Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə ictimai-siyasi aktivliyin artacağı gözlənilsə də, hər hansı ciddi tərpəniş olmadı.
Hakimiyyət əleyhdarları ölkədə vəziyyətın daha da ağırlaşdığını, hər hansı islahatın aparılmadığını iddia etsələr də, bunu siyasi mübarizə müstəvisinə gətirə bilmədilər.
Təbii ki, yay fəslində ölkədə siyasi proseslərin akrivləşmə ənənəsi yoxdur. Çünki həm havaların isti keçməsi, həm də əhalinin əksəriyyətinin istirahətdə olması səbəbindən siyasi aktivliyin yaranacağı gölənilən deyil.
Bir ay sonra yeni mövsüm başlayır və siyasi proseslərin aktivləşməsi üçün zəmin yaranır. Maraqlıdır, müxalifət qarşıdakı dövr üçün nə planlaşdırır, ümumiyyətlə, siyasi qüvvələrin payız planı varmı?
Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün müxalif düşərgənin nümayəndələri ilə söhbətləşdik.
Siyasi şərhçi Nəsimi Məmmədli “Reytinq”ə deyib ki, siyasi fəaliyyət fasiləsiz və ardıcıl prosesdir, onun fəsillərə görə planlaşdırılması olduqca yanlış yanaşmadır. Onun sözlərinə görə, konkret məqsədləri olan təşkilatların hər gün üçün aydın və hesabatlı planı olmasa, ciddi nəticələr əldə eləmək mümkün deyil:
“Təəssüf ki, indi bir çox təşkilatlar siyasi fəaliyyəti imitasiya edir. Hazırda ölkəmizdə siyasi fəaliyyətin müstəvisi yoxdur. Hakimiyyət partiyaların əl-qolunu tam bağlayıb. İstər qanunvericilik, istərsə də praktik baxımdan tam bir məhdudiyyət hökm sürür. Qismən sosial şəbəkələrdə və sosial mediada müxalifəti görmək mümkündür. Bu yanaşma davam etdikcə siyasi fəaliyyətin böyük uğura nail olması mümkün deyil. Odur ki, belə basqı şəraitində nə siyasi müxalifətdən konkret olaraq nələrsə ummaq olur, nə də onlar bu durumda hakimiyyətdən nə isə tələb edə bilər. Əslində cəmiyyətin fəal kəsiminin əksəriyyətinin artıq bir sıra partiyalardan gözləntiləri də yoxdur”.
N. Məmmədli qeyd edib ki, indi hakimiyyətin qarşısında hansısa tələb qoymaqdan çox, cəmiyyəti öz hüquqları uğrunda mübarizəyə hazırlamaq daha effektlidir. Onun qənaətincə, müxalifət öz hədəflərinə doğru aydın proqramla hərəkət etmədikdə, mütləq iqtidarın addımlarını təqib etməli olur: “Öz məqsədlərini həyata keçirmək əvəzinə, rəqibin addımlarına cavab verməklə onun müstəvisində məşğul olacaq. Belə fəaliyyət siyasi partiyaları məqsədindən yayındırır və cəmiyyət dətədricən o qurumlara ciddi maraq göstərmir”.
N. Məmmədli cəmiyyətin canlanması üçün ən azı üç mühüm şərti önəmli sayır:
“Birincisi, əksəriyyətin qəbul edəcəyi vahid ideyanı müxalifət düşərgəsinə mənimsətməkdir. Yəni, təşkilatların məhdud maraqlarının hüdudlarını aşan ideyanın dominantlığına nail olmaqdır.
İkincisi, əsas və real müxalif təşkilatlardan birinin lokomotivliyi ilə bu ideya ətrafında siyasi birliyi təşkil etməkdir.
Üçüncüsü, əhali arasında yeni metodlarla və ən əsası da çox səssiz təşkilatlanmanın aparılmasıdır.
Dinc və kütləvi prosesləri canlandırmaq üçün bu amillərə zərurət var”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə qeyd edib ki, yay mövsümü Azərbaycanın siyasi həyatında həmişə sürprizləri və iri kampaniyaları ilə seçilib. Onun sözlərinə görə, hakimiyyətin məqsədlərindən irəli gələn passivlik onların əlinə oynayır:
“Apreldə keçirilən qəfil prezident seçkiləri istisna olmaqla, adətən seçkilərə məhz iyul-avqust aylarında start verilir. Təsadüfən belə edilmir. Saxta siyasi proseslərin müttəfiqi siyasi apatiyadır. Ona görə dəinsanların isti ilə əlləşdiyi, istirahətdə olduğu bu ilki yayı da bitmiş hesab etmək olmaz. Bu baxımdan hələlik hansısa kampaniyanın başladılma şansı qalmaqdadır. Mənə görə növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalı yüksəkdir. İndi də Baş nazir postunun ləğvindən danışmağa başlayıblar. Bu da referendum deməkdir. Bu baxımdan siyasi həyatı payıza, yaya və s. bölmək olmur. Yayda başlayan proses, birdən payıza keçid alır. Fikirləşirəm ki, partiyalar cari fəaliyyətə planlı, gözlənilməz hadisələrə isə daim hazır olmalıdır”.
Partiya sədri deyib ki, hazırda parlament seçkilərinə hazırlaşırlar: “Düşünürük ki, gözlənilməz olmaması üçün indidən hazırlaşmalıyıq. İndi də referendum söhbətlərini nəzərə almalı olacağıq. Ancaq parçalanmış cəmiyyətin bu iqtidara güc gəlməsi çətindir. Bu səbəbdən müxalifətdaxili inteqrasiyanın yollarını axtarmaq lazımdır. Müxalifət təmərküzləşməsə bu iqtidarın parlamenti də götürmək, baş tutsa, referendumda da istədiklərini etmək şansı yüksəlir. İqtidarın dəyişməsini istəyən sağlam qüvvələrin bir arada olması zəruri şərtdir. Buna nail ola bilməsək, çətin olacaq. Mübarizənin iqtidar-müxalifət müstəvisində deyil, ailə-regional klan müstəvisində davamının şahidi olacayıq”,– deyə Ə.Əliyev əlavə edib.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə siyasətin mövsümlə əlaqəsi ilə razı olmasa da, yayda əksər dünya ölkələrində siyasi proseslərin zəifləməsi, siyasətçilərin digər əhali qrupları kimi məzuniyyətə çıxdığını diqqətə çatdırıb. Onun qənaətincə, payızda siyasi proseslərin fəallaşacağını bu ilin yay günlərində ölkəmizdə baş verən bəzi hadisələrə və onlara qarşı ictimai reaksiyalara əsaslanıb söyləmək mümkündür:
“Baş verən son hadisələr ölkədə ictimai-siyasi vəziyyətin gərgin olduğunu, hakimiyyətin həmişə istinad etdiyi gücə əsaslanan sabitliyin kövrək olduğunu, xüsusilə də ölkəmizin maraqlarına zidd olaraq xarici güclərin maraq qruplarının hakimiyyətdə kifayət qədər ciddi yerləşdiyini göstərdi. Bu hadisələr həm də onu göstərdi ki, hakimiyyətin sivil, dünyəvi, siyasi müxalifəti tamamilə sıxışdırması olduqca səhv, ölkənin gələcəyi üçün çox riskli addım olub. Siyasi müxalifətin yerinə meydana dini radikal qruplar, xarici kəşfiyyatın zombiləri çıxmağa cəhd edir. Belə bir zamanda payıza doğru siyasi proseslərin fəallaşması gözləniləndir. Biz, ADP olaraq payızda siyasi təşkilatlanma baxımından bir sıra addımlar atmağı, ölkədə müxalifətin inteqrasiyası və siyasi proseslərin demokratik, siyasi yolla irəliləməsi üçün işləməyi planlaşdırırıq. Bu istiqamətdə yenə də əsas rol hakimiyyətin üzərinə düşür. Hakimiyyət tez bir zamanda siyasi məhbusları azad etməli, müxalifətin normal fəaliyyətinə şərait yaratmalı və ölkədə normal siyasi münasibətlərin qurulması üçün bütün addımları atmalıdır”.
araz.az xəbər portalı.