Qərbi Azərbaycan İcması nümayəndələri Saray qəsəbə sakini, əslən Qərbi Azərbaycanın Nüvədi kəndindən olan Vətən Müharibəsi şəhidi Rauf Məhərrəm oğlu İbadovun ailəsini ziyarət edib.
araz.az xəbər verir ki, bu barədə Mili Məclisin deputatı Əziz Ələkbərli sosial şəbəkədə yazı yazıb.
Deputatın yazısına görə, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənovun rəhbərliyi ilə İcmanın bir qrup məsul şəxsləri əvvəlcə şəhidin adına olan bulağın önünə gül dəstələri qoymuş, daha sonra şəhidin yaşadığı evdəki muzeyini ziyarət ediblər.
Tədbirdə çıxış edən şəhid atası Məhərrəm İbadov ziyarətə gələn bütün qonaqları salamlayıb, ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə böyük diqqət və qayğısından söz açıb, ailəsi adından öz minnətdarlığını bildirib.
Tədbirdə söz alan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənov şəhidin ailəsinə İcma sədri, millət vəkili Əziz Ələkbərlinin hörmət və ehtiramını çatdıraraq, Raufun həm də bir qərbi azərbaycanlı kimi dəyanət və məğrurluq simvolu olduğunu bildirib. O, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdışın da tezliklə reallaşacağı və bu yolda canını qurban verib Qərbi Azərbaycana yol açan şəhidlərimizin xatirəsinə Raufun ata yurdu, Zəngəzurun qapısı sayılan Nüvədi kəndində abidə ucaldılacağına əmin olduğunu deyib.
Tədbirdə millət vəkili Elman Nəsirov, akademik Fikrət Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər də iştirak edib.
Tədbirdə Şəhid Rauf İbadovun rəsmlərindən ibarət sərgiyə, şəhidin şəxsi əşyalarının toplandığı muzeyə baxış keçirilib.
Sonda şəhidin ruhuna ehsan verilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.