APA “Qərbi Azərbaycan mahalları” adlı layihəsini davam etdirir. Layihənin məqsədi Qərbi Azərbaycan bölgəsinin tarixi, coğrafiyası, mədəniyyəti, abidələri, əhalisinin həyat tərzi və məişəti haqqında ətraflı məlumat təqdim etmək, oxuculara, xüsusən gənc nəslə tanıtmaqdır. Layihənin növbəti qonağı Dərələyəz mahalından olan, tədqiqatçı-yazar Nazir Əhmədlidir.
Qərbi Azərbaycanın ən böyük mahallarından biri olan Dərələyəz şərqdə Zəngəzur, qərbdə Vedibasar, şimalda Göyçə, cənubda Naxçıvan xanlığının Məvazixatun mahalları ilə həmsərhəd idi. Mahalın şərqdən qərbə uzunluğu 50 verst, şimaldan cənuba eni isə 40 verst, sahəsi təxminən 2 min kv. verst idi (keçmiş Rusiyada sahə vahidi olaraq işlədilən 1 kv. verstin 1,13 kv. km olduğunu nəzərə alsaq, bu rəqəm 2.260 kv. km edir).
“Dərələyəz” toponiminin “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığı ehtimal edilir. Dərələyəz mahalında Ələyəz adında kənd də var idi. Amma Dərələyəz toponiminin bu kəndin adından götürüldüyünü düşünmək səhv olardı. Dərələyəzdə ələyəz adında geniş yayılmış bir bitki də vardı ki, buranın sakinləri ondan ərzaq məhsulu kimi istifadə edirdilər. Qadınlar onu yazdan yığıb tədarük edir və qışa hazırlayır, bütün qışı ondan müxtəlif xörəklər hazırlayırdılar. Bu bitki xüsusən keçmiş dövrlərdə yerli sakinlərin məişətində ciddi yer tutub. Ona görə də “Dərələyəz” toponiminin “ələyəz bitkisinin bol olduğu dərə” anlamını verdiyini düşünmək ən məntiqə uyğun fikir sayılmalıdır.
Ermənilər bu ərazini “Vayotdzor” adlandırırdılar, bu sözü “vay” sözünə “dərə” mənasını verən “dzor” sözünü artırmaqla düzəltmişdilər, yəni “Vay dərəsi”.
Bu adın yaranmasını belə izah edirlər.
Tarixi qaynaqlara görə, karvan yollarının üstündə yerləşən və orta əsrlər üçün böyük rəqəm hesab olunan 10 min nəfər əhalisi olan Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ah-naləsi, vay-şivəni ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı “Vay dərəsi” kimi yaddaşlarda qalıb.
Moz şəhərinin xarabalıqları Məlikşah kəndi ilə Söylan qəsəbəsinin arasında, Arpaçayın sağ sahilində yerləşirdi, İrəvana gedən magistral yol buradan keçirdi.
Qərbi Azərbaycanın Vedibasar, Zəngibasar, Gərnibasar və Karpibasar mahallarının adları həmin mahallardan keçən Vedi, Zəngi, Gərni və Karpi çaylarının adından yaranmışdır, başqa sözlə adını daşıyan mahallar üçün həmin çaylar suvarma üçün əsas su mənbəyi olmaqla həyati əhəmiyyət daşıyırdı. Bu baxımdan, Dərələyəz mahalını Arpabasar da adlandırmaq olardı, çünki bütün mahaldan keçərək Araz çayına tökülən Arpaçay Dərələyəz mahalının əkinlərini, bağlarını qidalandıran əsas çay idi.
Bilək kəndinin yaxınlığında, Arpaçayın suvardığı gözəl vadidə, Sarıyer deyilən yerdə bir neçə bulaq birləşib Qırxbulaq çayını əmələ gətirmişdi. Bu çayın Arpaçaya tökülən yerində temperaturu 25 dərəcədən yüksək olan isti və turş suyu olan bulaqlar var idi. Burada Şah Abbas zamanına aid edilən daş vanna mövcud idi. Yerli əhali əsrlər boyu həmin suyun müalicəvi təsirindən müxtəlif xəstəliklərdən sağalmaq üçün istifadə edirdilər. Əyər kəndinin 4 verstliyində isə tərkibində dəmir birləşmələri olan başqa bir mineral su vardı.
Gümüşxana kəndinin yaxınlığındakı gümüş mədənindən hələ Rusiya işğalından xeyli əvvəl gümüş və qurğuşun çıxarılırdı. Aynazur kəndinin yaxınlığındakı silisium tərkibli mineraldan isə vaxtilə tüfəng üçün çaxmaqdaşı düzəldilirdi.
Uca dağları, dərin dərələri, mülayim iqlimi, dağ çayları, güllü-çiçəkli çəmənləri ilə göz oxşayan Dərələyəzi bütün Cənubi Qafqazı qarış-qarış gəzən milliyətcə fransız olan rus etnoqrafı İvan Şopen “Qafqazın İsveçrəsi” adlandırmışdı. Dərələyəz doğrudan da bu ada layiq idi. İvan Şopen keçmiş İrəvan və Naxçıvan xanlıqlarının əraziləri üzrə 1829-1832-ci illərdə tərtib edilmiş kameral təsvirlərin müəllifidir.
Dərələyəzdən keçən əsas karvan yolu Naxçıvandan da keçərək Qarabağ xanlığına gedirdi.
Dərələyəz mahalı qədim abidələrlə zəngin idi. Onların arasında isə ən məşhuru Səlimin karvansarası idi. Bu karvansara Dərələyəz mahalından Göyçə mahalına gedən yolda, Səlimin aşırımı deyilən yerdə tikilmişdi. Səlimin aşırımı Dərələyəz və Göyçə mahallarını bir-birindən ayırırdı.
Dərələyəzin siyasi tarixinə gəlincə, bu ərazi Göyçə və Zəngəzur mahalları ilə birlikdə orta əsrlərdə Azərbaycan Albaniyasının Sünik vilayətini təşkil edirdi. Dərələyəz mahalı əvvəlcə xilafətin, sonra səlcuqların, monqolların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların, 1828-ci ildən isə Rusiya imperiyasının tərkibində olmuşdur.
Dərələyəzin adına inzibati-ərazi vahidi kimi ilk dəfə Şərəf xan Bidlisinin “Şərəfnamə” əsərində (1596) rast gəlinir.
Şərəf xan yazır ki, Şah I Təhmasib (1524-1576) Xoy və Sökmənabad şəhərlərinin, eləcə də onların ətraf ərazilərinin idarəçiliyini dünbülü tayfasına vermişdi və onların hakimliyi atadan oğula keçirdi. Bu imtiyaz şah Təhmasibin oğlu Məhəmməd Xudabəndənin (1578-1587) dövründə də davam etmişdir. Dünbülü tayfasının əmiri Hacı bəyin vəfatından sonra Məhəmməd Xudabəndə onun oğlu Əli bəyi bu vəzifəyə təyin etdi. Süleyman-Saray mahalının və Abanay mahalının yarısını da onun idarəsinə verdi. Müəllif daha sonra yazır: “O (Əli bəy) həmin vilayətin əmiri olaraq, Şərurda bir neçə il yoxsulluq içərisində yaşadı. Çünki həmin vilayət iğtişaşlar nəticəsində süquta uğramış və boşalmışdı, heç bir gəlir vermirdi. Naxçıvana tabe olan Şərur və Dərəyi-Əlkisin vergilərindən müəyyən məbləğ alırdı və burada, Şərurda da öldü” (Ş.Bidlisi. “Şərəfnamə”, I c., M. 1967, səh. 362).
Dərələyəz Şərqi və Qərbi Dərələyəz olmaqla iki hissədən ibarət idi. Şərqi Arpaçayın aşağı axarı ətrafında yerləşən və hazırda Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna daxil olan Yaycı, Axura, Yuxarı və Aşağı Danzik, Havuş, Həmzə Əli Dizə, Dostəlibəy Dizə, Cağazur və başqa kəndləri, eləcə də hazırda Ermənistan Respublikasında qalan Xaçik, Aynazur və bəzi digər kəndlər Qərbi Dərələyəzə daxil idi. Xaçik və Aynazur kəndləri istisna olmaqla buranın əhalisi şiə müsəlmanlardan ibarət idi. Qərbi Dərələyəz Dərələyəz dağ silsiləsinin cənub ətəklərində yerləşirdi.
Arpaçayın yuxarı axarlarında yerləşən Şərqi Dərələyəzin ərazisində sovet hakimiyyəti illərində Əzizbəyov və Yeğeqnadzor rayonları təşkil edilmişdi. Buranın əhalisi qaraçorlu türkmənlərindən və 1828-ci ildə İrandan köçürülmüş ermənilərdən ibarət idi. İşğaldan qabaq Dərələyəz mahalında 1 001 yerli müsəlman, cəmi 58 erməni ailəsi yaşayırdı, işğaldan sonra isə buraya İrandan 507, Türkiyədən 8 erməni ailəsi köçürülmüş və Dərələyəz mahalı etnodemoqrafik dəyişikliyə məruz qalmışdı. Köçürülmələrə qədər bölgədəki ailələrin 94,2%-ni türklər, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürülmədən sonra erməni ailələrin sayı 25,8%-ə çatmışdı. 1897-ci ildə keçirilmiş I Ümumrusiya siyahıyaalmasının nəticələrinə görə Şərur-Dərələyəz qəzası əhalisinin 70,5%-ni Azərbaycan türkləri təşkil edirdi.
1870-ci ildə həyata keçirilən yeni inzibati-ərazi bölgüsünə görə Şərur və Dərələyəz nahiyələri birləşdirilərək Şərur-Dərələyəz qəzası yaradılıb, sovet hakimiyyəti dövründə qəzanın bir hissəsi-Şərqi Dərələyəz heç bir əsas olmadan Ermənistan Respublikasına verilib, Qərbi Dərələyəz isə əvvəlki Şərur nahiyəsi ilə birlikdə qanlı müharibələr və Azərbaycan türklərinin inadlı müqavimətindən sonra Naxçıvan Muxtar Respublikasının tərkibində qalıb.
Dərələyəz mahalı 1828-ci ildəki rus işğalına qədər Naxçıvan xanlığının, işğaldan sonra yaradılan Naxçıvan əyalətinin, 1870-ci ilə qədər isə Naxçıvan qəzasının tərkibində olub.
Dərələyəz mahalı 1918-ci ilin iyun ayında quldur Andranikin ordusu tərəfindən dəhşətli dağıntılarına məruz qalıb, xeyli insan həlak olub, sağ qalanlar isə qaçmaqla canlarını qurtara bilmişdilər. Sovet hakimiyyəti qurulduqdan sonra mahal əhalisinin xeyli hissəsi geriyə, vətənlərinə qayıtsalar da, onlar 1948-1951-ci illərdə Sovet hökumətinin qərarı ilə deportasiya edilərək Azərbaycanın Kür-Araz ovalığına köçürülüb, bu əhalinin yaşaması üçün uyğun olmayan isti iqlim səbəbindən bir hissəsi tələf olub. Vətənsevər dərələyəzlilərin əksəriyyəti Stalinin ölümündən (1953) sonra rejimin yumşalmasından istifadə edərək Dərələyəzə qayıtsalar da, 1988-ci ildə erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında yaratdıqları münaqişə nəticəsində digər Qərbi azərbaycanlılar kimi öz doğma yurdlarını birdəfəlik tərk etmək məcburiyyətində qalıblar.
Sovet hakimiyyəti illərində nəinki yerli türk əhali deportasiya və təqiblərə məruz qalıb, Dərələyəzin əksəriyyəti türk mənşəli olan toponimləri də dəyişdirilib və erməniləşdirilib, türklərə məxsus abidələri ya erməniləşdirilib, ya da yer üzündən silinib.
Sonuncu deportasiya nəticəsində Azərbaycanın əksər rayonlarına, hətta xarici ölkələrə dağılmış Dərələyəz mahalının əhalisi zəngin folklora və unikal etnoqrafiyaya malik olub, sonuncu deportasiya Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan Dərələyəz sakinlərinin mədəni irsinə də təəssüf ki, ağır zərbə vurub. /APA.AZ/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.