“Qarabağ” klubu bir neçə gün əvvəl 4 ildir əməkdaşlıq etdiyi fotoqrafı Elmir Kərimovla yollarını ayırıb.
Peşəkar fotoqraf açıqlamasında klubdan ayrılmasının səbəbindən danışıb.
araz.az xəbər verir ki, klubun media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yusif Cəfərov E.Kərimovun avrokubok çəkilişləri üçün məvacibinin 100 manatdan 50 manata azaldıldığını söyləyib. Fotoqraf bu qərarla razılaşmadıqda isə ona getməkdə sərbəst olduğunu deyilib:
“Klubla əməkdaşlıq edirdim. Rəsmi işçisi sayılmırdım, amma mənim kimi əməkdaşlıq etdikləri çox insan var. Dörd il klubla əməkdaşlıq etdim. İlk iki mövsümdə çəkdiyim fotoların ödənişi edilmirdi. Ötən ilin sonlarında bu problem nəhayət, aradan qalxdı və mənə ilk iki mövsümün borcu hissə-hissə ödənildi. Həmişə komandamızın çəkilişlərinə həvəslə getmişəm. Çünki mən ağdamlıyam, qarabağlıyam. Qaçqınlığın nə olduğunu bilirəm və bu komandaya bizi bağlayan mənəvi dəyərlər çoxdur. Komandamızın oyunlarına gələndə özümü cənnətdə hiss edirdim, çox xoşbəxt olurdum. Çəkdiyim şəkilləri futbolçular və məşqçilər çox bəyənirdi. Mən bu işdə çox xoşbəxt idim. Qurban Qurbanovun bütün tədbirlərini mən çəkmişəm və bütün saytlar çəkdiyim fotolardan yararlanırdı.
Mənə qarşı haqsızlıq odur ki, mənimlə pul söhbəti edildi. Öncə mənə dedilər ki, avrokuboklarda bundan sonra 50 manat çəkərsən ölkə çempionatında olduğu kimi. Mən də razı olmadım dedim, 4 ildir mən UEFA oyunlarını 100 manata çəkirəm. Bu pula işləmək istəmirəm. Ancaq mənə bu cavabımdan sonra Media və PR departamentinin rəhbəri Yusif Cəfərov reaksiya vermədi. Bu qiymətə razılaşmayanda dedi ki, hə, problem deyil, gedə bilərsən. Açığı, bu cavabı gözləmirdim. Özümü çox pis hiss etdim, gözlərim doldu. Özümü təmiz itirdim. Çünki sevdiyim işdə, sevdiyim komandada heç vaxt arzulamayacağım vəziyyətlə üzləşdim. Əvvəl 4 ildir avrokuboklarda 100 manat çəkirdim ölkə çempionatında isə 50 manat”.
E.Kərimov problemin səbəbinin nə olduğunu, UEFA və transferlərdən milyonlar qazanan klubun bu addımını anlamadığını bildirib:
“Mənə bildirdi ki, avrokuboku da 50 manata çəkməliyəm, Premyer Liqada olduğu kimi. “Gent” ilə oyundan bir gün öncə baş verdi bu söhbət. Otaqdan çıxanda klubun digər işçisi Vüsal Həsənov məni saxladı, soruşdu ki, nə olub niyə çıxırsan, hara gedirsən. O, gedib Yusif bəyi çağırdı, oturduq 1-2 dəqiqə yenə söhbət elədik dedi ki, “Futbol futboldur. Nə fərqi var Premyer Liqa və ya avrokubok, ikisi də eynidir, bunun fərqini izah et mənə. Biz sənə 50 manat verə bilərik”. Mən dedim ki, “əvvəlcə belə danışmışıq, belə razılaşmışam. Klub UEFA-dan, transferlərdən bu qədər milyonlar qazanır. 50 manat nədir ki, mənim pulumu kəsir, gəlib məndən 50 manat söhbət edirsiz”.
Mən orada pul söhbəti etmədim etirazım mənə dəyər verilməməsidir. Sonra Yusif fikirləşdi, dedi, gəl “Gent”lə oyunu 100 manata çəkərsən. Mən də özüm üçün qərar verdim ki, “Gent” ilə oyun final oyunum olsun. Çünki mənim çəkdiyim şəkillərdən UEFA da istifadə edir. Çəkdiyim fotolar UEFA-nın bütün səhifələrində paylaşılır. Oyun günü isə gördüm ki, Yusif bəy videoqraf və əlavə fotoqraf gətirib. Özümü burda artıq hiss elədim, işləyə bilməyəcəyimi gördüm və özümün final matçımı çəkdim.
Bu məsələ niyə ortaya atıldı, heç özüm də bilmirəm. Onsuz da aylıq qazancım “Qarabağ”da 200-300 manat arası olur. Bəzən isə daha da az. Bu pulla özümə sağlamlığımla bağlı lazım olan dərman və əşyaları alırdım. Özüm 3-cü qrup əliləm və bunu qabartmaq istəmirdim. 4 ildə sabiq mətbuat katibi Nurlan İbrahimov və indiki mətbuat katibi Gündüz Abbaszadə ilə heç bir problem olmayıb. Problem sadəcə Yusif Cəfərovun rəhbər təyin edilməsindən sonra yarandı. Bu problemi də mən yaratmamışam”. (sportlife.az)
araz.az xəbər portalı.
araz.az xəbər portalı.