cek-768x403.jpg

araz.az millitribuna.az-a istinadən  xəbər verir ki, bu gün vətəndaşları narahat edən sosial problemlərdən biri də özəlləşdirmə çekləri ilə bağlıdır. Uzun müddətdir ki, əllərində çekləri qalan vətəndaşlar tapdanan haqqlarının bərpası üçün mübarizə aparırlar. Belə ki, həmin vətəndaşlar və ailə üzvləri ölkə başçısından nazirlik rəhbərlərinə qədər müraciət edərək hüquqlarının bərpa olunacağı günü gözlədiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib! Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə isə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Mövzu ilə bağlı “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Millitribuna.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin aqibətini müəyyən edən addımlar atılmalı və çağırışlara qarşılıq verilməlidir:

“Son vaxtlar çeklərlə bağlı çağırışların artması müşahidə olunur. Çünki o vaxtı özəlləşdirmə çekləri ilə bağlı aparılan proses ədalətli olmayıb. Nəticədə adi vətəndaşların böyük əksəriyyəti heç bir şeyi özəlləşdirə bilmədi, ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı bir qrup vəzifəli və imkanlı şəxslərin əlində cəmləndi. Beləliklə, özəlləşdirmə çekləri kampaniyası tam iflasa uğradı. Məntiqlə və ədalətlə demək olar ki, ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Çünki qanunla ölkə əmlakının bölünməsindən onlara düşən, amma verilməyən qanuni paydır.

Üstəlik, o çeklərin real qiyməti minlərlə manatla ölçülsə də, elə bir siyasət aparıldı ki, vətəndaşlar onları bir neçə manata satmalı oldu. Respublikanın bütün əmlakı ümumxalq əmlakı idi və hər vətəndaşın orada payı var idi. Lakin vətəndaşların azı 90 faizi öz paylarını ala bilmədilər. Yenə kəndlərdə heç olmasa torpaq bölündü. Şəhər sakinləri isə heç nə əldə edə bilmədilər. Bu isə kobud hüquq pozuntusudur və vətəndaşların pozulmuş hüquqları, ədalət hansısa formada bərpa olunmalıdır. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir”.

Özəlləşdirmə çeklərinə sahib olduğunu vurğulayan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu isə öz növbəsində qeyd edib ki, o vaxtı özəlləşdirilmə prosesinin düzgün şəkildə aparılacağı gözlənsə də, bunun tam əksi yaşandı:

“O vaxtı özəlləşdirmə prosesi hüquqi baxımdan düzgün şəkildə aparılmadığına görə əksər insanlar öz eklərini ucuz qiymətə satdı. Lakin bu gün çox sayda insan var ki, hələ də vauçerlərini saxlayırlar və bir gün yenidən tədaüvlə buraxılacağını ümid edirlər. Vətəndaşların müraciətlərini və çağırışları nəzərə alsaq, özəlləşdirmə çeklərinin yenidən istifadəsinə şərait yaradılması arzuolunandır. Fikrimcə, vauçerlərdən istifadəyə ehtiyac olan obyektlər hələ də qalıb. Belə ki, işğaldan azad olunmuş bəzi şəhər və rayonlarda özəlləşdirmə prosesinin baş verməcəyi gözləniləndir. Özəlləşdirmə ilə bağlı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə olunması vətəndaşların sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün məqsədəuyğundur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.