Abutalıb Səmədov: “Ermənistan düşünür ki, 10 noyabr sənədində dəhliz sözü varsa, bu yalnız onlara aiddir”
araz.az 525.az-a istinadən xəbər verir ki, İrəvan “Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin” yaradılması təklifini qəbul etməyib.
Əliyev bu təklifi Münhen görüşündə rəsmi şəkildə vermişdi. Ermənistan bundan niyə yayınır?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İlham Əliyevin Münhendə həm Zəngəzurda, həm də Laçında nəzarət-buraxılış məntəqələrinin yerləşdirilməsilə bağlı səsləndirdiyi təklifə Ermənistanın razılıq verməyəcəyi əvvəlcədən məlum idi: “Bu təklifi onların qəbul etməsi mümkün deyil. Səbəb aydındır. Ermənistan hesab edir ki, 10 noyabr bəyanatında Laçın dəhlizi ifadəsi olduğuna görə, orada heç bir nəzarət-buraxılış məntəqəsi yaradıla bilməz. Ermənilərin fikrincə, Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək yol isə dəhliz deyil. Ermənilərin ağlına gəlməyib ki, bir məsələni araşdırsınlar. Dəhliz ifadəsinin sənəddə yer alması ermənilərə üstünlük verirmi? Laçın dəhlizi ilə bağlı müzakirə 30 ildir aparılır. Nəzərdə tutulub ki, belə bir humanitar dəhliz yaradılmalıdır və onun vasitəsilə Qarabağdakı ermənilər Ermənistanla əlaqə qurmalıdır. Ancaq 1997-ci ildə təklif olunan “paket”, 1998-ci ildəki “ümumdövlət” variantlarda “Laçın dəhlizi” ilə bağlı tərəflərin ayrıca razılaşma imzalaması nəzərdə tutulub. Bu razılaşmada bütün detallar iki tərəf arasında müzakirə olunmalıydı. Naxçıvandan çəkiləcək yol beynəlxalq nəqliyyat dəhlizidir. BMT-nin iqtisadiyyat komitəsinin verdiyi tərifə görə, bu, beynəlxalq nəqliyyat dəhlizidir və onun da statusu ayrıca müzakirə olunmalıdır. Hər ikisinin statusu razılaşdırılmalıdır. Ermənistan düşünür ki, 10 noyabr sənədində dəhliz sözü varsa, bu yalnız onlara aiddir. Bu, Azərbaycanın suverenliyini nəzərə almır. Çünki həmin dəhlizdən ermənilər istəgədikləri kimi hərəkət edirlər. Ancaq Zəngəzur dəhlizində öz suverenliklərini qorumağa çalışırlar. Orda həm sərhəd, həm də gömrük xidməti yerləşdirmək istəyirlər. Prezident Münhendə bu təklifi verməklə, Ermənistanı pis vəziyyətə saldı. Bu həddindən artıq düzgün bir xətdir. Azərbaycan sona qədər tələb etməlidir ki, bu təklif yerinə yetirilsin. Humanitar dəhlizlərin rejimi tərəflər arasında müəyyən olunur və onlar qısa müddət üçün nəzərdə tutulur.
Ermənilər bundan imtina etməklə qeyri-konstruktivliklərini sübut etdilər. Ermənilər bilməlidir ki, 10 noyabr sənədində maneəsiz hərəkət Laçın dəlizində deyil, Zəngəzurda nəzərdə tutulub. Nədənsə, ermənilər bunu da anlamaq istəmirlər. Ümid edək ki, ermənilər nə vaxtsa bu reallıqları anlayıb, qəbul edəcəklər”.
İrəvanın hazırda əsas diqqət verdiyi istiqamət Laçın yolundakı aksiyanın başa çatdırılmasıdır. Vardanyanın “vəzifəsindən” çıxarılmasından sonra Bakının “tələbinin qəbul edildiyi” rəyini yaradır və Haaqa Məhkəməsinin son qərarını əsas tutaraq, genişçaplı kampaniya aparırlar. Məqsəd Laçın yolundakı aksiyanın qarşısını almaqla Bakının “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” mövqeyini zəiflətmək, eyni zamanda, erməni əhali ilə təmasların qurulması prosesində separatçıların əlini gücləndirməkdir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.