Mirkazim_Seyidov.jpg

Mirkazım SEYİDOV: “Düşmən qüvvələrin məkrli planlarına uyğun törədilən Gəncə terroru da, dövlətçiliyimizin bir sınağıydı. Bu, Vətən sevgisini hər şeydən yüksəkdə tutanları daha çox narahat edərək, sarsıdırdı”

Araz.az xəbər portalı əməkdaşının Rusiya Federasiyasının Novosibirsk vilayətində fəaliyyət göstərən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun qurucusu və rəhbəri, Azərbaycan Respublikaçılar Partiyası sədrinin birinci müavini, Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist, fəal diasporçu Mirkazım Seyidovla müsahibəsi əsasən ölkəmizdə baş verən son olaylar üzərində qurulsa da, müsahibimiz ictimaiyyəti daha çox maraqlandıran digər vacib məsələlərə toxunmaqla, mövzunu daha maraqlı etdi. Müsahibəni olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

BU HƏSSAS MƏQAMDA… GÜCÜMÜZ – BİRLİYİMİZDƏDİR!
— Mirkazım müəllim, prezident seçkiləri kampaniyasına start veriləndən Vətəndən kənarda olmağınız barədə mətbuatda gedən yazılarınız xəbər verir. Yazılarınızın mövzu rəngarəngliyi, həm də ölkəmizdə baş verən hadisələrə seyrçi qalmadığınızı göstərir. İndi, ictimaiyyəti daha çox narahat edən Mingəçevir və Gəncə hadisələrinə sizin də münasibətinizi bilmək daha önəmli olardı. Ümumiyyətlə, Rusiya cəmiyyətinin ayrı-ayrı təbəqələrinin, içtimai-siyasi qurumlarının, hakim dairələrinin, soydaşlarımızı ətrafında birləşdirən diaspor təşkilatlarının bu olaylara münasibətlərini bilmək də, bizim üçün vacibdir…
— Sualınıza cavab verməzdən öncə onu nəzərinizə çatdırım ki, 100 illik yubileyini bu yaxınlarda böyük coşqu ilə qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının ilk istiqlal paytaxtı Cavad xan yurdundan ardıcıl aldığımız bəd xəbərlər, mənim kimi, taleyini Rusiya ilə bağlayan minlərlə soydaşımızı da olduqca sarsıtdı. Törədilən bu qanqaraldıcı hadisələrdən dərhal sonra, Rusiyada böyük nüfuza malik təşkilatımız adından olduqca kəsərli Bəyanat verdik. Baş ofisi Federasiyanın ən böyük regionlarından olan Novosibirsk vilayətinin mərkəzi Novosibirsk şəhərində yerləşən təşkilatımızın bu Bəyanatı həmin hadisələrin əsl qiymətidir. Çox sağ olun ki, həmin Bəyanatı araz.az saytında da dərc etdiniz. Saytda Bəyanatımızı oxuyanların say çoxluğu da sübut edir ki, bu sənəddəkilər müzakirə edilmədən yazılmayıb – onun hər sətrində narahat Azərbaycan cəmiyyətinin bütün sosial təbəqələrinin fikirləri öz əksini tapıb. Ən əsası odur ki, Azərbaycan dövlətinin artan gücü əleyhinə xarici kəşfiyyat güclərinin daha zərərli yöndən istiqamət verdikləri bu terror olaylarına qarşı, daim milli dövlətçiliyimizin, dövlətimizin və onun rəhbəri möhtərəm İlham Əliyev cənablarının yanında olacağımız Bəyanatda dönə-dönə vurğulanıb; Şərəfsiz, namərd, xəyanətkar güclər elə də sanmasınlar ki, belə iyrənc, cılız və alçaq hərəkətləriylə dövlətimizi, millətimizi sarsıda, Qarabağa, xain düşmən işğalı altında tapdanan digər yurd yerlərimizə, ümumiyyətlə, Böyük Azərbaycana istiqamətlənən istiqlal yolumuzu kəsə bilərlər.
Bəyanatda inamla və qəti əminliklə o da bildirilib ki, milli dövlətçiliyimizə qəsd etmiş bu xəyanət şəbəkəsi dövlətimizin güc strukturları tərəfindən mütləq aşkarlanacaq – xəyanət yönlü bu terrorun tezliklə ifşasıyla, onun ilhamvericiləri də ən sərt şəkildə cəzalarını alacaqlar.
Gəncədəki məlum olaylarla bağlı özümün şəxsi münasibətim də, tam olaraq, Bəyanatdakılarla üst-üstə düşür. Hamı kimi, mən də zorakılığın, şəxsi qərarlar və təşəbbüslər əsasında kiminsə cəzalandırılmasının əleyhinəyəm. Çünki Yunis Səfərovun bu hərəkəti mövcud Azərbaycan qanunları ilə tam ziddiyyət təşkil edir. Zorakılığa və öz-özünə qərar çıxarmağa görə, kimsə cəzasız qalmamalıdır. Axı, bu cür hadisələr ölkədə əsl anarxiyaya gətirib çıxarar. Yadınızdadırsa, bundan öncə də, İsmayıllı və Qubada buna bənzər hadisələr baş vermişdi. Məmur özbaşınalığı, onların rüşvət və korrupsiyaya bulaşmaları, əhaliyə xidmət etmək əvəzinə, onlara zülm vermələri, sonda bu cür hadisələrin baş verməsinə səbəb oldu. Təkcə Gəncə icra başçısının deyil, demək olar ki, ölkə məmurlarının böyük əksəriyyətinin xalqla pis rəftarı belə hadisələrə rəvac verir. Bu hadisələrin səbəbini ölkə xaricindən başqa, məmurların yürütdüyü idarəçilik anarxiyasında da axtarmaq lazımdır. Yəni, sarsıdıcı bu hadisələr yüksək çinli harın məmurların yarıtmaz iş metodlarının acı nəticəsidir. Xalqın əmlakını talayan, insanları, üstəlik şəhid anasını təhqir etməkdən belə çəkinməyən icra başçısına haqq qazandırmaq da olmur. Bu biabırçılıqlardan hakimiyyətin yuxarı eşalonunun da xəbəri olub. Lakin bu iyrəncliklərin daha ağır forma almaması üçün, ciddi addımlar atılmayıb.
Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən o üzücü olaylar və ölkənin bir gecədə qaranlığa qərq olması da əhalinin haqlı narazılıqlarını artırır. Çünki burada da, dövlət büdcəsindən ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsi önə çəkilir. 2011-ci ildə enerji təhlükəsizliyinə ayrılan 2, 5 milyard vəsaitdən 1,5 milyarddan çoxunun “Azərenerji” ASC-nin rəhbəri Etibar Piriverdiyev tərəfindən mənimsənilməsi faktının ortaya çıxması artan narazılıqların başlıca səbəbidir. Bu dəhşətli yeyinti faktı haqda hökumətin hələ də heç bir tədbir görməməsi yolverilməzdir. Bundan başqa, məlum hadisələrlə bağlı siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin birgə müzakirələrə qoşulmamaları, yalnız ayrı-ayrılıqda mövqe sərgiləmələri də, başa düşülən deyil. Mən din xadimlərinin, siyasi partiya mənsublarının və ictimaiyyət nümayəndələrinin birgə və geniş müzakirələr aparmasının tərəfdarıyam və bunu vacib hesab edirəm. Çünki güç birlikdədir, birgə görülməyən heç bir işin faydası olmur.
Ölkənin ikinci şəhərində baş verənlər, Mingəçevirdəki qanqaraldıcı hadisələr Azərbaycana düşmən qüvvələrin məkrli planlarına uyğun törədilən terror hadisələri kimi qiymətləndirərdim. Belə hadisələrin qarşısını isə, yalnız birlikdə almaq mümkündür.

CƏMİYYƏTİN DƏQİQ İNFORMASİYA TƏMİNATI VACİBDİR
— Mirkazım müəllim, çox təəsüf ki, bu olaylar zamanı da, cəmiyyətin informasiya təminatı istiqamətində ciddi nöqsanlar oldu. Bu barədə, çıxışlarınızın birində Siz də fikirlər irəli sürmüsünüz. Mətbuata yaxın fəal ictimaiyyətçi kimi, deyilənləri necə izah edərdiniz?
— Onsuz, mən yazılarımda çoxdandır xüsusi vurğulayıram ki, cəmiyyətin informasiya təminatında yeni baxışların tətbiqinə ehtiyac duyulur. Elə, Gəncə terrorunun və əhalinin böyük narahatlığına səbəb olmuş Mingəçevirdəki enerji qəzasının mediada və sosial şəbəkələrdəki təqdimat formaları da buna ehtiyac duyulduğunu bir daha ortaya qoydu. Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəzanın və ilk istiqlal paytaxtımızda ardıcıl törədilən terror hadisələrinin mediada işıqlandırılması vəziyyəti qənaətbəxş olmadığından, bu ciddi problemlər hamını narahat etdi. İctimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən, internet informasiya resurslarının ölkədə sabitlik mühitini pozmaq istəyən anti-milli qüvvələrə qarşı səfərbərliyinin təmin edilməsi son dərəcə vacibdir.
Respublikamızdakı enerji böhranı və icra başçısı Elmar Vəliyevə qarşı terrorla başlamış Gəncə iğtişaşları bu gün də ölkənin gündəmində olan başlıca mövzulardandır. Bir qələm adamı kimi, mənim də müşahidələrim göstərdi ki, media ümumən, hər iki hadisəyə obyektiv prizmadan yanaşa və ictimai rəyi düzgün istiqamətə yönləndirməkdə peşəkarlıq nümayiş etdirə bilmədi. Bu məsələlərə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri özlərinə sərfəli fikir və düşüncələri, bir növ fakt kimi təqdim edərək, cəmiyyətdə çaşqınlıq yaratdılar. Lakin günah onlarda olmadı. Onların informasiya təminatına məsul əlaqədar qurumlar heç nə etmədilər. Nəticədə, cəmiyyət aşkar təfriqəçilik meyllərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq, Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi oldu. Mingəçevirdəki qəza ilə başlayan bu proses, ölkəni bürüyən enerji böhranı, təbii ki, insanlarda narahatlıq doğurdu. Hər kəs buna görə cavabdehlik daşıyan şəxslər barədə ölçü götürülməsini tələb etdi.Eyni xoşagəlməz tendensiya özünü Gəncə hadisələrinə münasibətdə bir qədər də qabarıq tərzdə göstərdi. İcra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra bəzi sosial şəbəkə profilləri və internet saytlar terroru az qala haqq işi kimi təqdim edərək, iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnmiş iğtişaşların bir növ anonsunu verdilər. Sumqayıtda da Gəncə terrorunun törədiləcəyinə dair çağırışlar eşitdik. Ölkə başçısı isə, məsələyə kifayət qədər sərt mövqeyini açıqladı. Hesab edirəm ki, belə sərt reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyük olmalı idi. Çünki Azərbaycan mediasının qarşısında belə məsuliyyətli vəzifələr dayanır. Mətbuat belə hadisələrə daha çox diqqət yetirməlidir.
Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən anti-milli qüvvələrə qarşı media tərəfindən ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir – bu təminat ölkə mətbuatının başlıca vəzifəsidir. Onsuz da, Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən, informasiya müstəvisindəki təxribatlar da getdikcə artır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla, mövcud konstitusyon quruluşu devirməkdir. Hesab edirəm ki, media ictimaiyyəti olaraq, biz, bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik.
Bu səbəbdən, cəmiyyətin dəqiq və dolğun informasiya təminatı üçün, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında informasiya mübadiləsinin təşkilinə ehtiyac böyükdür.
Mətbuatın tez bir zamanda qeyd etdiyim problemlərdən çıxması üçün, verdiyimiz maraqlı təkliflər müzakirəyə çıxarılmalıdır. Ümumiyyətlə, ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr daim ən müxtəlif vasitələrdən istifadə ediblər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində bu gün onlar daha da aktivləşiblər. Bu məkandakı paylaşımların məlumat kimi cəmiyyətə çatdırılması praktikasına ehtiyatla yanaşılmalıdır. Bu yöndə ciddi media vasitələri ehtiyatı əldən verməməli, ümumən, belə hadisələrin doğurduğu sınaqdan üzüağ çıxmağı bacarmalıdır.
Bu gün Azərbaycana müxtəlif ölkələrdən dini təsirlərin həyata keçirildiyi və bu istiqamətdə çoxsaylı informasiya resurslarının fəaliyyət göstərdikləri də, heç kəsə sirr deyil. Cəmiyyətin bu yöndən informasiya təminatı prosesində iştirak edən jurnalistlərlə müavfiq dövlət qurumları indiki dövrdə daha sıx əlaqədə olmalıdırlar. Bu istiqamətdə də, rəsmi informasiya olmayanadək yayılmış yanlış məlumat axınına yol verilir. Bu sayaq məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır. Bu, həlli vacib bir məsələdir.
Çünki bu zaman əsas diqqəti ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyinə yönəltməkdir. Bu baxımdan, məsuliyyət hissinin artırılması zəruridir.
Dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığının gücləndirilməsi məsələlərinə, onlar arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac böyükdür. Bu yolla, ikincilər hər hansı hadisənin gerçək motivləri ilə əlaqədar məlumatlandırıla bilərlər. Belə praktika ona görə lazımdır ki, media yalnız informasiya verməklə kifayətlənməsin, konkret hadisə və prosesin təhlili imkanını qazansın, cəmiyyət düzgün yönləndirilsin.
Məlum hadisələrlə bağlı mediada yer alan müxtəlif tendensiyalara diqqət yetirən dindar-dövlət qarşıdurması kimi təqdimatların zərərli tərəfləri də qabardılıb.
Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin baş verməsindən sonrakı bir neçə saatadək, məsələ ilə əlaqədar, rəsmi informasiya boşluğunun yarandı. Bu hadisə ətrafındakı yanlış fikirlər dövriyyəyə məhz bu zaman kəsiyində daxil oldu. Belə halların yaşanmaması üçün, informasiya təminatındakı bütün tərəflərin öz işlərinə məsuliyyətlə yanaşmaları mühüm əhəmiyyət daşıyır.
İstər Gəncə hadisələri, istərsə də, Mingəçevirdəki qəza ilə bağlı yanlış fikirləri tirajlayan saytların bir çoxu xaricdən idarə olunduğundan, onlara qarşı mübarizədə diplomatik metod və vasitələrdən də geniş istifadə olunmalıydı. Zəruri hallarda prosesə xaricdəki nümayəndəliklər də cəlb edilməliydi. Bir sözlə, cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün, medianın hadisələrin episentrində olması mütləqdir. Media orqanları ilə, dövlət qurumlarının əməkdaşlığının daha da gücləndirilməsi öz zəruriliyini diqqətə yetirərir. Axı, vacib hadisə və proseslər zamanı informasiya boşluğu yaranırsa, ayrı-ayrı sosial şəbəkə profillərinin fəaliyyəti güclənir və cəmiyyət yanlış istiqamətə yönləndirilir. Bu səbəbdən, dövlət qurumları hər hansı hadisə ilə əlaqədar dəqiqləşdirmələr apardıqları müddətdə, yaranmış informasiya boşluğunun qarşısının alınması üçün, KİV-lərlə fəal təmaslara malik hazırlıqlı ekspert qrupu fəaliyyət göstərməlidir. Məhz bu yolla cəmiyyətin yanlış səmtə yönləndirilməsinin qarşısı vaxtında alına bilər.
Onsuz da, Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən məlumatların yayılmasında, bir qayda olaraq, Rusiya və İran izləri qabardılır. Ancaq dəfələrlə görmüşük ki, bu dairələr tərəfindən hərəkətə keçirilən aksiyalara sonradan Qərbdəki bəzi qüvvələr tərəfindən ideloji və siyasi çalarlar gətirilir. Mövcud tendensiyanın xarakterik xüsusiyyətləri də, belə hallara qarşı media müstəvisindəki mübarizənin vacibliyini labüd edir. Ekstremal vəziyyətlər zamanı cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün, medianın hadisələrin episentrində olması mütləqdir və bu istiqamətdə zəruri addımlar atılmalıdır.
Elə, cəmiyyətin informasiya təminatında dövlət qurumları ilə media orqanlarının əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkib, mövcud istiqamətdə yeni baxışların tətbiq olunmasına ehtiyacın duyulduğunu xüsusi vurğulayıram.
Ölkə başçısı ilk dəfə olaraq Gəncə hadisələrindən danışanda nələr ortaya qoymadı. Təqdim olunan rəsmi versiyanı- olayların din, məzhəb qarşıdurması təfsirini tamamilə inkar etdi, İslam dininin bu məsələyə aidiyyatı olmadığını dedi. Deyilənlər prezident səviyyəsində təkzib olundu. Əslində, bu da bir etirafdır. Elmar Vəliyevə qarşı ümumxalq qəzəbindən və nifrətindən, xüsusilə də, bu zəmində iki polis zabitinin qətlə yetirilməsindən sonra yəqin ki, bəzi mətləbləri anlamaq, ictimai rəylə hesablaşmaq vacibdir. Ancaq vəziyyətdən çıxış yolu tapmaq, ölkədə yaranmış gərginliyi azaltmaq istəyirlərsə, bir az da irəli getməlidirlər. Gəncə olaylarının indi prezidentin təqdim etdiyi kimi, sadəcə, terror, zorakılıq hadisəsi deyil, məhz sosial narazılığın, məmur özbaşınalığının, ədalətsizliyin, zülmün, vətəndaşı insan yerinə saymamağın, hər addımda əzməyin, aşağılamağın, ləyaqətini və şəxsiyyətini alçaltmağın doğurduğu qisas aktı olması etiraf edilməli, bu durumu aradan qaldırmaq üçün bütün idarəetmə aparatının işinin yenidən təşkili prosesinə start verilməlidir. Çünki, Azərbaycan xalqına zülm edən və yüzlərlə belələrinin doğurduqları sistem hələ də fəaliyyətdədir!

DÖVLƏTİN VƏ DİASPOR QURUMLARIMIZIN NANƏCİB QÜVVƏLƏRLƏ BİRGƏ MÜBARİZƏSİ DAHA EFFEKTLİ OLARDI
— Mətbuat, Sizin rəhbəri olduğunuz təşkilatın Federasiyasının böyük bir regionunun ictimai-siyasi mühitində fəallığı ilə seçildiyi barədə çox yazıb. Yenə, orada, Azərbaycan naminə möhtəşəm planlı bir tədbir keçirəcəyinizi deyirlər. Bu barədə məlumat verməyiniz də maraqlı olardı…
— Bəli, böyük bir tədbir keçirməyi nəzərdə tutmuşuq. Azərbaycan Cümhuriyyətinin 100 və ulu öndərin 95 illik yubileyləri ilə bağlı. Tədbirə coxdan hazırlıq aparırıq. Oktyabrın ortalarında Novosibirsk şəhərində keçirilməsinə dövlət səviyyəsində icazə də almışıq. Artıq xarici ölkələrdəki 40-a yaxın diaspor təşkilatlarımızdan iştirakları barədə cavab da almışıq. 10-dan çox Avropa dövlətinin rəsmi dövlət aparatlarının yüksək vəzifəli şəxsləri tədbirdə iştirak edəcəklərini rəsmi şəkildə bildiriblər. Rusiyanın ayrı-ayrı regionlarının rəhbər şəxsləri də, tədbirimizi alqışlayıblar və artıq iştirakçılar ayırıblar.
Üç gün davam edəcək həmin tədbirə dövlət səviyyəsində icazə verilib. Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsi də işimizi alqışlayıb. Doğma Vətəndən də, Novosibirsk vilayətinə böyük nümayəndə heyəti gedəcəyi planlaşdırılır.
Ümumiyyətlə, mənim rəhbəri olduğum Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”) Fondunun xətti ilə, Novosibirskdə onlarla belə yaddaqalan möhtəşəm tədbir keçirmişik. Yaratdığım adıçəkilən qurumun aktiv fəaliyyətini illərlədir doğma Vətən naminə günü-gündən genişləndirmək üçün çalışıram. Təkcə bu ölkədə deyil, beynəlxalq arenada belə, Fondun xətti ilə, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiliyimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliğinə, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsinə həsr edən, ulu öndərin layiqli varisi, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaqdan daim rahatlıq tapmışam.
Baş verən belə acı olayları isə, Fondun adından həmişə Azərbaycan dövlətinə və onun layiqli başçısının hakimiyyətinə qarşı xarici ölkələrdəki mənfur düşmənlərimizin çoxdan hazırladıqları birbaşa terror aktı kimi qiymətləndirmişəm. Lakin baş verən bu tip üzücü xəbərlər, istər-istəməz, Azərbaycan mənafeyi naminə apardığımız təbliğatlara qara kölgələr salıb. Nəticədə, Azərbaycan həqiqətləri, ulu öndər ideyalarının qələbə çalması naminə qələmə aldığım möhtəşəm yazılar belə inandırıcı görünməyib. Beləcə, diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətimizin qarşısına, fürsətdən istifadə edən bədniyyət düşmən qüvvələr süni maneələr çıxarıblar.Çünki Azərbaycanın bu ölkədəki düşmənlərinin daha güclü arxa-dayağı olan diaspor qurumları var. Mən, Rusiyadakı Azərbaycan diasporunun mövcud acınacaqlı durumuyla əlaqədar, soydaşlarımıza və əlaqədar dövlət qurumlarına çox sayda səs-küylü müraciətlər ünvanlamışam. Nə olsun, səsimi eşidən, bu barədə düşünən səlahiyyət sahibi tapmamışam. Halbuki, Azərbaycanın terrorla üzləşdiyi belə çətin durumda, güclü olacaq diasporumuz böyük işlər görə bilər, əsl həqiqətlərin dünyaya çatdırılmasında əlindən gələni əsirgəməzdi. Bütün bunlar, Azərbaycanda gedən hərtərəfli inkişafı gözü götürməyən düşmən qüvvələrin məkrli planlarının tərkib hissəsidir. Hər bir azərbaycanlı bilməlidir ki, onların bu iyrənc planları Azərbaycanı daha dəhşətli təhlükələrlə üz-üzə qoymağa hesablanıb. Bu səbəbdən, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız ayıq-sayıq olmalı, ictimaiyyətin bütün təbəqələri, siyasi qurumlar arasında səmimi münasibətlər yaradılmalıdır. Ən başlıcası odur ki, iqtidar komandasında aparılması vacib ciddi kadr islahatları, əhalinin narazı təbəqələri tərəfindən alqışlarla qarşılanmalıdır. Prezident seçkilərindən sonra bir sıra iri məmurlar vəzifələrindən uzaqlaşdırılsa da, bu, Azərbaycan ictimaiyyəti üçün, elə də, önəmli olmadı. Çünki, məmur özbaşınalığı ilə üz-üzə qalan əhali, hələ də nə edəcəyini bilmir. Nəticədə, pik həddinə çatan bu narazılıqlar Gəncədəki xoşagəlməz hadisələrə “yol açıb, münbit şərait yaradır”. Düşmən qüvvələr isə, öz iyrənc hərəkətlərini ölkəmizdəki məmur özbaşınalığı ilə sığortalamağa çalışır, baş verən əsl terrora başqa yöndən “don geydirirlər. Mən belə hesab edirəm ki, aparılan kadr islahatları iqtisadi inkişafımıza da böyük təsir göstərər. Əhalinin illərdir onlara zülm edən məmurlardan hələ də xilas olmadığı, danılması mümkün olmayan bir faktdır. Onların etirazı haqlıdır. Çünki yaranmış sosial-iqtisadi çətinliyi xalqımız öz üzərində hiss edir. Buna paralel olaraq, hakimiyyətdəki klanlar getdikcə daha da varlanıb, harınlaşır. Ölkədə qanunların işləməməsi, xalqın səfalətə düçar olması, hüquqlarının pozulması etirazlara səbəb olan başlıca amillərdir. Kütləvi şəkildə etirazlar isə, sonda xöşagəlməz mühit yaradır. Tənəzzül və səfalətin hökm sürdüyü bir mühitlə üz-üzə qalan, sabitliyi pozulan, iqtisadiyyatı məhv olan bir ölkə uzun müddət özünə gələ bilməz. Çox şükür ki, Azərbaycan sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü və yüksək beynəlxalq nüfuza malik bir ölkədir. Məmur özbaşınalığı ilə daha ciddi mübarizə isə, bu nüfuzu daha yüksəklərə qaldırar. İnşallah, inanıram və əminəm ki, ölkə başçısının fəaliyyəti bu gün bu məqsədə çatmaq naminə mübarizəyə köklənib. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, indki xoşagəlməz situasiyalar da olmazdı. Bu nanəcib qüvvələrə qarşı həm Azərbaycan dövləti, həm də diaspor təşkilatlarımız birgə mübarizə aparmalıdırlar.

SABİQ DEPUTATA ÇIXIŞLARINDA EHTİYATLI OLMAQ TÖVSİYƏ OLUNDU
— Mirkazım müəllim, bu yaxınlarda sosial şəbəkələrdə sabiq deputat Bahar Muradovanin “Əhali ac yaşamağa öyrəşsin!” fikirinə qarşı sensasion munasibət bildirmisiniz. Daha doğrusu, ona ictimaiyyətin ürəyindən olan tövsiyə xarakterli cavablar ünvanlamısınız. Yəqin, onun bu cılız fikirləri Sizi də narahat etdi?
— Təbii ki, əgər, uzun zaman millət vəkili olmuş tanınmış bir şəxs xalqa ac yaşamağı öyrənməyi tövsiyə edirsə, buna heç kəs reaksiya verməyə bilməz. Mən də, ona məcburi tövsiyələrimi ünvanlamışam. Ən əsası, ona demişəm ki, pul elə vacib deyilsə, nəyə görə, onun sabiq həmkarları – xalqın elçiləri maaşlarının davasını edərək, onun qaldırılmasına nail oldular? Görəsən, o, bu cılız fikirlərini söyləyən zaman, heç olmasa, öz keçmiş seçicilərindən utandımı? Mən, bu sualı Bahar Muradovanın özünə də, açıqca vermışəm. Demişəm ki, o, belə sərsəm fikirlər söyləməklə, xalqla iqtidar arasında inamsızlıq körpüsü yaradır. O, bu tövsiyələrini ortaya qoyanda, ən azı, ulu öndər Heydər Əliyevin ruhu qarşısında vicdan əzabı çəkməliydi. Axi, ulu öndərin tövsiyələrinin kökündə də, əhalinin rifahının gündən-günə yaxşılaşdırılması dayanir.
Mən, ictimai-siyasi xadim, şair-publisist və ən nəhayət, bir vətəndaş olaraq, hesab edirəm ki, o, bir deputat kimi nə xalq seçiminə, nə ulu öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyevin komandasında olmağa, nə də Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Partiyasında təmsil olmağa layiq deyil – elə, düz olub ki, vaxtında, ona qarşı bunları reallaşdıran qərarlar qəbul edilib. Bütün bunlar, mənim subyektiv fikrimdir, yazdıqlarımın da, məsuliyyətini dərk edirəm. Bahar Muradovaya son olaraq onu da tövsiyə edirəm ki, nəhayətdə, o, bir şeyi yaddan çıxarmasın ki, Dövlətimizin mənbəyi – xalqdır! Xalqımızın rifahının yaxşılaşdırılması isə, birbaşa dövlətin prioritet istiqamətli məramı deməkdir. Millət vəkili olmuş və bu gün də olan hər kəsin isə, müqəddəs borcudur ki, xalqın yüksək sosial rifahının təminatçısı olsun. Bu istiqamətdə yorulmadan fəaliyyət göstərsin. Mən, Bahar Muradovanın özünə tövsiyə edirəm ki, çıxışlarında daim diqqətli olsun. Çünki xalqımız qədirbilən olduğu qədər də, hec nəyi unudan deyil: Nə pisliyi unudur, nə də yaxşılığı!..

Müsahibəni apardı:
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri

araz.az xəbər portalı.