araz.az olke.az-a istinadən xəbər verir ki, ötən günlərdə ABŞ-da açıqlanan son iqtisadi məlumatlar Federal Ehtiyat Sisteminin (FED) daha çox və daha uzun müddətə faiz dərəcələrini artırmalı olacağına dair fikirləri gücləndirdi və dolların bahalaşacağı ilə bağlı ehtimalları artırdı. Bu da ABŞ dollarının dəyər qazanmasına və yeddi həftəlik maksimuma yaxınlaşmasına səbəb oldu.
Digər tərəfdən isə bəzi analitiklər dolların 2023-cü ilin ikinci yarısında kəskin şəkildə zəifləməyə başlayacağını iddia etdi.
İqtisadçı ekspert Elman Sadıqov açıqlamasında bildirdi ki, ABŞ valyutasını dəyərli edən amillərdən ən əsası bu valyutanın dünya rezerv valyutası olması, eləcə də bütün dünyada satılan əmtəələrin, enerji məhsullarının kotirovkasının dollarla müəyyən olunmasıdır: “Bununla da, dollar dünya ticarətində mühüm rol oynayır. Eləcə də, dolların faiz dərəcəsi digər valyutaların faiz dərəcəsindən yüksəkdirsə, bu halda investorların dollara qaçışı sürətlənir və ABŞ-ın dünyada ən az riskli hesab olunan xəzinə vekselləri daha çox alınır. Çünki faiz dərəcəsi artdıqca veksellərin gəlirliyi də artır”.
Ekspert hazırda həmin prosesin müşahidə olunduğunu deyir: “Dolların faiz dərəcələri, avro, funt sterlinq, yapon yeninə nisbətən daha yüksəkdir. Çünki FED sürətlə artan inflyasiya təzyiqini boğmaq üçün daha aqressiv faiz artımlarına gedir. Belə ki, ABŞ-da ən yüksək inflyasiya 2022-ci ilin iyun ayında 9,1% müşahidə olundu. Bu da FED-ə daha aqressiv faiz artımlarını həyata keçirməyə sövq etdi. 0%-dən 4,75%-ə qədər faiz artımları sayəsində inflyasiya göstəriciləri özünün maksimum həddi olan 9,1%-dən ötən ilin sonunda 6,5%-ə, cari ilin yanvar ayında isə 6,4%-ə qədər gerilədi. Bu, bazarlara müəyyən qədər rahatlıq gətirdi və qeyd edildi ki, artıq FED aqressiv faiz artımına getməyəcək. Hətta FED-in iki dəfə faiz artımına getdikdən sonra ilin ikinci yarısından sonra faizləri azaltmaq haqqında düşünəcəyi deyildi. Lakin fevral ayında açıqlanan göstəricilər yenidən bazarlarda müəyyən gərginlik yaratdı. Yanvar ayının işsizlik göstəricisi 3,4% oldu ki, bu aşağı göstərici əhalinin gəlirlərinin çox olması, daha çox xərcləmə imkanlarının yaranması və nəticədə, inflyasiya təzyiqinin hələ də qalması demək idi. İkinci amil, ABŞ əhalisinin 2022-ci ilin dördüncü rübündə xərcləmələrinin üçüncü rübə nisbətən artması oldu. Bu, ABŞ əhalisinin istehlaka hələ də meyilli olduğunu, inflyasiya təzyiqinin artdığını göstərdi. Ötən ilin üçüncü rübündə ABŞ əhalisi 14 trln 179 mlrd dollar xərclədiyi halda, 2022-ci ilin dördüncü rübündə bu rəqəm daha çox – 14 trln 227 mlrd dollar oldu. Bütün bunlar FED-in faiz dərəcələrini bir neçə dəfə artıracağı ilə bağlı fikirlər formalaşdı və dollar bahalaşmağa başladı”.
“Ümumilikdə, ABŞ-da faiz dərəcəsinin 5%-dən yüksək olması dünya iqtisadiyyatı üçün sarı işıq, yəni xəbərdarlıqdır”, – deyən Elman Sadıqov dünya iqtisadiyyatının 5,5-6% ətrafında faizlərə müəyyən dərəcədə dözə biləcəyini bildirib: “1Lakin faiz dərəcəsinin 6%-dən yüksək olması və bu səviyyədə qalması dünya iqtisadiyyatı üçün kataklizmlər yarada, ciddi resessiyalar, kəskin çöküşlərlə nəticələnə bilər. FED-in faiz artımları etmək üçün imkanları olsa da, bunun müəyyən məhdudiyyətləri mövcuddur: bu həd 6%, 7%, 8%, 9%-ə qədər artırıla bilməz. Belə ki, faiz dərəcəsinin ciddi təsir etdiyi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında baş verə biləcək tənəzzül, resessiya bütün dünya iqtisadiyyatına keçə bilər. Bu da böyük riskdir. Mart ayında və bu ilin birinci yarısına qədər FED bir neçə dəfə faiz artıra bilər, 5,5%-ə qədər biz bu artımları müşahidə edə bilərik. Bundan sonra diqqət əmək bazarı və inflyasiya göstəricilərinə yönələcək.
Ekspert ilin ikinci yarıısından sonra dolların kəskin ucuzlaşacağı ilə bağlı deyilənlərlə razı deyil. Onun sözlərinə görə, dollar indeksi ilin ikinci yarısında 98-100 hədlərinə qədər enə bilər və indeksin bu həddən aşağı düşəcəyi gözlənilmir: “Bu ərəfədə dolların avro qarısında dəyər itirəcəyi ilə bağlı proqnozlar daha məntiqlidir. Əsas amil Avropada inflyasiya təzyiqinin ciddi şəkildə qalmasıdır. Avropa Mərkəzi Bankı bu təzyiqlərə qarşı ciddi faiz artımlarına gedə bilər ki, bu da avronu dəyərləndirər. Lakin Avropa faiz artımında ABŞ qədər imkanlara malik deyil, çünki Avropanın əmək bazarı ABŞ qədər münbit deyil və işsizlik göstəriciləri 6%-in üzərindədir. Faiz dərəcələrində artım iqtisadiyyatı daraldan amildir ki, bu da işsizlik həddinin yüksəlməsinə gətirib çıxarır”.
“Bütün bunların fonunda bu il ABŞ dollarının dəyərinin yüksək həddə qalacağını müşahidə edəcəyik. Müəyyən vaxtlarda ucuzlaşmalar olsa da, müvəqqəti xarakter daşıyacaq. Dolların dəyərdən düşəcəyi və kəskin ucuzlaşacağı bu il gözlənilmir”, – deyə E. Sadıqov əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.