amea.jpg

Zərər çəkən AMEA əməkdaşları ölkə başçısına açıq məktubla müraciət ediblər. araz.az da, redaksiyaya daxil olan həmin Müraciətin tam mətni dərc dəyərli oxucularının diqqətinə çatdırır:

“Cənab Prezident!

AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli 14/3 nömrəli qərarına əsasən AMEA-da 5 ildən artıq əmək stajı olan əməkdaşlara AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin uzunmüddətli istifadəsində olan, Yarımca kəndi yaxınlığındakı torpaq sahəsindən istifadə üçün sahə ayrılmışdır. Hər biri 10 sot olmaqla torpaq sahələri 312 əməkdaşa verilmiş və bu onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, isti aylarda istirahətlərinin təşkili üçün nəzərdə tutulmuşdur. Əməkdaşlarla müvafiq müqavilələr bağlanılmış, qarşılıqlı öhdəliklər müəyyən edilmişdir.
Müqaviləyə əsasən, torpaq sahəsinin ətrafının abadlaşdırılması, yolların çəkilməsi, mühafizə və s. problemlərin həlli üçün bağ sahəsi verilən əməkdaşların əmək haqlarından hər ay rəsmi qaydada 15 manat çıxılmış, hesabdan hesaba ödəmələr edilmişdir. Müqavilə bağlananda isə hər bir əməkdaş ayrıca 50 manat nağd ödəmişdir. Bu da müqavilənin bağlandığı (2019-cu ilin iyul ayı) 20 ay ərzində 400 manatdan çox deməkdir.
2021-ci ilin əvvəlində AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsi İnstitutlara sərəncam göndərərək, müqavilələrin ləğv olunduğunu bildirdikdən sonra biz, müvəqqəti torpaq sahəsi verilən əməkdaşlar problemə aydınlıq gətirilməsi məqsədilə AMEA Rəyasət Heyətinə, Azərbaycan Respublikasının Baş Nazirinə müraciətlər ünvanladıq. AMEA Rəyasət Heyətindən bizə ünvanlanan 06-1-1009 saylı 30 dekabr 2021-ci il tarixli cavabda sözügedən torpaq sahələrinin təyinatının dəyişdirilərək kənd təssərrüfatı təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi ilə əlaqədar AMEA rəhbərliyi tərəfindən 06.05.21-ci il tarixli 01-3/365 məktubla Azərbaycan Respublikasının Baş Nazirinə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidmətinə (surəti:Torpaqların Dövlət idarəetməsinin təşkili üzrə Dövlət Agentliyinə) 31 avqust 2021-ci il tarixli 06-1-462 nömrəli məktubların ünvanlandığı, bununla əlaqədar yerquruluşu planınınn hazırlanması müqabilində AMEA İşlər idarəsi tərəfindən 8715,20 azn (səkkiz min yeddi yüz on beş manat iyirmi qəpik) məbləğində vəsaitin ödənildiyi qeyd olunurdu. Müvafiq müraciətin Kənd təsərrüfatı nazirliyinə də ünvanlandığı bildirilirdi.
AMEA Rəyasət Aparatına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin ünvanladığı 26.05.22-ci il tarixli (№229126008201) sonuncu cavab məktubunda yerquruluşu sənədlərinin təsdiq edilməsinin məqsədəuyğun olmadığı göstərilir və bu, həmin ərazinin (Yuxarı Əngilan kənd ərazisi) 24.10.2015-ci il tarixində (çıxarış PX 0751587) AMEA istifadəsinə verlməsinin yanlış olması ilə izah edilir.
Bütün bunlar aşağıdakılara diqqət yetirilməsi tələbini qoyur:
1. Əməkdaşlardan hər ay tutulan məbləğ (və 50 manat nəğd ödəniş) müqavilədə göstərildiyi kimi abadlıq (yol, işıq, su və.s) işlərinə sərf olunmamış, ərazidə hər-hansı müsbət iş görülməmişdir.
2. Torpaq sahələrinin AMEA əməkdaşlarının istifadəsinə verilməsi istiqamətində görülən işlərə baxmayaraq, nəticədə əməkdaşlar hara sərf olunduğu məlum olmayan vəsait itkisi vermişdir (yüz otuz min manata qədər).
3. Bir çox əməkdaşlar sahələrində müəyyən işlər görmüş və bəzi əməkdaşların itkisi 1000 manatdan çoxdur.

Cənab Prezident!
Biz, sözügedən torpaq sahəsi barədə müqaviləsi olan əməkdaşlar, baş verənləri KORRUPSİYA kimi qiymətləndirərək məsələnin araşdırılmasını, vəsaitin hara axmasına aydınlıq gətirilməsini rica edirik!”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.