Yenidən öz müstəqilliyinə qovuşmaq istəyi ilə, müsibət, əzab-əziyyət dolu çətin bir yola kövrək qədəmlər basan respublikamız üçün taleyüklü məsələlərin həll olunduğu gərgin bir dönəmdə – ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində Azərbaycan Milli Azadlıq Hərəkatının ünlü isimlərindən olan Nəsir bəy Ağayevin qurucusu və ilk rəhbəri olduğu “Bakı və Kəndlər Birliyi” azadlığımıza və suverenliyimizə əvəzolunmaz töhfələr verdi. Bu qurumun o vaxtkı ictimai-siyasi həyatımızda oynadığı mühüm rol, onda, doğma Vətənin azadlığı naminə meydanlarda başlayan ölüm-dirim savaşına şahidlik edənlərə belə yaxşı məlumdur. Bir də ki, gərginliyi ilə yaddaşlara həkk olunmuş həmin tarixi proseslərdə kimin nəyə qadir olduğu barədə çox deyilib, çox yazılıb da…
…Təəssüflər olsun ki, bundan sonrakı dövrlərdə daha çox öz şəxsi maraqlarını güdən qeyri-konstruktiv qüvvələrin bu təşkilatın sıralarına soxulması, onun ictimaiyyət arasında ən yüksəkdə duran ölçüyəgəlməz nüfuzuna “kölgələr saldı”. Elə, bununla əlaqədar və bir də, səhhətində yaranmış ciddi problemlər ucbatından, Nəsir bəy Ağayev “Bakı və Kəndlər Birliyi”nin sədrliyindən istefa verdi. O vaxtdan indiyədək bunlar, eləcə də özlərinə daim doğma bildikləri inqilab dönəminin ən fəalı olmuş təşkilatlarının illərdi kölgədə qalması, yarandığı gündən bu Birlik sıralarında azadlıq fədaisi ilə çiyin-çiyinə bir məqsəd, bir amal uğrunda yorulmaz mübarizə aparmış onun silahdaşlarını da olduqca narahat edib. “Bakı və Kəndlər Birliyi”nin çoxdan aktiv siyasi fəaliyyətə qoşulmasının zəruriliyini hər yerdə, hər görüşdə dönə-dönə vurğulayıblar. Bu narahatlıqlar ailə mənafeyindən daha çox milli dövləti, xalqı, ölkənin müstəqilliyini düşünən, bütün bunlar naminə şəxsi rahatlıq və sağlamlıqlarının belə qeydinə qalmayan bu fədakar insanları, başda Nəsir Ağayev olmaqla, bu günlərdə yenidən bir araya gətirib. Daha doğrusu, milli dövlətin taleyi ilə maraqlanmağa, bu barədə danışmağa daha çox mənəvi haqqı çatan bu insanlar, “Bakı və Kəndlər Birliyi”ni yeni nəfəslə yeni həyata qaytarmaq üçün 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıb, daha çox azadlıq fədaisi kimi tanıdığımız Nəsir bəyi bu Komitədə də özlərinə rəhbər seçiblər. BKB-nin problemləri müzakirə olunduqdan sonra, Təşkilat Komitəsi Nəsir bəyin imzası ilə, “Bakı və Kəndlər Birliyi”nin bu gününün ürək göynədən ağır durumunu yaradan səbəblər və bundan çıxış yolları ilə əlaqədar Bəyanat da verib. İctimai sferaya, ölkə mətbuatına və əlaqədar dövlət qurumlarına ünvanlanan həmin Bəyanat araz.az saytının redaksiyasına da göndərilib.
Bu təşkilatın içtimai-siyasi mühitdəki uğurlu keçmiş fəaliyyətini Bəyanatlarında önə çəkən müəlliflər daha sonra qeyd ediblər ki, BKB-ni aktiv fəaliyyətə qaytarmağın zərurəti, yalnız indiki deyil, çoxdankı reallıqlardan yaranıb: “Lakin indiyədək buna şərait olmayıb, daha doğrusu, bu istəyimizi reallaşdırmaq üçün bizə imkan verilməyib. Sıralarına soxulan arzuedilməz şəxslər, Birliyimizin aktiv ictimai-siyasi fəaliyyətinə belə daim kölgə salmağa çalışıblar. Hələ, 1994-cü ildə – qurucusu və ilk rəhbəri xəstə olanda – BKB-nin möhür, ştamp və sənədlərini ələ keçirən bu şəxslərin məqsəd və məramlarının iyrənc olduğu tez bir zamanda ortaya çıxıb. Bundan sonra, bizə də imkan vermədilər ki, təşkilatın keçmiş nüfuzunu özünə qaytaraq. Bu xoşagəlməzliklər ucbatından, bizi və bizə dəstək verənləri uzun zamandır “Bakı və Kəndlər Birliyi”nin üzləşdiyi bu acınacaqlı durum yandırıb-yaxır. O vaxtdan, böyük inam bəslədikləri bu Birliyin sıralarına qoşulan, Milli Azadlıq Hərəkatında əqidəcə saf və əzmkar mövqelərinə görə fərqlənən bu mübariz insanlar keçmişə yox, gələcəyə baxmağı əsas sayaraq, bundan sonra da demokratiya uğrunda mübarizədə bizimlə birgə olacaqlarını dönə-dönə bizə çatdırıblar. Onu da nəzərinizə çatdıraq ki, içtimai-siyasi sferada oğurluq, ən xoşagəlməz tendensiya, iyrənc bir əməldir. Buna görə də, təşkilatımızı bu iyrəncliklərdən təmizləmək üçün, siyasi oğrularla da ciddi mübarizə aparıb, onların qanun qarşısında cəzalanmalarını tələb edəcək, oğurlanan təşkilat əmlakını, sənədləri tezliklə geri qaytarmağa çalışacağıq. Bu, bizim əsas və qəti tələbimiz olacaq.
İndi isə, hamımız bu təşkilatın sıralarını gücləndirmək üçün çalışırıq. Sıralarımızda möhkəmlənən hər kəs yaxşı bilir ki, ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin fəal iştirakçısına çevrilmək, həm də xoş gələcəyimizə təminat vermək deməkdir. Dünyada, regionda, eləcə də ölkəmizdə gedən proseslərin siyasi durumda yaratdığı gərginlik tələb edir ki, Azərbaycan dövlətinin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi naminə hər bir təşkilat ictimai-siyasi arenadakı bütün umu-küsüləri kənara atıb, birgə aktiv fəaliyyətə keçsinlər. Bu, həm də mövcud reallıqdan doğan zərurətdir. Bir sözlə, bəşəriyyətin üzləşdiyi bu siyasi gərginlik mühitinin belə həssas məqamında, milli mənafe dəyərli ictimai-siyasi fəaliyyətdən kənarda qalmaq da yolverilməzdir.
Onu da nəzərinizə çatdırırıq ki, BKB yeni ruhlu fəaliyyətini bu məqsədə, bu amala kökləyəcək. Onun aktiv fəaliyyətə keçməsini çoxdan istəyənlər, ictimai-siyasi mühitdəki mövcud reallıqdan doğan narahatlıq sindromu ilə üz-üzə qalanlar da, bu yanğının təşnəsidirlər. Azərbaycanın başına gətirilənlər, Vətənini sevən kimi yandırıb, yaxmaz ki?!”.
Bəyanat müəllifləri sonra qeyd ediblər ki, onlar açıq-aydın ona da şahidlik edirlər ki, Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, beynəlxalq aləmdəki siyasi nüfuzu artdıqca ölkəmizə olan basqılar daha da güclənir. Dünya siyasətindəki ikili standartlar, torpaqlarımızın işğalı, cəmiyyətimizdəki radikal ünsürlərin aktivləşməsi belə heç təsadüfi olmayıb: “Azərbaycanın düşmənləri tərəfindən süni şəkildə yaradılan və onların özlərinin böyük siyasətlərinin tərkib hissəsinə çevirdikləri bu qanqaraçılıqları hələ çox davam edəcək. Biz, bütün bunlara görə, çox narahatıq. Bu səbəbdən, ictimai-siyasi fəaliyyətdən kənarda qalmaq da istəmirik. BKB-siz qaldığımız ötən illər ərzində Azərbaycanda gedən bütün proseslərə dəfələrlə öz obyektiv münasibətlərimizi bildirsək də, bunun elə bir faydası olmayıb. Çünki dünyada və regionda gedən hadisələrin təhlili və Azərbaycandakı hazırkı ictimai-siyasi durum da tələb edir ki, hər bir Azərbaycan vətəndaşı nüfuzlu bir təşkilat sırasında ölkənin inkişafı, çiçəklənməsi naminə aktiv fəaliyyətə keçsin. Bizim, son anda, heç bir maneəyə, süni əngəllərə baxmayaraq, BKB-ni aktiv fəaliyyətə qaytarmaq qərarımız da, məhz bununla bağlıdır. Vaxtilə BKB-nin sıralarında birləşən, konstruktiv mövqedə olan və onun ilk sədrinə inanan bütün insanları da buna çağırır, təşkilatın keçmiş nüfuzunu tezliklə özünə qaytarmağı qarşımıza əsas vəzifə kimi qoyuruq. Vaxtilə böyük inam bəslənilən bu təşkilatın rəhbərliyində təmsil olunan əqidəcə saf və əzmkar siyasət adamlarını da, bir daha, öz sıralarımıza səsləyirik. Axı, məhz bu xüsusiyyətlərinə və Milli Azadlıq Hərəkatında tutduqları saf mövqelərinə görə fərqlənən həmin BKB-çilərdən, doğrudan da, çox şey gözləyirik. Artıq bu mübariz insanların çoxu keçmişə yox, gələcəyə baxmağı əsas sayaraq, bundan sonra da demokratiya uğrunda mübarizədə bizimlə birgə olacaqlarını, bəyanat olaraq, dönə-dönə səsləndiriblər. İndi hamımız bu təşkilatın sıralarını gücləndirmək üçün çalışırıq”.
Ölkədə baş verən ictimai-siyasi hadisələrin fəal iştirakçısına çevrilməyi, həm də xoş gələcəyimizə təminat kimi dönə-dönə qələmə verən Bəyanat müəllifləri, bir daha vurğulayıblar ki, bəşəriyyətin üzləşdiyi bu siyasi gərginlik mühitinin həssas məqamında, milli mənafe dəyərli ictimai-siyasi fəaliyyətdən kənarda qalmaq yolverilməzdir.
Adından göründüyü kimi, Bakının və Bakıətrafı kəndlərin dirçəlişini təşkilatlarının əsas məramı kimi önə çəkən müəlliflər, öz Bəyanatlarının sonunda ölkənin pul və zorun haqdan önə keçməsi kimi gərgin bir dönəm yaşamasına, daha dəqiq desək, haqqın önə keçmək zamanı gəldiyinə də əsas diqqət yönəldiblər. Bildiriblər ki, indi, ölkəmizdəki demokratik məramlı qurumların hamısının bir olmaları vacib, elə, bunun uğrunda birgə mübarizəyə qoşulmaları gərəkdir: “Bizcə, BKB aktiv fəaliyyətdən kənarda qalmasaydı, çoxdan bu amala xidmət edərdi. Təəssüf ki, təşkilatın acınacaqlı durumunda bu uzun zaman mümkün olmadı. Elə, bu səbəbdən, “Bakı və Kəndlər Birliyi”ni yeni nəfəslə bu mübarizəyə qoşuruq. Biz, həm də ona görə aktiv olmaq istəyirik ki, indi Azərbaycanın bütün regionları, eləcə də doğulub, boya-başa çatdığımız bu gözəl yerlər bütün sahələrdə gözləmədiyimiz utancverici müsibətlərlə üz-üzədir. Keçmişi çoх qədimlərdən qaynaq alan Abşeron yarımadasının yaşayış məntəqələri, eləcə də onun torpaq fondu, ictimai-siyasi həyatı, tarixi, tarixi abidə və qoruqları, mədəniyyəti… amansız təcavüzlər girdabındadır. Min illər ərzində burada dünyanın mədəniyyət хəzinəsinə daхil olan zəngin mədəni irs yaradılsa da, az qala ki, indi ondan əsər-əlamət qalmasın. Halbuki, bu yerlər tariхlərə imza atıb və bu heç kəsə sirr deyil. Lakin amansız torpaq hərisləri bu vacib amillərə belə məhəl qoymurlar. İndi onu deməyi vacib bilirəm ki, biz bu qədim yerlərin ulularımızdan bizə miras qalan möhtəşəm tarixi incilərinin, ələlxüsus, hər cür ecazkar mənzərəyə malik Bakının və Bakıətrafı yaşayış məkanlarının əsrarəngiz gözəlliklərini özlərinə qaytarmaq üçün ayaq üstəyik. Bu gün heç kimə sirr deyil ki, ölkəmizdə korrupsiya, inhisarçılıq tüğyan edir. Biz, yenə də, bu neqativ hallara qarşı mübarizəyə diqqət çəkməyi əsas vəzifəmizə çevirəcəyik. İnhisarçılığın daxili istehsala və xalqın rifah halının yaxşılaşmasına zəncirvari müsibətlər gətirdiyini ictimaiyyətin nəzər-diqqətinə çatdıracağıq. İctimai-siyasi fəaliyyətimizdə Bakı kəndlərinin torpaq fondlarının talan edildiyinə, Xəzər dənizindən istifadə üçün problemlər yaradıldığına, dəniz sahillərinin landşaftının dağıdılmasına da xüsusi önəm verəcəyik. Yaxşı bilirik ki, doğma yurdu bu biabırçı bəlalardan ancaq köklü islahatlar xilas edə bilər. BKB-nin, bu səbəblərdən, daha aktiv mübarizəyə qöşulmasını çoxdan gözlənilən addım kimi dəyərləndiririk: İndi ölkəni iqtisadi, siyasi, mənəvi və demoqrafik fəlakətlərdən xilas etmək ssenarisinə malik saf əqidəli çoxlu sayda siyasi təşkilatların olması zərurətdir.
Biz, aktiv fəaliyyətinə yenidən təkan verdiyimiz BKB adından daim ölkəmizin inkişafı və müstəqilliyimizin daha da dərinləşməsi uğrunda mübarizə aparacaq, bütün bunlar naminə fəaliyyətimizi günü-gündən genişləndirəcəyik. Azərbaycan cəmiyyətində cərəyan edən neqativ proseslərə, biganəliyə, ictimai nəzarətsizliyə, uzun illər yüksək vəzifələrdə oturaraq oliqarxlaşan, xalqın etimadından şəxsi məqsədləri üçün sui-istifadə edən, rüşvət və korrupsiya bataqlığında boğulan bir çox vəzifə və səlahiyyət sahiblərinin xoşagəlməz əməllərinə qarşı barışmaz mövqe nümayiş etdirməyi də, qarşımıza əsas məqsəd kimi qoyacağıq. Belə bir çətin durumda nəinki ölkəmizin və dövlətçiliyimizin inkişafı naminə mübarizəyə qoşulmaq, həm də bu mübarizənin ön sıralarında olmaq gərəkdir. Bu, həm də hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır!”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri
araz.az xəbər portalı.