“Ermənistan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoyulmasına razılaşacaq və Qarabağa nəinki silahların, həmçinin hər hansı qeyri-leqalların axınına da son qoyulacaq. Separatçıların başçıları Ruben Vardanyanın “vəzifədən” uzaqlaşdırılmasından sonra Qarabağdan da deportasiya edilməsinə artıq razılıq veriblər.
Bundan sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və Azərbaycan dövlətinə reinteqrasiyası başlanacaq. Azərbaycan rəhbərliyinin bildirdiyi kimi, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxacaq, ermənilər Azərbaycanın bərabərhüquqlu vətəndaşları olacaqlar. Cənubi Qafqaz tarixinin daha bir ağır səhifəsi bağlanacaq”. Bu fikirlər rus ekspert Andrey Petrov tərəfindən səsləndirilib. Onun yanaşması ilə ermənilərin böyük əksəriyyəti də razılaşır.
Erməni politoloq Argişti Kiriryan qeyd edir ki, Azərbaycanın tələbi ilə Vardanyanın “vəzifədən” uzaqlaşdırılması artıq çox şeydən xəbər verir: “Bundan təxminən iki həftə əvvəl Ruben Vardanyanın uzaqlaşdırılacağı barədə məlumatım var idi, ancaq bundan əvvəl də elə bir vəziyyət yaranmışdı ki, demək olar, qərar qəbul edilmişdi. Ruben Vardanyanın uzaqlaşdırılması ilə Bakı Qarabağda vəziyyətin hakiminin kim olduğunu göstərir. İndi bunun ardınca Azərbaycan Laçın yolunda postlar, rentgen aparatları qoya, yolu aça bilər, amma bu onun hansı hesablamalarla əməliyyat aparacağından asılı olacaq. Biz başa düşməliyik ki, Bakı bir neçə məsələni həll etmək üçün həmin yolu bağladı. İndi yolu müvəqqəti olaraq aça bilər, beləliklə Bakı Qarabağda istədiyi məsələlərin daha asan həll olunacağını düşünür”. Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan da məsələyə eyni prizmadan yanaşır: “Azərbaycan prezidenti İlham Əliyev Qarabağda kadr və daxili məsələləri de-fakto həll edir. Vardanyanın uzaqlaşdırılması tələbini ilk dəfə BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın səfiri səsləndirdi. Sonra bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri də təkrarladı. Sonda isə bu tələb Münhen konfransı zamanı Əliyev tərəfindən dilə gətirildi. Bu açıqlama dərhal istefa ilə müşayiət olundu. Əgər Əliyevin “daxili kadr” qərarlarına təsir etmək imkanı varsa, bunun daha vacib məsələlərə hansı təsirinin olacağını təxmin etmək olar”. Başqa bir erməni politoloq Edvard Antinyan Azərbaycanın dediklərinin artıq Qarabağda əsas olduğunu göstərir: “Mən çoxdan demişəm ki, Ruben Vardanyan qurban veriləcək. İlham Əliyev qalib gəlib, çünki tələb qoydu və yerinə yetirdi”.
İndi fikirlər də səslənir ki, Ruben Vardanyanın Qarabağın erməni icmasındakı “vəzifəsi”ndən uzaqlaşdırılması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını artıracaq. Erməni siyasi şərhçi Edik Andreasyan bu xüsusda bildirir: “Mən Ruben Vardanyanın Qarabağa niyə gəldiyini hələ də başa düşməmişəm. Xahiş edirəm, məni düzgün anlayın. Rusiyadan olan məşhur iş adamı Ruben Vardanyanın Qarabağa niyə gəldiyini indiyə kimi başa düşməmişəm. Əvvəlcə o gələndə həyəcanlandım. Lakin Arayik Arutyunyanın “fərman”ı ilə Ruben Vardanyan təyinatından təxminən 100 gün sonra “dövlət naziri” vəzifəsindən azad edildi. Burada hansı sirr ola bilər? Ruben Vardanyan Qarabağa maneə idi, yoxsa pis tərəfdarı idi? Nə edək, Əliyevə müraciət edək ki, Ruben Vardanyan fenomenini bizə ümumi insan dili ilə izah etsin? O kimdir, nə üçün Qarabağa gəlib, niyə “dövlət naziri” təyin edilib və niyə işdən çıxarılıb?.. Məni narahat edən suallara cavab tapmazdan əvvəl mən hər gün mətbuatda xəbərlər oxuyuram ki, Ruben Vardanyan ən pis halda Ermənistana gələ, İrəvan meri ola bilər.
Yaxşı, Ruben Vardanyan milyon yarım əhalisi olan İrəvana rəhbərlik edə biləcək fiqurdursa, niyə “120 min” əhalisi olan Qarabağa rəhbərlik etməyə imkan vermədiniz? Nəhayət, belə bir təhlükə də var ki, Əliyev razılaşmayacaq və Ruben Vardanyanın Ermənistanı tərk etməsini tələb edəcək”. Erməni ekspert Serob Marutyan isə Bakının gücünü bir daha göstərdiyini vurğulayır: “Bakıda indi Arutyunyanı ələ salırlar, Vardanyana isə “Kremlin marioneti” deyirlər. Bir neçə gün əvvəl Arayik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Məlum olduğu kimi, Ruben Vardanyan Qarabağa “nazir” təyin olunan andan Azərbaycanda ona kəskin mənfi münasibət formalaşıb. Laçın dəhlizinin “bağlanması”ndan sonra isə “blokada”nın götürülməsi üçün ilkin şərtlərdən biri olub. Ruben Vardanyan Qarabağı tərk etməli idi. Ruben Vardanyanın “iş”dən çıxarılması Qarabağ “hakimiyyət”i üçün kifayət qədər ciddi nəticələr verəcək. O mənada ki, Xankəndidə Ruben Vardanyandan “qurtulmaq” qərarına gəlmələri geri çəkilmək deməkdir. Azərbaycana boyun əymək, bu da öz növbəsində son dərəcə pis vəziyyət yaradacaq. İndi isə Ruben Vardanyan artıq “nazir” olmayanda aydın olur ki, Xankəndi Bakının presedent kimi istifadə edəcəyi qərar qəbul edib və artıq ondan istifadə edir. Azərbaycan mediası Vardanyanın “işdən çıxarılmasına” müsbət reaksiya verir. Vardanyan hər mənada “Kremlin marioneti” kimi təqdim olunur. Azərbaycan prezidenti İlham Əliyevin sözlərinin həddən artıq çəkiyə malik olduğu vurğulanır. Azərbaycan mətbuatının yazdığına görə, Arayik Arutyunyan “hətta İrəvandan və Moskvadan təbii ehtiyaclarını qarşılamaq üçün icazə istəyir” deyə, onun Əliyevin tələbini yerinə yetirməkdən başqa yolu qalmayıb. Yəni Azərbaycan tərəfi artıq baş verənləri Azərbaycan dövlətinin Qarabağın Azərbaycana inteqrasiyası yolunda növbəti qələbəsi kimi təqdim edir. Bu kampaniya daha bir neçə gün, bir neçə həftə davam edəcək və qarabağlılar istəsələr də, istəməsələr də bunun nəticələrini udmalı olacaqlar”.
Nahid SALAYEV.
araz.az xəbər portalı.