Neriman-Nerimanov.jpg

Mən eşitdim ki, siz mənim “Nadir şah” ünvanlı əsərimi məndən xəbərsiz oynamaq üçün polisdən rüsxət alıbsınız. Bu əhvalat mənə böyük təsir etdi. Yaralarınız onsuz da çoxdur. İndi siz vadar edirsiniz ki, mən haman yaralardan birini camaata elan edim. İndi siz vadar edirsiniz ki, “qurd olub quzu cildində” camaatı “düz” yola dəvət edənləri mən camaata göstərəm.

Əcəba! Təzə meydana gələn cavanlar! Mən sizdən bu hərəkəti gözləmir idim. İndi goründü isə suallarıma cavab istərəm. Buyurunuz əfəndilərim: “Nadir şah”ı oynamaq üçün ibtida kimə müraciət edildi, mənəmi? Mən sizin arzunuzu qəbul edib kəndi şərtlərimi söylədim. Siz razı oldunuz. Təyin olan gün gəlib rolları payladım. Mən gedib də sizdən xəbər gözlədim görək nə vaxt rolları təkrar etmək üçün yığılacaqsınız. Bir neçə gün keçmiş sizin yoldaşlardan biri mənə bildirdi ki, sizlər mənə verdiyiniz sözün üstə durmursunuz. Guya istəyirsıniz özünüz mənsiz oynayasınız. Bunun üzərinə yoldaşınıza dedim ki, siz yoldaşlarınıza deyiniz ki, mən onların cəmiyyətində bu işə hənuz hazırlıq görmədim. Mən onlara “Nadir şah”ı oynamağa rüsxət vermirəm… Mənim bu sözlərimdən sonra siz “gizlin” gedib polisdən rüsxət alırsınız…

Sizin bu hərəkətinizə heyrət edirəm. Məgər, beş-on nəfər adamın içində bir zat tapılmadımı ki, hərəkətinizin naqisliyini göstərə? Mənim cavabım sizin şan və vüqarınıza toxunmadı? Yoxsa mənafeyi-şəxstyyətiniz gözünüzü bir tövr tutubdur ki, insana lazım olan sifətləri özünüzdən kənar edirsiniz? Mənim sözlərimin əcəba, sizə bir təsiri olmadımı? Yoxsa, oldu da siz zor ilə yenə iş görmək istəyirsiniz? İş zora qaldısa mənim sözüm yoxdur, onda mən də sizin hərəkətləri camaata tapşırıram. Həmin camaata ki, siz onlara teatrda nəsihət vermək istərkən, özünüz onların nəsihətinə möhtac qalıbsınız. Qoy bilsinlər ki, siz nə məqsəd ilə əsərimi teatra qoyursunıız… Mən yenə də deyirəm: cəmiyyətimizi bu işə hazır görmürəm. Cəmiyyətdən insaf, mürüvvət, ədalət tələb edirlər. Bir yaxşı fikir ediniz, siz bu sifətləri layiqilə kəsb edə bildinizmi?..

Bundan müqəddəm teatrlar camaat xeyrinə bina olunurdu. Ona görə cavanlarımızda görünən qüsurlara çox da diqqət olunmur idi. İndi teatr sənətkarı olmaq həvəsindəsiniz!.. Kəndi xeyrimizə oynayırsınız. Çox əcəb! Bu barədə sizə irad tutmağa heç kəsin ixtiyarı yoxdur! Çox gozəl işdir. Lakin qeyrisinin ixtiyarına qarışmaq sizin tərəfinizdən boyük cəsarətdir!.. Siz fikir etdiniz ki, keçər gedər, xeyr əfəndilərim, keçər gedərdi, lakin indi yox! İndi işinizə dörd göz ilə baxınız. Siz teatr sənətkarısınız, bundan sonra ümid edirəm adınızı teatrçı qoyub da camaatı mənasız komediyalar ilə yemləməyəsiniz… Rollarınıza artıq diqqət edib “hədəm-dəmə, damdan-dama” söyləməyəsiniz.

Bunlar hamısı keçər gedər, lakin “gizlin” iş görməyinizə çox təəccüb! Bilirsinizmi gizlin iş kim görür? Sizin bu hərəkətinizi camaata tapşırıram. Qoy camaat görsün teatrda ona nəsihət verənlər nə yolda hərəkət edirlər…  Eşitdiyimə görə, mənim barəmdə çox şeylər söyləyirsiniz. Məni camaata istədiyinız kimi qələmə veriniz. Bu yolda işləyinız, əfəndilər… Lakin məni camaat tanıyır, həm də bir ildən bəri deyil, 15 ildən bəri tanıyır… və hər növ xidmətlərimi təqdir etmişdir, zənn edirəm… Amma indi hər nədənsə, sizin nəzərinizdə pis adam oldum; çünki öylə zənn edirsiniz ki, pul qazanmağınıza mane oluram, arama səhviniz, böyük səhviniz var. Mən sizin ən səmimi qəlb xeyirxahınızam… və sənət və hünəriniz sayəsində pul tədarük edə bilməyınizi ən ziyadə arzu edənlərdənəm. Ancaq bu surətdə deyil, başqalarının haqqını tanımamaq surətilə deyil!..

Bu bir haqq və doğru sözdür deyirəm. Hər nə fikirdə olursunuz olunuz.

 (“Cümələr oynayan (truppaya) teatrçılara açıq məktub” “Həyat” qəzetinin 31 may 1906-cı il tarixli 117-ci nömrəsinin 4-cü səhifələrində “Nəriman” imzası ilə dərc olunmuşdur). 

araz.az xəbər portalı.