Əmanətlərin Sığortalanması Fondunun sözçüsü: “Bu, brifinq deyil ki, blogerlər gəlib dövlət qurumunda hansısa bir video çəksinlər və ya öz ağılları kəsən nəsə bir şey etsinlər”

Fevralın 16-da Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında ləğv edilməkdə olan “AG Bank”ın Kreditorlar Komitəsinin keçirilməli olan iclası baş tutmayıb.

araz.az  xəbər verir ki, bubarədə məlumatı komitənin sədri, hüquqşünas Əkrəm Həsənov Abzas Media-ya verib. Həsənov bildirib ki, iclasın keçirilməsinə Əmanətlərin Sığortalanması Fondu mane olub:

“Bu gün iclas təyin etmişdik, digər banklarda pulu qalanları da, mətbuatı da dəvət etmişdik ki, ölkə rəhbərliyinə müraciət qəbul edək. Fondun qabağına gəlmişdik, polisi tökmüşdülər ora. Dedilər ki, mətbuatı buraxmayacağıq, sizin iclasa özümüz nəzarət edəcəyik. Mən də dedim ki, sizin bizə nəzarət etmək səlahiyyətiniz yoxdur. Bizim iclas keçirməyimizə bu yolla mane oldular” –   Ə. Həsənov deyib.

Hüquqşünas bildirir ki, ƏSF bu prosesi şəffaf aparmır.

Onun sözlərinə görə, dəfələrlə müraciət etsələr də, işlə bağlı sənədlər onlara təqdim edilmir:

“Mən “AG Bank”ın Kreditorlar Komitəsinin sədriyəm. Əmanətlərin Sığortalanması Fondu bu bankın da ləğvi ilə məşğuldur. Bu bankda xeyli şəxsin və şirkətin pulu qalıb. Ləğv prosesi zamanı fond həmin o bankın daşınan və daşınmaz əmlakını satıb pula çevirməlidir, bankın əvvəllər verdiyi kreditlərin qaytarılması prosesini həyata keçirməlidir, sonra da əldə olunan pulları o bankda pulu olan şəxslər arasında bölməlidir. Daha sonra bu görülən işlərin nə qədər xərci olacaqsa, götürməlidir. Fond da bütün bu prosesləri şəffaf idarə etməlidir. Biz deyirik ki, məlumat verin, vermirlər”– deyə o bildirib.

Hüquqşünas deyir ki, bankın ləğv prosesinə Bakı Apelyasiya Məhkəməsi nəzarət edir.

Onun sözlərinə görə, məhkəməyə müraciət edib sənədləri istəsələr də, ƏSF buna da mane olub.

“Bizdə məlumat var ki, o bankların əmlakını satanda ucuz qiymətə rəsmiləşdirirlər, ancaq əslində çox alıb ciblərinə qoyurlar. Mən bunu Tural Piriyevə (ƏSF-nin icraçı direktoru)  şəxsən demişəm, deyir, belə şey yoxdu. Deyirəm ki, belə şey yoxdursa, şəffaf olun. Bizdə məlumat var ki, o banklara borcu olan şəxslərin pullarını bağışlayırlar. Deyirik ki, bizim məlumatımız, icazəmiz olmadan niyə belə şey edirsiniz? Deyirlər ki, belə bir şey yoxdur. Deyirəm ki, yoxdursa, şəffaf olun. Soruşuram ki, bəs niyə filankəslərin borcları var, tələb etmirsiniz? Deyirlər ki, sizə məlumat verə bilmərik” – deyə Əkrəm Həsənov bildirib.

Əmanətlərin Sığortalanması Fondu isə iddiaları təkzib edir. Fondun ümumi işlər departamentinin direktor müavini Emil Bayramov Abzas Media-ya bildirib ki, komitə iclasının keçirilməsi üçün Əkrəm Həsənova şərait yaradılıb:

“Sadəcə blogerləri toplayıb özü ilə fonda gətirməsinə icazə verilmədi. Bu tədbir fondun kreditorlar komitəsinin üzvlərinə açıq tədbir idi, brifinq və ya digər bir tədbir deyil ki, blogerlər gəlib dövlət qurumunda hansısa bir video çəksin və ya öz ağılları kəsən nəsə bir şey etsinlər” – deyə E. Bayramov bildirib.
E. Bayramov əraziyə polislərin cəlb edilməsini də təkzib edib.

Qeyd edək ki, “AG Bank”ın ləğv prosesi 3 ildir davam edir.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.