edliyyejpg 1583048135

Hər kəsə məlumdur ki, ədliyyə sisteminin Azərbaycan Respublikasının dövlətçilik tarixində özünəməxsus rolu olub və bu gün də, həmin rol öz əhəmiyyətini qoruyub, saxlamaqdadr. Qeyd edək ki, 28 may 1918-ci ildə Şərq aləmində ilk demokratik dövlət olan Demokratik Cümhuriyyətin yaranması səbəbindən, Azərbaycan ədliyyəsi öz tarixinin mühüm mərhələsinə qədəm qoyur. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu Cümhuriyyətin varlığı dövründə müstəqil respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının formalaşdırılmasına xüsusi əhəmiyyət verilir və bu sahədə mühüm nailiyyətlər də əldə olunur. Qeyd edək ki, dövlət müstəqilliyimizin bərpasından sonra məhkəmə-hüquq sisteminin formalaşması və inkişaf etdirilməsi, həmçinin Ədliyyə Nazirliyinə aid sturukturlarda dövrün tələblərinə uyğun bir çox islahatlar aparılması və bu qurumun təkmil struktura çevrilməsi və s. bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixdə imzaladığı Sərəncam əsasında, 2023-cü il “Heydər Əliyev İli” elan olundu və bu xəbər cəmiyyətin bütün təbəqələri tərəfindən razılıqla qarşılandı. Bəli, bu qərar dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadıl­ması və bərpa edilməsi sahəsində göstərdiyi mi­silsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə görə qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildi. Faktdır ki, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısın­dakı xidmətləri hər an, hər gün gözümü­zün önündədir və bugünkü Azərbaycanın reallıqları, məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Onu da bildirək ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması, bu dahi şəxsiyyətin fəaliyyətinin ay­rı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına və zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Digər tərəfdən, onu da bildirək ki, Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi, məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. 1993-cü ildən başlayaraq ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Ümummilli Liderimizin rəhbərliyi altında demokratik dəyərlərə uyğun yeni Konstitusiya qəbul olunur. Bu Konstitusiya əsasında Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulur və hüquq islahatların aparılmasına başlanılır. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərilir və ildənilə Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənir, cəmiyyət həyatında rolu artır, bu dövlət qurumunun fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması üçün zəruri tədbirlər də görülür.

O da hər kəsə aydındır ki, Ədliyyə Nazirliyinin yenidən formalaşması görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri, mərhum prezidentimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasında SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunur və bununla bu sahədə yeni bir mərhələnin başlanğıcı qoyulur. Beləliklə, Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarında təşkilati rəhbərliyi həyata keçirir, əhaliyə hüquqi yardımları yaxşılaşdırır, notariat fəaliyyətin və məhkəmə ekspertizalarının aparılmasını təmin edir və bunun nəticəsi o olur ki, ədliyyə işi tədricən təkmilləşir və bu sahənin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradılır. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən və Ulu Öndər Heydər Əliyev təkrar ölkə rəhbərliyinə qayıtdıqdan sonra, ədliyyə orqanları işinin müasir tələblər səviyyəsinə cavab verməsi üçün əsaslı tədbirlər həyata keçirilir. Yəni, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artırılır və səlahiyyət dairəsi də genişləndirilir. Ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədilə, onların peşə bayramı gününün müəyyən edilməsinə də xüsusi təşəbbüs göstərilir və 22 noyabr 1918-ci il tarixdə Ədliyyə Nazirliyinə məxsus Əsasnaməsinin təsdiq edildiyi günün, ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi məqsədilə dövlət başçısına müraciət olunur. Belə bir müraciətdən sonra, mərhum prezidentimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı əsasında, 22 noyabr günü ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Başqa bir faktı da qeyd edək ki, 1969-1987-ci illər Azərbaycanın bütün sahələrində, o cümlədən ədliyyə-hüquq sahəsində də lazımi nailiyyətlər əldə olunur. Hətta, bir sıra mühüm qanunlar və məcəllələr qəbul olunur, kadr hazırlığı sahəsində müəyyən işlər görülür, hüquq ədəbiyyatlarının nəşri və əhali arasında təbliği yüksək səviyyədə təşkil edilir, çoxsaylı ixtisaslı kadrlar ordusu yetişdirilir. Bir sözlə, Azərbaycanın yüzlərlə istedadlı gəncləri hüquq sahəsində təhsil almaq üçün SSRİ-nin ən yaxşı hüquq təhsili verən tədris ocaqlarına göndərilir.

Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rola malik olduğunu dəfələrlə qeyd etmiş və bu sahənin təkmilləşdirilməsinə xidmət edən çoxsaylı islahatlar da həyata keçirilmişdir. Düzdür, 1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş və bu qurum məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş və dəfələrlə də ləğv olunmuşdur. Nazirliyin səmərəli dövlət strukturu olaraq təşəkkül tapması, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə, ədliyyə sistemində də, intibah dövrü başlamış və Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş və onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər də qəbul olunmuşdur. Təsadüfi deyil ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti, bu gün də, Ədliyyə Tarixi Muzeyində qiymətli eksponat kimi saxlanmaqdadır. Ulu Öndər məhkəmə-ədliyyə sahəsində inkişaf etmiş mütərəqqi ölkələrin məhkəmə-hüquq təcrübəsinin öyrənilməsi və cəmiyyətimiz üçün məqbul hesab olunan qanun və hüquq normalarının Azərbaycanda da tətbiq olunması məsələsinə xüsusi diqqət yetirir.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasında ədliyyə strukturu lazımi səviyyədə təkmilləşmişdir. Hal-hazırda açıq-aşkar şəkildə etiraf edə bilərik ki, bu gün ölkəmizin ədliyyə strukturu əksəriyyətin güvənc mənbəyinə çevrilib və bugünədək həyata keçirilən islahatlar, qəbul olunan qanunlar və s. Ədliyyə Nazirliyində və onun tabeli qurumlarında ümumi vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur ki, bu gün hər şey göz önündədir.

Suella ŞƏRİFZADƏ,
Səbail Rayon Qeydiyyat Şöbəsinin rəisi.

araz.az xəbər portalı.