İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Bərdə şəhər Heydər Əliyev mərkəzində Sübut Mehdiyevin müəllifi olduğu “Tarixin Zəfər Yolu” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə araz.az-a daxil olan məlumata görə, bu tədbir Xocalı qurbanlarının, şəhidlərimizin və Türkiyədəki zəlzələdə həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin rəsmisi Asif Abbasov qonaqları salamlayaraq kitab haqqında ümumi məlumat vermişdir. Sonra tədbirin təşkilatçısı İSBAM sədri Samir Adıgözəlli çıxış edərək “Tarixin Zəfər Yolu” kitabının gənc nəslin maarifləndirilməsində, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində öz töhfəsini verəcəyini bildirmişdir.
İSBAM sədri 44 günlük Vətən müharibəsinin yazıçılar, jurnalistlər, araşdırmaçılar tərəfindən ciddi tədqiq edilməklə tarixləşdirilməsinin zəruriliyini bildirib.
Daha sonra tədbirdə iştirak edən Çexiyada yaşayan professor Azər Kərimov, təhsil işçiləri Leyla Məmmədova, Tamella Əliyeva, şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid Fəxri Qəribzadənin anası Mehbarə xanım, şəhid Elməddin Hüseynzadənin anası Arzu xanım, şəhid Turqut Zeynalovun anası Zibeyde xanım və şəhid Səidin anası Əzizə xanım çıxış edərək işiq üzü görən kitabın müəllifi Sübut Mehdiyevə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.
Çıxışçılar qeyd etdilər ki, hər bir şəhidin xatirəsinə belə dəyərli kitabların həsr olunması cəmiyyət qarşısında böyük xidmətdir.
Müəllif Sübut Mehdiyev çıxış edərək kitabın məzmun və ideya xətti barədə iştirakçıları məlumatlandırdı. O, zəfərə gətirən yolda qəhrəman Vətən oğullarının şücaətlərini qələmə almaqla ilk növbədə öz mənəvi borcunu yerinə yetirdiyini qeyd edib. S. Mehdiyev bundan sonra da 30 il işğalda olan Qarabağın azadlığı uğrunda əməyi, zəhməti keçən hər bir qəhrəmanın döyüş yolunu öz qələmi ilə tarixləşdirəcəyinə söz verdi.
Sonda müəllif tərəfindən iştirakçılara kitablar imzalanaraq təqdim edildi.
İSBAM -ın təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində rayon ziyalıları, qazi və şəhid ailələri iştirak etmişdir.
araz.az xəbər portalı.