Türkiyədəki zəlzələdən sonra Azərbaycan vətəndaşlarında bina evləri ilə bağlı xof yaranıb. Sosial şəbəkələrdə edilən müzakirələrdə vətəndaşlar artıq bina evlərindən üz çevirəcəklərini, həyət evlərinə üstünlük verəcəklərini qeyd edirlər. Bu qorxu psixologiyasının qiymətlərə də təsir edəcəyi güman edilir.

Bəs həqiqətən bina evlərinin qiymətlərində enmə müşahidə edilir?

araz.az bildirir ki, News24.az-ın əməkdaşı məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin düşüncələrini öyrənib.

O bildirib ki, mənzil bazarında qiymətlərlə bağlı heç bir fərq müşahidə edilmir, yayılan fikirlər ajiotajdır: “Bina evlərinin qiyməti və komfortu həmişə həyət evlərindən üstün olub. Həyət evlərini bahalı edən amil torpaq sahələri ilə bağlıdır. Evin özünə gəldikdə isə bina evləri daha bahalı olur. Düzdür, qiymətlərdə bahalaşma yoxdur. Ancaq endirim də müşahidə etmirik. Bu stabillik ilin əvvəlində həmişə hökm sürüb. İlin sonlarında təkrar mənzil bazarında qiymətlərdə artım müşahidə olundu. Artıq durğunluq mərhələsidir.

Nəzərə alaq ki, zəlzələ Azərbaycanda yox, Türkiyədə baş verib. Bizdə tikilən binalar Türkiyədəki binalardan qat-qat üstündür. Azərbaycanda binalara nəzarət də daha yaxşıdır. FHN-nin müvafiq qurumu binanın tikintisi başladığı andan sona qədər prosesə nəzarət edir. Haradasa yanlışlar ola bilər. Nöqsanlar daha çox binanın tikintisindən sonra vətəndaşların korreksiya işlərinə bağlı olur.

Zəlzələ baş versə, yəqin ki, bizdə də hansısa nöqsanlar üzə çıxacaq. Ancaq fərqə baxdıqda binalarımızın daha dözümlü olduğunu qeyd etməliyik. Azərbaycanda 2000-ci ildə zəlzələ baş verdi. Ancaq ciddi dağıntı, itki müşahidə etmədik.

Azərbaycanda son dönəmlər tikilən binalar təxminən 10 bala hesablanıb. Satışda olan binaların çoxu dəyərindən də üstün qiymətə satılır”.

araz.az xəbər portalı.