Bələdiyyə sədri may ayında problemin həll olunacağını deyir

araz.az Meydan TV-yə istinadən xəbər verir ki, Göyçayın Mırtı kənd sakinləri örüş sahələrinin zəbt olunmasından şikayətçidirlər.

Onların sözlərinə görə, kənddə sovet dövründən mövcud olan 12 hektarlıq örüş sahəsində artıq ot bitmir, torpaq tamamilə şoranlaşıb. İllərdir ki, həmin sahədə heyvanların otarılması torpağın bitki örtüyünü  yoxa çıxarıb. Kənd sakinləri isə ancaq xırdabuynuzlu heyvanları örüşə göndərir.

Kənd sakini Səhrayyə Hüseynova Meydan TV-yə deyir ki, yanvardan etibarən onlar da ciddi  problemlə qarşılaşıblar:

“Ot olmadığından heyvan torpağı gəmirir, yol kənarlarında kola qaçır. Əvvəl yol kənarlarında ot olardı, bu il o da yoxdur. Heyvanlar qarğı başı yeyir. Səhər tezdən aparıb çəltiyliyə salırıq, axşama qədər orada ac qalırlar. Qoyunlar quru torpağa baxır, biz də onlara. Hər il qoyunlar çöldə otlayırdı, 50-60 baş qoyunuma 10 bağlama saman və bir o qədər yonca bağı bəs edirdi, hətta artıq qalırdı. İndi isə hələ yaza çox qalıb, 40 bağ yonca otunu, iki iri topa ot tayamı da yeyib bitiriblər“.

Foto: Meydan.TV

“Örüşə aparmaq olmur, deyirlər mənimdir”

Kəndin digər bir sakini Seymur Tarverdiyev deyir ki, örüş yeri və otsuzluq səbəbindən qoyunların sayını azaldıb, 100 başlıq qoyunu 50 başa salıb.

Onun sözlərinə görə, kənddə əlavə 45 hektarlıq örüş sahələri nəzərdə tutulub ki, hazırda həmin ərazilər müxtəlif kənd sakinləri tərəfindən zəbt olunub. Bələdiyyənin isə örüş sahələrinin zəbt olunmasına göz yumduğu bildirilir:

“Neçə gündür ki, otlaq yeri olmadığı üçün 50 baş qoyunu  tövlədə saxlamışam. Çünki ot yoxdur. Digər örüşə də buraxılmırıq ki, kənd sakinlərinin ərazisidir. Yol kənarları da zibillik içindədir. Yeyib ölürlər. 500-600 bağlama yoncam vardı. Günə 10 bağ yedizdirmək məcburiyyətindəyəm. Günə 70-80  manatlıq ot yeyirlər. Hələ 50 baş oyunu satdım. Bələdiyyəyə  deyirik ki, bizi örüşə buraxın. Deyir ki, taxıl biçiləndən sonra sizin məsələyə baxılar“.

“Elə ki, payız oldu, nə yer tapırıq, nə ot”

Qoyun təsərrüfatının sahibləri deyir ki, hər gün 400 baş qoyunu eyni örüş sahəsinə aparmaqdan beziblər. Ona görə də kənd sakinlərinin biçilmiş torpaq sahələrini pulla alıblar. Amma artıq həmin torpaqlardan da uzaqlaşdırılıblar.

Kənd sakini Ağabala Musayev deyir ki, bələdiyyə örüş sahələrini həmin vətəndaşlardan alıb ərazini tutmalıdır. Çünki örüş sahələrini öz pay torpağına qataraq zəbt edənlər müxtəlif bəhanələrlə onlara mane olurlar.

“Yayda çəltiklikdə dolanırıq. Elə ki, payız oldu nə yer tapırıq, nə ot. İndi artıq zəbt olunmuş ərazilərin də hektarını 100-200 manata satırlar.  İkinci problem isə pulla aldığımız örüş sahələrinə gedərkən kimlərinsə başından keçməliyik. Bəzi insanlar özbaşnalıqdan o ərazilərə də yiyəlik edirlər. Hətta buna görə davamız düşdü. Məni bu yaxınlarda pis döydülər. Bütün qoyun saxlayanlar incidilir. Bələdiyyəyə də, icraya da, kənd polisinə də demişik, kimsə kömək etmir. 130 baş qoyunu 70-ə saldım. Yer ayrılmasa, hamısın satacağam“.

“İcra başçısının qəbuluna düşməyə icazə vermədilər“

Sakinlər köhnə örüş sahələrinin zəbt olunmasının qarşısını almaq üçün Göyçay Rayon İcra Hakimiyyətinə üz tutublar. Amma Mırtı kənd bələdiyyəsi onlara mane olub, örüş sahələri ayrılacağına vəd edib.

“Bələdiyyə sədri İcra Hakimiyyətinə şikayət etməyək deyə bizə mane oldu. İcra başçısının qəbuluna düşməyədə icazə vermədilər. 14 nəfər idik. Bələdiyyə sədri şikayətimizi dinləyib 7 hektar örüş sahəsi ayıracağına dair söz  verdi.  Ancaq ora  daxil ola bilmirik. Yenə əraziyə yaxın pay torpaq sahibləri mane olur, icazə vermir, zəbt edirlər. Deyirlər ki, kanaldan yol çəkməlisiniz. Kiminsə ərazisinə keçməmək üçün ərazi tutulmalıdır, ətrafı qazılmalıdır. Ekskvator da ciddi problemə çevrilib. Bələdiyyə deyib ki, özüm gətirəcəyəm, amma guya ekskvator tapılmır“, – deyə Ağabala Musayev bildirib.

“Qoyunlar girib ziyanlıq edir deyə biçini gözləyirik“

Mırtı kənd bələdiyyəsinin sədri Nazim Davudov iddialarla razılaşmır.

O, Meydan TV-yə deyib ki, vətəndaşların şikayətini dinləyib və onlara boş örüş sahəsi ayırıb. Sadəcə, əraziyə yaxın bəzi kənd sakinlərinin əkinə görə etirazı olub. Ona görə də hazırda əraziyə giriş mümkün deyil:

“Kənd sakinləri icra başçısına müraciət etməyə getmişdilər. Mən də onları görüb dedim ki, burada icralıq iş yoxdur, mənlikdir. Kənd sakinlərindən əsasən biri həmin əraziyə girməyə mane olurdu. Mən də onu çağırıb dedim ki, belə etmək olmaz. Əslində sakinlərə örüş kimi verilən torpaq zəbt olunmayıb, sadəcə, istifadəsiz qalmış bələdiyyə torpağıdır, örüş deyil. Zəbtdən söhbət gedə bilməz. Sadəcə, həmin yerlərə yaxın bəzi pay torpaq sahibləri  var ki, 20-30 sot irəliləyib örüş ərazisini də torpağının ərazisinə  qatıb. Orada da taxıl əkiblər. Qoyunlar girib ziyan verir deyə biçini gözləyirik. Demişəm ki, biçindən sonra ərazi dəqiqləşdiriləcək və örüş ayrılacaq. İndi əkinə də ziyan vura bilmərik“.

Bələdiyyə sədrinin sözlərinə görə, problem yaya qədər həllini tapacaq:

“Zəbt edilmiş ərazi 40-50 sotdan artıq yer deyil. Onu da alıb təhvil verəcəyəm. Sakinlərə də demişəm ki, birgə köməkləşib ərazinin əhatəsini texnika ilə qazdıraq, kanaldan körpü, yol salaq. Alıkənd və Mırtı kəndlərinin bir yerdə 80 hektar örüş sahəsi var. Həmin kəndlərdən Bəydövül kəndinə qədər yol kənarları da bu ərazilərə daxildir.  Hər gün yol kənarlarında otarırlar. Əslində onlar indi də verdiyim əraziyə  girə bilərlər, sadəcə, əkinə görə qalmışıq. Biçini gözləyirik, mayda problemə son qoyacağıq“.

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.