uz-rus-ermeni-.jpg

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgərlərinin Panik kəndində havaya atəş açması ilə Moskva-İrəvan arasında şimşək çaxdı və Paşinyanın inqilabla hakimiyyətə gəlişinə qədər rusların “arxa bağçası” olan Ermənistan “böyük qardaş”ına düşmən kəsildi.

Publika.az xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyanın “ölkəmizdəki rus sərhədçilərinin sərhədi qoruması razılaşmasına yenidən baxa bilərik” açıqlaması ilə əslində İrəvan Moskvaya inqilabdan sonra gizlətdiyi dişlərini göstərdi.

Baş nazir Nikol Paşinyanın Panik kəndində baş verənləri Ermənistanın müstəqilliyinə qarşı təxribat olduğu haqda tələsik bəyanatı da təsadüfi deyildi. Sanki ssenari əvvəldən hazırlanmışdı və burada iddia etməyə fürsət var ki, “rəngli inqilab”la rusları Ermənistandan çıxarmağın başlanğıcını qoyan ABŞ (yaxud planın müəllifi olan Qərbdəki güclər) Panik kəndində baş verənlərin də müəllifidir. Lakin əsas sual belədir ki, “rus hərbiçiləri İrəvandakı Qərb hakimiyyətinin, dolayısı ilə Amerikanın əlinə niyə oynadı?”.

Burada üç ehtimal var: birincisi, Rusiya Paşinyanın Brüssel səfərindən sonra ermənilərin ölkəsində kimin hakim olduğunu göstərmək üçün hərbiçilərinə belə bir göstəriş verib, hərçənd, İrəvana rus hərbiçilərini ölkəsindən çıxarmağa əsas yaratdığı üçün plan “əlində partladı”; ikincisi, rus əsgərlər sadəcə “əylənmək istəyiblər” və proseslər gözlənilməz formada inkişaf edib; üçüncüsü, Rusiyada erməni lobbisi Qərbdəki lobbi ilə birləşərək, Putinin iradəsindən kənar ruslar üçün xoşagəlməz ssenarini həyata keçiriblər;

Proseslərin alt qatında baş verənlər müəmmalı olaraq qalır, nəticə isə Paşinyan hakimiyyətinin xeyrinədir. İrəvan erməni ictimaiyyətində rusofobiyanın dozasını daha da qaldıraraq, rus ordusunu Ermənistandan çıxarmağı planlaşdırır.

Gürcüstanın “kavkazplus” saytı isə İrəvan-Moskva xəttində baş verənləri Rusiya-Ermənistan müharibəsinin birinci atəşi adlandırıb.

Sayt yazır ki, Ermənistanda ABŞ inqilabından sonra İrəvan de-fakto Rusiyanın düşməninə çevrildi: “Ermənistan hakimiyyətində hər kəs istisnasız olaraq rusofoblardır. Çox az olan sağlamdüşüncəli şəxslərin ictimaiyyətə çıxışı bağlanıb, heç bir media onların fikirlərini dərc etmir. Çünki belə şəxslər Rusiya ilə dostluğun vacibliyindən danışır və Azərbaycan və Türkiyə ilə barışmağı təklif edirlər. Hələ ki İrəvandakılar Qərbdəki sahiblərinin göstərişi ilə sakit davranır və Ermənistandakı ruspərəstləri təmizləyirlər. Lakin düşmənçilik başlayırsa, istər-istəməz güllələr açılacaq. Gümrüdəki rus hərbiçilərinin Panik kəndində havaya güllə atması ilk atəşin açılması idi. Rus hərbiçiləri kəndin yaxınlığındakı poliqonda hərbi təlimlər keçirirdi, bu haqda əvvəlcədən məlumat verilmişdi, lakin maraqlıdır ki, yerli hakimiyyət əhalini xəbərdarlıq etmədi. Güman ki, yuxarıdan əhaliyə xəbərdarlıq etməməklə bağlı göstəriş verilib. Göründüyü kimi, bu, Ermənistanda Rusiyaya qarşı böyük hücumun başlanğıcıdır”.

Proseslərin sonrakı inkişafını proqnozlaşdırmaq asan deyil, lakin bu artıq məlumdur ki, Ermənistan ruslar üçün daha əvvəlki kimi olmayacaq və o da məlumdur ki, Paşinyan hakimiyyəti rus ordusunu çıxarmaq üçün əlindən gələni edəcək. Kremlin buna qarşı nələr edəcəyi maraqlıdır. Hər halda ruslar Gürcüstanda itirdiklərini bir daha yaşamaq istəmirlər.

 

araz.az xəbər portalı.