Deyirlər, “Neftçi”nin prezidenti Kamran Quliyev dünəndən
özünə gələ bilmir. Macarıstandan biabırçı məğlubiyyətlə qayıdan bəydadaşın qanı, buraxılan 4 cavabsız qoldan çox, başqa səbəbə görə qaralıb. Onun öz gözlərilə söhbəti düşüb.
Macarıstana səfəri zamanı bekarçılıqdan təyyarədə jurnalistlərə müsahibə verən Quliyev deyib ki, uşaqların gözünə baxdıqda, onların cavab qarşılaşmasına hazır olduqlarını görürəm. Oyun başa çatdıqdan sonra isə gözlərinə inanmayıb. Deyib, yəqin gözlərim məni aldadır. Bir də tabloya baxıb ki, hesab 4:0-dı. Yenə də gözlərinə şübhə ilə yanaşan bəydadaş, bu dəfə yanında oturan Ceyhun Soltanova deyib ki, sən bax, gör hesab neçədir, gözlərim deyəsən mənimlə zarafat edir. O da, Sevilya arzularının başa çatdığını təsdiqləyərək, təəssüf dolu gözlərlə Quliyevə baxıb, başını aşağı salıb.
İndi Kamran Quliyev bütün olanlarda gözlərini günahkar bilir. Deyir, ay mənim gözlərim, bundan sonra bir də mən sizə necə etibar edim?
Doğrudan da, çox pis durumdadır Kamran bəydadaş. Bir tərəfdən biabırçı məğlubiyyət, bir tərəfdən də gözlərinin onu aldatması. Bilmir ki, olanlara nə ad versin. Gözlərinin onu aldatmasına bir ad da tapıb qoya bilmir. Bunun adı XƏYANƏTDİR. Gözləriniz sizə xəyanət edib, Kamran bəy!
Bir adamın ki, gözü özünə xəyanət edə…
araz.az xəbər portalı.