Elman-Rustemov.jpg

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilir ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən icra edib. Tədbirlər planı tam hazır edilmədiyindən Maliyyə Sabitliyi Şurası ötən il bu sənədi təsdiq edə bilməyib.

Hesabatda bildirilir ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır. Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətləri müəyyənləşdirilməlidir. 2020-ci ildən isə Mərkəzi Bank tam üzən məzənnəyə keçidi təmin etməlidir.

Qeyd olunur ki, Mərkəzi Bank “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə nəzərdə tutulan tədbirləri 69 faiz icra edib.

Tanınmış iqtisadçı Natiq Cəfərli isə “Reytinq”ə deyib ki, istər Mərkəzi Bankın, istərsə də digər qurumların üzən məzənnə ilə bağlı səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, Azərbaycanda bank-maliyyə sektoru da, pul siyasəti də, məzənnə də inzibati qaydada formalaşır və hər hansı üzən məzənnə yoxdur:

“Düz, 3 ildir Mərkəzi Bankla vuruşuram, faktlarla sübut edirəm ki, bizdə üzən məzənnə yoxdur, ola da bilməz.

Mərkəzi Bank bildirir ki, 2020-ci ildə üzən məzənnə rejiminə keçəcəklər. Nəhayət etiraf etdilər ki, bizdə üzən-müzən məzənnə yoxdur, sırf inzibati, əmrlə təyin olunan məzənnə rejimidir. İndiki sistemdə 2020-ci ildə də üzən məzənnəyə keçid mümkün deyil. Elman Rüstəmova bunu ya öz dilində, ya da hamının başa düşəcəyi sadə dildə canlı debatda sübut edə bilərəm”.

N. Cəfərlinin sözlərinə görə, 2015-ci ildə Mərkəzi Bank elan etmişdi və hər il israrla hesabat açıqlayırdı ki, Azərbaycanda tam üzən məzənnə rejimi oturuşub, yəni tam üzən məzənnə rejiminə keçid baş tutub:

“Çox qəribədir, indi məlumat yayılır ki, hələ 2020-ci ildən sonra oturuşmuş üzən məzənnə rejiminə keçid baş verəcək. Bu, artıq suallar doğurur: Mərkəzi Bank 2015-ci ildən bəri ictimaiyyətə doğru məlumat verməyib, biz ekspertlər isə üzən məzənnə rejiminin olmadığını deyəndə, bunu təkzib edirdirlər. Amma indi 2020-ci ildən sonra üzən məzənnəyə keçidlə bağlı açıqlamalar verilir”.

Ekspert nəzərə çatdırıb ki, üzən məzənnə rejimi üçün institutsional dəyişikliklər, bazar oyunçularının sayının çoxluğu lazımdır. Onun qənaətincə, Azərbaycanda valyuta satan bir oyunçu var – Neft Fondu. O da Mərkəzi Bank vasitəsilə həftədə iki dəfə formal hərrəclarda valyuta satır: “Alıcılar da bəllidir, 29-30 bank var ki, hər dəfə hamısı iştirak edir, o valyutanı alır. Öncədən hərracda da valyutanın həcmi bəlli olur. Yəni alıcıların sayı da, həcmi də bəllidir. Belə məzənnə rejimi olmur. Yəni bunun üçün valyuta alan, satan minlərlə oyunçular lazımdır. Məsələn, Rusiyada rubl çoxdandır üzən məzənnə rejimindədir və gün ərzində 11 mindən çox iqtisadi oyunçu valyuta alqı-satqısında onlayn qaydada iştirak edir və rublun məzənnəsi saniyə ərzində tələb və təklif qanunlara və yaxud da iqtisadi siyasi konyukturaya uyğun olaraq dəyişir – ya artır, ya azalır.

Türk lirəsi də eyni qaydadadır. Bu, gözümüzün qarşısında olur. Türkiyə iqtisadiyyatı ilə bağlı internet saytlarında bunu izləmək olur. Türk lirəsi də onlayın rejimdə ya bahalaşır, ya da ucuzlaşır. Yəni üzən məzənnə rejimi üçün oyunçu sayının çoxluğu və onlayın formaların olması çox vacibdir. Türkiyədə 50 minə yaxın iqtisadi oyunçu gün ərzində valyuta əməliyyatlarında iştirakçı olur.

Azərbaycanda isə valyuta satan bir oyunçu, alan 29-30 bank var. Belə bir sistemdə üzən məzənnə rejiminə nəinki 2020-ci ildə, hətta 2100-ci ildə keçmək mümkün deyil. Sistem dəyişiklikləri olmasa, oyunçuların sayı artmasa, iqtisadiyyatda liberallaşma, bazar iqtisadiyyatı qaydaları, valyuta birjasının oturuşması, onlayın qaydada alış-verişin təşkili – bu platformalar olmasa, üzən məzənnə rejiminə keçid 2020-ci ildə də mümkün olmayacaq”.

N. Cəfərli qeyd edib ki, üzən məzənnəyə keçid üçün liberal bazar iqtisadiyyatı, qiymətli kağızlar bazarı və onlayn qaydada valyuta birjası olmalı, intenet üzərindən platformlar yaradılmalı və bazar oyunçularının sayı artırılmalıdır. “Yəni valyuta əməliyyatlarını, alqı-satqını həyata keçirən şirkətlər, hüquqi şəxlsər yaranmalıdır. İndi bunun əsası Azərbaycanda yoxdur. Azərbaycanda valyuta gətirən şirkətlərin sayı barmaqla sayılası qədərdir. Bunlar da əsasən SOCAR və onun törəmə şirkətləridir. SOCAR-ın özünün də valyuta ehtiyatları kifayət qədər böyükdür. Amma qazandığı valyutanın böyük hissəsini kredit borclarının faizlərinə və onun bağlanmasına yönəldir. Yəni gələcəkdə belə birjaya valyuta çıxarıb satası deyil. Ona görə, belə iqtisadi qaydalar oturuşmasa, bazar oyunçularının sayı çoxalmasa, Mərkəzi Bankın inzibati müdaxiləsi olmadan alış-satışın həyata keçməsi baş tutmasa, üzən məzənnə rejiminə keçid sözlərdən ibarət olacaqdır. Bu isə, reallıqda təəssüf ki, öz əksinin tapmayacaq .

Məntiqlə Mərkəzi Bank üzən məzənnə rejiminə keçiddə maraqlı olmalıdır. Çünki üzən məzənnə rejimi Mərkəzi Bankın ehiyatlarına da müsbət təsir göstərə bilər. Yəni bundan sonra Mərkəzi Bank öz ehiyatlarını valyutanın inzibati qaydada tənzimlənməsinə xərcəlməyəcək. Amma Mərkəzi Bank da anlayır ki, bazarda oyunçuların sayının az olması, ümumiyyətlə, infrastrukturun, Azərbaycan iqtisadiyyatının üzən məzənnə rejiminə hazır olmaması buna imkan vermir. Mərkəzi Bank bunu açıqlamasa da, hamıdan yaxşı bilir. Ona görə də, keçidi bu qədər yubadır. Əslində, Azərbaycan əhalisində üzən məzənnəyə keçidlə bağlı fikirlər manatın ucuzlaşcağı ilə bağlı fikirlərlə paralel formalaşıb. Yəni üzən məzənnə o deməkdir ki, manat ucuzlaşacaq. Mənə elə gəlir, bu, cəmiyyətə və iqtisadiyyata psixoloji hazırlıqdır ki, manatın uzun zamandır, artıq bir ildən çoxdur inzibati qaydada dollar qarşısında məzənnəsi sabitdir. Amma bu, gələn il və yaxud 2020-ci ildə məzənnənin dəyişmə ehtimalının yüksək olduğunun ilkin işartılardır. Mənə elə gəlir ki, bu, psixoloji olaraq cəmiyyəti də, iqtisadi oyunçuları da, iqtisadiyatı da hazırlamaq məqsədi daşıyır”,- deyə N.Cəfərli fikrini tamamlayıb.

İqtisadçı Samir Əliyev də hesab edir ki, üzən məzənnəyə keçidlə bağlı səslənən fikirlərin elmi əsası yoxdur. Onun sözlərinə görə, 2015-ci ilin dekabr ayında verilmiş və manatın məzənnəsinin valyuta bazarında tələb-təklif əsasında formalaşmasını nəzərdə tutan qərarı doğru hesab etmir:

“O dövrdə də bunun mümkün və məsləhət olmadığını qeyd etmişdik. Sonrakı proseslər bu fikirləri təsdiq etdi və Mərkəzi Bank haqlı olaraq manatın məzənnəsini real olaraq əvvəlki qaydada müəyyənləşdirməyə başladı. Təsadüfi deyil ki, mart ayından bəri manatın ABŞ dollarına olan məzənnəsi 1,7000 səviyyəsində qalıb. Belə məzənnə ancaq fiksə olunmuş siyasətdə mövcuddur. Müqayisə üçün bildirim ki, bizimlə təxminən eyni dövrdə üzən məzənnəyə keçdiyini elan etmiş Rusiya və Qazaxıstanda milli valyutaların dollara olan məzənnəsi manatda olduğu kimi “daşlaşmış” deyil. 2018-ci ilin birinci yarım ilində Azərbaycanda 1 dolların manata olan rəsmi məzənnəsi 1,7000-1,7001 intervalında qaldığı halda, Rusiyada ABŞ valyutasının rəsmi məzənnəsi 56,9-64,1 rubl, Qazaxıstanda isə 318-343 tenge arasında dəyişib.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığı digər iki ölkə ilə müqayisədə daha yüksəkdir. Əgər bu ölkələrdə məzənnə hətta idarə olunan olsa belə, bu intervalda oynayırsa, Azərbaycanda daha sərt və qeyri-sabit ola bilər”.

S. Əliyev 2020-ci ildə də Azərbaycanda tam üzən məzənnəyə keçidi real saymır: “Nə qədər ki, iqtisadiyyatın neftdən asılılığı yüksəkdir, diversifikasiya olunmayıb, manatın Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənməsi daha yaxşıdır. İqtisadi diversifikasiya isə zaman tələb edir. Bunun üçün rəqabət mühiti yaradılmalı, iqtisadi islahalar aparımalı, sahibkarlıq mühiti yaxşılaşdırılmalı, son dövlər müşahidə olunan dövlət sahibkarlığı yox, özəl sektor inkişaf etdirilməli və sahibkarlara dövlətin dəstəyi olmalıdır. Bütün bunlar sistemli yanaşmanı və dövlət idarəçiliyində struktur islahatlarını qaçılmaz edir”.

Reyting.az

araz.az xəbər portalı.