Bakıda satılan bəzi villa və mənzillərin qiymətləri hər kəsi təəccübləndirir. Hazırda bazarda 20 milyon manata villa, 8-9 milyon manata mənzillər alıcıya təklif edilir. Daşınmaz əmlakları qeyri-adi edən isə onların xüsusi layihə əsasında tikilməsidir.

Bəs görəsən milyonluq əmlakların alıcısı varmı? Bu əmlakların qiyməti reallığı əks etdirirmi?

araz.az  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak üzrə ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu tip villaların alıcısı olmur, çünki qoyulan qiymətlə real qiymət arasında çox ciddi fərqlər var:

“Milyonlarla manat qiymət qoyularaq satışa çıxarılan villalar həmin şəxslərin öz zövqünə uyğun təmir olunmuş, bəzək işləri aparılmış mülklərdir. O baxımdan bu cür villaların satılması bir az real deyil. 10-15 milyona satışa qoyulan evlərin alınması məntiqli deyil. Əgər kimsə daşınmaz əmlaka sahib olmaq istəyirsə, bu zaman özü torpaq sahəsi əldə edir və tikinti işlərinə start verir. Çünki bu gün 20 milyon manata satışa qoyulan villanın real tikinti xərcləri maksimum 4-5 milyon manatdır, ondan artıq deyil.

Sadəcə kimsə öz zövqünə uyğun tikinti aparıb, müəyyən xərc çəkib və o qiymətə satışa çıxarır. Məsrəflərin çoxu da məqsədəuyğun deyil, insanların öz zövqü ilə bağlı olduğuna görə, ümumi tələbatı təmin etmir. Məsələn, elə insanlar var ki, yaşadıqları evin divarlarını svarovski daşlarla bəzəyirlər. Bu isə ümumi-kütləvi tələbat forması deyil. Ona görə, hesab edirəm ki, bu cür elanlar elanı verən şəxsin arzularını ifadə edir və reallığa malik deyil. Kimsə o pulu fərdi yaşayış evlərinə, villalara verəsi deyil. Bazarda bu tip elanların olması sadəcə bazarın daha çox ekzotik görüntüsünə xidmət edir, real alqı-satqı predmeti ola bilmirlər”.

Ekspertin sözlərinə görə, 10-20 milyonluq villaları almaq heç də əlverişli deyil. Bu cür əmlakı hətta banklar da girov kimi qəbul etmir:

“Eyni zamanda, bu qiymətə villaları almaq əlverişli də deyil. Kiminsə 20 milyon manata villanı alıb orada yaşaması, yaxud yayda istirahət məkanı kimi istifadə etməsi inandırıcı deyil. Amma qeyd edim ki, evini istədiyi qiymətə satışa çıxarmaq vətəndaşın hüququdur. Sadəcə real alqı-satqı faktlarında bu cür villaların alışının çox şahidi ola bilmirik. İnsanlar adətən, daha real qiymətə əmlaka sahib olmaq istəyirlər.

Əgər kimsə fövqəladə, bazarda satılanlardan fərqli bir şey əldə etmək istəyirsə, bu zaman özü tikməyə qərar verir. Belə adamlar sıfırdan, istədiyi kimi, öz zövqünə uyğun və daha ucuz malikanələr tikirlər.

Həmin villaya sabah bir qiymətləndirici getsə, əmin olun ki, onun dəyərini 20 milyon manat qiymətləndirməyəcək. Çünki qiymətləndirici bilir ki, bu cür əmlakın tikintisinə nə qədər məsrəf tələb olunur və onun bazarda dəyəri nədir.

Bir məsələ də var, sabah həmin əmlakı girov predmeti kimi banklara təklif etsəniz, bank da onu götürməyəcək. Çünki problem yarandıqda, bank həmin əmlakı satmaq üçün müştəri tapa bilməyəcək”. 

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.