasında tanışım-bilişim yoxdur. Ümumiyyətlə, mənim heç kimim yoxdur. Ölkənin gündəyməyən ucqar bir kəndində təsadüfən doğulmuşam.
Nə uşaqlıqda, nə yeniyetməlikdə, nə də gənclikdə bir gün görməmişəm. Allah zərrəcə istedad verib, onu da sata bilmirik. Heç alan da yoxdur. Bu ölkədə sizdən başqa istedada dəyər verən nazir tanımıram. Ədəbiyyata, incəsənətə verdiyiniz dəyər danılmazdır. Neçə-neçə şairi, yazıçını Əzrayıl müəllimin pəncəsindən məhz siz almısız.
Yoldaş nazir, məktubumu çox uzada bilərəm, nə mənası, artıq fikirlərim bəllidir ki, bu ölkədə istedada, intellektə, ziyaya dəyər verən yoxdur. Bu ölkədə insan kimi yaşamaq üçün ya məmur tanışın, ya da vəzifə almaq üçün altın dolu olmalıdır. Mən sizi özümə tanış, doğma məmur seçirəm. Lap gəlib maşınlarınızın təkərini qaralda bilərəm. İnanın ki, ən bahalı ətirlərlə maşınınızın matorunu, karbiratorunu duxulayaram. Təki, balalarımı insan kimi dolandıra bilim.
Elşad Barat.
Sabahın Nobel mükafatçısı.
Bakı, 2018
araz.az xəbər portalı.