Tanınmış aparıcı Rövşanə Ağasəfqızının zamanında izləyiciyə reytinq üçün keyfiyyətsiz proqramlar təqdim etdiklərini etiraf etməsi birmənalı qarşılanmadı. 

araz.az yenisabah.az-a istinadən  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan şoumen, aparıcı Kamran Həsənli indiki bayağı proqramların vaxtilə planlanmış bir konsept olduğunu deyib:

“Proqramlarla bağlı günah aparıcılardadır demək düzgün deyil, hər aparıcının öz səviyyəsi, intellekti, peşəkarlığı var. Bu gün televiziyalarımız səviyyəli, peşəkar aparıcılardan məhrumdur. Elə insanlar kənardadırlar, televiziya rəhbərləri reytinq dalınca qaçır. Reytinq də yalançı bir şeydir, onlar özləri özlərini inandırıblar ki, guya pis verilişlər daha çox baxılır. Mən güman edirəm ki, bu cür bayağılaşma Azərbaycanda bir konsept idi. Biz hələ də o konseptdən çıxa bilmirik. O vaxt daha çox Əli Həsənov televiziyaya kuratorluq edirdi. O və onun kimilər əl-ələ verib çalışırdılar ki, orada ədəbsiz, əxlaqsız şeylər göstərsinlər,  Azərbaycanın minillərdən keçib gələn adət-ənənəsini dağıtmaq üçün çalışırdılar. Bu, bizi rəzil bir millət halına salmaq üçün konsept idi. Və sizə deyim ki, bu sahədə müəyyən “uğurları” da olub, istədiklərinə nail olublar. Əgər cəmiyyətə, ətrafınıza baxsanız görərsiniz ki, televiziyaların çox böyük “uğur”u var, televiziyada gördüklərimizə oxşayan adamlar ətrafımızda kifayət qədər çoxdur. Zay insan məhsulu və başıaşağı, utancverici bir millər yaratmaq üçün o konsept işləyib”.

Onun sözlərinə görə, teleaparıcılar bu gün də həmin “tərz”dən qurtula bilmirlər:

“Çox təəssüf ki, bu, indi də davam edir. Bir balaca dəyişikliklər var, o da geosiyasi və siyasi məsələlərdədir, amma onları da köhnə, rəzil televiziya ənənəsi ilə edirlər. Bu tərzdən çıxa bilmirlər, o taylı, bu taylı Azərbaycandan danışırlar, Rusiyanı işğalçı adlandırırlar, politoloqlar çağırırlar, lakin tərz öz sözünü deyir. Həmin əttökən, gülünc tərz bu gün də davam edir”.

İllərdir efirlərdən uzaq düşən K.Həsənli yerli telekanalların onu televiziyaya yaxın buraxmadığını bildirib:

“Televiziya mənim həyatımdır, peşəmdir. Televiziya sahəsində ən böyük uğurlar bizdə olub. Bu günsə kənarda dayanıb baxırıq, bu da bizə xoş hisslər yaşatmır. Televiziya mənim evimdir, mən orada populyarlaşmışam, özümü tanımışam və əlbəttə ki, ora qayıtmaq istəyərdim. Mən televiziyadan getməmişəm, məni oradan göndəriblər. Bu gün yerli telekanallar koalisiya yaradıblar, əl-ələ verərək bir çəpər çəkiblər ki, nəbada, mən ora yaxınlaşam. Özləri də bilirlər ki, mən ora yaxınlaşsam onların indiki “milləti zay etmə konsepti” məhv olacaq. Bunu onlar çox yaxşı bilirlər, ona görə məni yaxın buraxmırlar”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.