Fevralın 16-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər ürə Komissiyasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan komissiya sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Toplantıda müxtəlif vətəndaş qrupları tərəfindən ünvanlanmış 9 şikayət nəzərdən keçirilib. Bunlarla əlaqədar Şuranın Katibliyi tərəfindən araz.az-a verilmiş məlumatda bildirilir ki, həmin şikayətlərdən 8-nə dair müvafiq tədbirlər görülüb. Bunlardan 5-i ilə bağlı şikayətçi tərəfə aidiyyatı qurumlara müraciət ünvanlamaq tövsiyə edilib. 3 şikayət üzrə isə, tərəflər arasında anlaşmanın əldə edilməsi təmin olunub. Komissiya verilmiş məlumatı məqbul qiymətləndirib.
Məlumata görə, Şikayətlər üzrə Komissiya konkret olaraq şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun Axar.az saytı ilə bağlı şikayətini araşdırıb. Həm şikayətçi tərəfin, həm də Axar.az-ın bu məsələ ilə əlaqədar məktubları nəzərdən keçirilib. Komissiya üzvləri müəyyənləşdiriblər ki, yazıda S. Aruza münasibətdə səslənmiş iddia və ittihamların əsaslandırılması konkret faktlarla müşahidə edilmir. İddia və ittihamların doğruluğuna gəldikdə, sayt cavab məktubunda bunu sübuta yetirmək üçün faktlarının olduğunu açıqlayıb. Həmin faktların doğruluğunu yoxlamaq isə, Şuranın səlahiyyətində deyil.
Komissiya üzvləri müzakirələrdən sonra belə qərara gəliblər ki, Axar.az saytının S. Aruza, yazıda səslənmiş fikirlərlə bağlı cavab vermək haqqını tanıması, yaranmış problemin aradan qaldırılması üçün, ən optimal variantdır.
Məlumatda o da bildirilir ki, Komissiya üzvləri, eyni zamanda, müxtəlif şikayətlərin müzakirəsi zamanı bəzi media subyektlərində bir şəxsi aşkar şəkildə hədəfə alma meyillərinin mövcudluğunu və onların jurnalist peşəkarlığına zidd forma və metodlar, tənqid hədəfinə münasibətdə aşağılayıcı elementlərlə nəzərə çarpdığını müəyyənləşdiriblər. Onlar media müstəvisindəki bu sayaq sui-istifadələrə qarşı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Çünki belə təmayüllər media müstəvisindən tam kənardır. Bu önəmli məsələnin Mətbuat Şurasının İdarə Heyətinin iclasında müzakirəyə çıxarılması məqbul qiymətləndirilib.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.