Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Əhmədli (1931-2010) bütün tələbələrinin, elm adamlarının qəlbində yaşayır.
Cəmil müəllim qədər kitaba və mütaliəyə bağlı çox az adam tanıyıram. Dissertasiya müdafiəmdə opponentim olub. Cəmil müəllimin söhbətlərindən doymaq olmurdu. Hər söhbətindən bir neçə dissertasiya mövzusu tapmaq olardı. Cəmil müəllimin özünəməxsus zadəganlığı var idi.
Söyləyirlər ki, böyük qardaşı görkəmli riyaziyyatçı, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov təbiətən çox sadə, humanist, xeyirxah bir insan idi. Böyük zəka sahiblərindən biri olan Qoşqar müəllim sanki bir dağ idi, ona hər yerdə böyük el məhəbbəti var idi. Cəmil müəllim qardaşının bütün keyfiyyətlərini özündə cəmləşdirmişdi.
Bu gün məni sarsıdan bir hadisənin şahidi oldum.
Küçədə səkiyə kitab düzüb satan bir nəfərdən Cəmil Əhmədlinin imzası olan iki kitab aldım. Görəsən, bu kitablar hansı səbəbdən küçəyə “ayaq açıb.”
Böyük şəxsiyyətlərin kitabxanası qorunmalıdır, ailədə oxuyan yoxdursa kitabxanlara təhvil verilməlidir. Cəmil müəllim oxuduğu hər kitabda qeydlər aparırdı. Mən ona verdiyim kitablarda bunun şahidi olmuşam. Facebook vasitəsilə müraciət edirəm: Cəmil müəllimin kitabxanasını almağa hazıram. Onun imzası olan kitablara hörmətlə yanaşmaq lazımdır.
Etibar ƏLİYEV,
millət vəkili.
araz.az xəbər portalı.