Armenian crisis 010308

Putin Rusiyası Paşinyan hökumətinə etibar etmir?

İyul ayının 17-də Ermənistanın Gümrü rayonunun Panik kəndi ətrafında Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgərləri hərbi təlimlər keçiblər. Kənd əhalisi ağır hərbi texnikaların və eləcə də silahların işə düşməsindən sonra elə başa düşüblər ki, hansısa müharibə başlayıb. Yaranmış insident faktiki olaraq, bütün Ermənistanda əhali arasında böyük təlaşa səbəb oldu. Hamıya elə gəldi ki, hansısa müharibə artıq ölkənin sərhədləri daxilində başlayıbdır. Hətta Panik kəndinin ətrafında yerləşən digər kəndlərin əhalisi də silahlanaraq yerli özünü müdafiəyə keçmişdi. İndiki həssas bir dönəmdə Rusiyanın hərbi bazasının mülki vətəndaşların yaşadıqları ərazidə hərbi təlimlər keçməsinin səbəbi nə idi?

Ermənistanda anti-Rusiya isterikası

Panik kəndi ətrafında Rusiyanın 102 saylı hərbi bazasının hərbi təlimlərə başlaması bu ölkədə ilk dəfə idi ki, mülki cəmiyyətin yaşadığı ərazidə baş verirdi. Demək olar ki, bir neçə saatlıq əhali qorxu altında yaşamalı oldu. Erməni politoloqlarının çoxu bildirdilər ki, rus hərbçilərinin provakasiyası yaxşı addım deyil. Panik kənd bələdiyyəsinin başçısı Vardan Makeyan açıqlama verərək qeyd edib ki: “Kəndin ətrafındakı yolları rus hərbçilərinin bağlaması və əllərində silah hərbi təlim şərtləri daxilində döyüş əməliyyatı keçirməsi çox qorxulu idi. Olayın günün günorta çağında baş verməsi isə müdhiş idi. Belə bir addımın atılması və əhaliyə qabaqcadan xəbərdarlığın edilməməsi bizim üçün təhqiredici bir olaydır”.
İrəvandakı sosial şəbəkələrdə Rusiya hərbi bazasına məxsus ağır hərbi texnikanın hərəkətləri nəticəsində Gümrü rayonu ətrafındakı yerli əhali arasında narazılıqlara səbəb olması barəsində video-süjetlərin artmasına səbəb olubdur. Həmin süjetlərdə açıq şəkikldə bildirilir ki, rusların hərbi texnikası kəndlərə gedən bütün yolları bərbad hala salıbdır. Elə bu səbəbdən əhalinin Rusiya hərbçilərinə olan inamları xeyli dərəcədə sarsılıb. Çünki, ağır hərbi texnikaların gündəlik hərəkət trayektoriyası və ağır silahlardan hərbi təlimlər adı altında istifadə olunması əhalinin təhlükə altında saxlanılması kimi psixoloji təsir vasitələrindən biri hesab olunur.
Gümrü şəhərinin daxil olduğu Şirak vilayətinin valisi Armen Saruxanyan isə 102 saylı Rusiya hərbi bazasının gündəlik texnikasından hərbi təlimlər məqsədilə atılan mərmi və güllələrin səsindən əhalinin qorxu altında yamaşası kimi duruma öz etirazını bildiribdir.
Qeyd edək ki, Gümrü rayonundakı 102 saylı hərbi baza 1953-cü ildə yaradılıb. Burada 4 min nəfərə yaxın Rusiya müdafiə nazirliyinə məxsus hərbçi xidmət edir. Hərbi baza İrəvandan 126 kilometr aralıda yerləşir. “Alagöz” poliqonu Ermənistanda ən böyük hərbi təlim məkanı hesab olunur. Burada 127 saylı motoatıcı diviziya, hərbi-hava qüvvələri, hava hücumundan müdafiə sistemi yerləşir.
2015-ci ildə sıravi əsgər və mənşəcə rus olan Valeri Permyakovun yeddi nəfərlik erməni ailəsini öldürərək əlində avtomat silahla Türkiyə sərhədlərini keçməyə cəhd etməsi olayından sonra faktiki olaraq, Gümrü rayonu və ətraf kəndlərdə rus hərbçilərinə olan etimad yoxa çıxıbdır. Həmin ərəfədə Gümrüdə ilk dəfə olaraq əhali şəhər meydanına çıxaraq V. Permyakovun onlara təhvil verilməsi tələbi ilə çıxış etmişdi. Bunun ardınca Rusiya əleyhində saatlarca davam edən çıxışlar olunmuşdu. Belə bir durum rus hərb tarixində ilk dəfə idi ki, baş verirdi. Çünki, ənənəyə görə harada Rusiyaya məxsus hərbi baza varsa, ətrafda yaşayan əhali Rusiya yönlü siyasətlərin içində olub. Gürcüstanın Ahıska vilayətinin mərkəzi Axalkələki rayonunda yerləşən Rusiya hərbi bazasına görə burada ən azından 2 min ailə Moskvanın mövqelərini dəstəkləyirdi. Hərbi bazanın ləğv edilib Rusiyaya köçürülməsindən sonra, burada yaşayan həmin 2 min erməni ailəsi də Rusiya vətəndaşı statusunu bəhanə edərək Quzey Qafqaza köç etdi. İndi Gümrüdə isə tamamilə bunun əksi olan durum yaranıbdır.

 

Baş nazir Nikol Paşinyan hərəkətə keçdi

Ermənistanın yeni baş naziri statusunda Nikol Paşinyan 19 iyul tarixində İrəvanda 102 saylı Rusiya həbri bazasının hərbçilərinin mülki vətəndaşların yaşadığı ərazidə hərbi təlimlər keçməsinə qarşı hökumətin toplantısını keçiribdir. O, bildirib ki: “Rusiya hərbi bazasının atdığı bu addım provakasiyadır. Çünki bu təlim sadəcə balaca bir kənddə deyil, bütün Ermənistanda böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə demək olar ki, yeni nəsil əhali anti Rusiya təbliğatını aparır. Təbii olaraq, bizlər yaranmış belə bir duruma qarşıyıq. Ancaq, əhalinin ağzını və gözünü yummaq bizim işimiz deyil. Ona görə də belə addımların atılmasına qətiyyən yol vermək olmaz. Bu olay Ermənistanın dövlət suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir. Mənim göstərişimlə polis yaranmış insidentlə bağlı xüsusi istintaq işi aparır. Biz hər bir olaya daxili qanunvericilik qaydaları ilə yanaşmağı öyrənməliyik”.
Qeyd edək ki, 17 iyul olayından sonra, ayın 18-də Ermənistanın yeni müdafiə naziri David Tonoyan Rusiya səfirini əvəz edən müvəqqəti vəkil Andrey İvanovla, səfirliyin nəzdində fəaliyyət göstərən hərbi-hava qüvvələri üzrə atteşe general-mayor Yevgeni Bulavitsina və 102 saylı hərbi bazanın rəisi Vladimir Elkanovla görüşübdür. Görüş zamanı mülki əhalinin yaşadığı məntəqədə hərbi təlimlərin keçirilməsi və bunun səbəbləri sərt şəkildə soruşulubdur. Rusiya tərəfi bildirib ki, bütün bunlar 2018-ci il üçün hərbi bazanın hazırlığı proqramlarına daxil məqsədlərdən irəli gəlibdir.
Görüşdən sonra, Ermənistan müdafiə nazirliyinin rəsmi açıqlamasında qeyd olunub ki: “Rusiyaya məxsus 102 saylı həbri bazanın komandanlığı hərbi təlimlər zamanı mülki əhalinin təlaşa düşməsinə görə üzr istənilibdir. Bundan sonra, bir daha belə təlimlər baş verməyəcək”.

Gümrüdə baş verən olayın gerçək səbəbi

Rusiyanın postsovet məkanında qorxduğu müstəqil dövlətlərdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə inkişafıdır. Baltikyanı ölkələr qismində Estoniya, Latviya və Litvanın vətəndaş cəmiyyəti siyasəti həm də Belorus, Ukrayna və Moldovaya çox güclü şəkildə təsir göstərməkdədir. Bu prosesin zəncirvari şəkildə Güney Qafqaz siyasətinə daxil olması Rusiyanın 300 illik imperiya və metropoliya siyasətinin tam çökməsi deməkdir. 2003-cü ildə Gürcüstan və daha sonra Ukraynada baş verən çəhrayı inqilabların özü bu faktı bir daha sübut etdi.
2003-cü ildən üzü bu yana Gürcüstanın NATO-ya üzv olması məsələsi daim gündəmdə olan bir qonudur. Bu il iyul ayının 18-də Belçikanın başkəndi Brüsselldə keçirilən son toplantısı ərəfəsində Ermənistanın Gümrü rayonundakı Rusiyaya məxsus hərbi baza tərəfindən adi bir kəndin ətrafında təlim keçməsi, əslində NATO-nun Güney Qafqazla verəcəyi qərara açıq şəkildə bir işarə idi. Çünki, Ermənistanda da Gürcüstanda olduğu kimi, mülki cəmiyyətin hakimiyyətə gəlməsi Qərbin strateji baxımdan dəstək verdiyi bir anlamdır. Faktiki olaraq, Azərbaycan, Gürcüstan və Ermənistan öz suveren hüquqları çərçivəsində Şimali Atlantika Bloku ilə əməkdaşlıq edir və bu prosesin inkişafında həm də maraqlı tərəf olduğunu nümayiş etdirirlər. Rusiyaya məxsus hərbi ekspertlərin etiraf etdiyinə görə, əgər NATO-nun azından Gürcüstanda mövqelərinin güclənməsi artıq Dağıstanın dövlət müstəqilliyinə gətirib çıxara bilər.
NATO-nun son toplantısında baş katib Yens Stoltenberg çıxış edən zaman Gürcüstan prezidenti Qriqori Marqvelaşviliyə tərəf üzünü tutaraq belə demişdir: “Mənim çox yaxın dostum Qriqori, inanıram ki, NATO və Gürcüstan arasındakı strateji müttəfiqlik daha da yüksək səviyyədə inkişaf etdiriləcəkdir”. Təbii olaraq, onun çıxışı Rusiyanın nəzərindən yayına bilməzdi. Rusiya NATO-nun Güney Qafqazla əməkdaşlıq məsələsinə həssas münasibət sərgiləyir. NATO-nun Güney Qafqazda mövqelərinin güclənməsi həm də Orta Asiyanın tamamilə onun nəzarətindən çıxması deməkdir.

 

Moskva artıq İrəvana etibar etmir?

Ermənistanda bu ilin aprel ayında baş verən olayların ardından və 1998-ci ilin noyabr ayından etibarən hakimiyyətdə olan hərbi xuntanın devrilməsi, bunun ardınca vətəndaş cəmiyyətini təmsil edənlərin iqtidara gəlməsi istənilən anda bu ölkənin Rusiyaya arxa çevirməsi təhlükəsi yarana bilər. Nikol Paşinyanın ifrat mühafizəkar və hərbi düşüncəli güclərin hakimiyyətdən devrildikdən sonra mülki cəmiyyətin qurulmasına üz çevirməsi bölgə üçün tamamilə yeni yaşam düzəni deməkdir. Yeni nəsil erməni cəmiyyəti “aprel inqilabı”nı tamamilə dəstəkləyirlər. Hətta Avropa Şurası, Avropa Birliyi və ABŞ-ın, eləcə də beynəlxalq birliyin bu mənada Ermənistana olan ilgisi daha da artmışdır. Ermənistanda mülki cəmiyyətin qurulması İran, Suriya, İraq və Livan kimi qeyri standart Orta Şərq dövlətlərindəki terrorizm, silah və narkotika ticarəti dövriyyəsinin daraldılması deməkdir. Bununla yanaşı Güney Qafqazda mövcud olan etnik münaqişələrin mülki cəmiyyətlərin sayəsində həll edilməsinə böyük ümidlərə səbəb olubdur. Rusiya isə daim “idarəolunan etnik münaqişələr” strategiyası ilə hərəkət edibdir. Buna görə də, Nikol Paşinyanın simasında hakimiyyətə gələn yeni qüvvələrə etibar etmir. Elə qonşu İran molla rejimi də bu prosesdən narahatdır. Rusiya və İran totalitar rejim siyasətinə önəm verdiyi üçün, mülki cəmiyyət siyasətindən ehtiyat edirlər.
NATO-nun son Brüssell toplantısında Güney Qafqazla bağlı qəbul olunan qərarlardan ən əsası Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bir daha tanınması oldu. Bu məsələyə saxtakarcasına ironik şəkildə yanaşan Azərbaycandakı əldəqayırma və daim İran və ya Rusiyanın mövqelərindən çıxış edən “politoloq”lar qeyd etdilər ki, NATO bu məsələ ilə bağlı dəfələrlə qərarlar qəbul edibdir və illərdir məsələ həll edilməmiş qalır. Unutmaq olmaz ki, dünyada bir sıra həlli vacib olan proseslər zamanla öz təbii axarını tapır. Ermənistanı uzun müddətdir idarə edən hərbi xunta sülh danışıqlarından mümkün qədər qaçırdı. Onları Rusiya, Çin və İran kimi totalitar rejimlər müdafiə edirdi. Vətəndaş cəmiyyətinin istənilən dövlətdə yaranması demokratik proseslərə doğru irəli addımların atılması deməkdir. Rusiyanın Ermənistandakı əndişəsi bundan ibarətdir.

Antikorrupsiya hərəkatı və vətəndaş cəmiyyəti

Baş nazir Nikol Paşinyan NATO-nun Brüsselldəki toplantısında açıq şəkildə qeyd edib ki: “İrəvandakı yeni hökumət Avropa Birliyindən maliyyə dəstəyi almayacaq. Ölkədəki ağır iqtisadi və sosial durumu aradan qaldırmaq üçün, yerli oliqarxların əllərindəki haram pulları onların əlindən almaqla məsələyə nöqtə qoyulacaqdır”.
Qeyd edək ki, faktiki olaraq ev dustağına çevrilən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan, uzun illər Rusiyanın “Qazprom” şirkətinin Güney Qafqazdakı şəbəkəsinə və “ArmRosQaz” şirkətinə sahib olan Karen Karapetyan, Qaqik Tsarukyan və digər onlarca sayda erməni oliqarxları, Qarabağ müharibəsi zamanı Ermənistan üzərindən Orta Şərqdə silah və narkotik maddələrin ticarəti sayəsində oliqarxa çevrilmiş generalların bu gün həbs edilməsi onu göstərir ki, Paşinyan hökuməti azından büdcəyə 15-20 milyard dollar həcmində vəsaitin daxil olmasına çalışacaqdır. Təbii olaraq, bütün bunlar Ermənistan üçün müvəqqəti çıxış nöqtəsidir. Çox yaxın dönəmdə yeni proseslərə tərəf üz tutması da məhz bundan sonra başlanılacaqdır. Rusiyanın adi bir kənddə hərbi təlim adı altında güc nümayiş etdirməsinin tarixə çevriləcəyi göz önündədir. Gürcüstanda olduğu kimi, Rusiya hərbi bazasının çıxarılması prosesi baş verəcəyi təqdirdə “Qarabağ düyünü”ün baş çatacağı günü baş verəcəkdir. İndiki məqamda isə antikorrupsiya və vətəndaş cəmiyyətinin qurulması istiqamətində sürətli şəkildə prosesi yaşanılır.

Ənvər BÖRÜSOY, Hurriyyet.org

 

araz.az xəbər portalı.