araz.az qlobal.az-a istinadən xəbər verir ki, “Qobu-PARK”-da yaşayış binasının təməlində çökmələr baş verir. Hansısa qurumlar yaranan oyuqlara beton vurmaqla məşğuldur.
Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycanda tikilən binaların keyfiyyəti məsələsini yenidən gündəmə gətirdi. Vətəndaşlarımız sosial şəbəkələrdə müzakirələr apararaq sakini binaların keyfiyyəti məsələsini sorğuya çəkirlər. Türkiyədə baş verən zəlzələnin vurduğu ziyan çoxaldıqca, həlak olan insanların sayı artdıqca hər gün vətəndaşlarımız da təlaş keçirirlər. Bəlkə də insanlarda yaranan bu təlaşın, narahatlığın nəticəsidir ki, fevral ayının 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Xeberal.az.TV-yə müsahibə verərək ölkədə tikinti keyfiyyətinin çox yüksək səviyyədə və baş verə biləcək istənilən zəlzələyə davamlı olduğunu bildirdi. Tikinti sahəsinə cavabdeh olan dövlət rəsmisinin uyğun zamanda belə fikirlər səsləndirməsi ictimaiyyət arasında yaranan söz-söhbətə müəyyən qədər son qoydu.
Doğrudanmı Bakıda tikilən yaşayış binalarının hamısı keyfiyyətli, baş verə biləcək zəlzələlərə davamlıdır?
Müşahidələr və ekspertlərin açıqlamaları onu göstərir ki, Bakı və digər şəhərlərdə xeyli sayda qəzalı vəziyyətdə olan binalar var. Qəza vəziyyətində olan bu binaların böyük əksəriyyəti sovet dönəmində inşa edilib. Lakin son illər Bakıda inşa edilən binaların da arasında xeyli sayda qəzalı binalar var.
Qlobal.az xəbər verir ki, belə qəzalı binalardan biri də Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu-PARK 1” yaşayış kompleksində 4 və 8 saylı binalardır.
Bu binaların təməlində problem yarandığı və buna görə də binaların əyildiyi bildirilir.
Dəfələrlə mövcud problemlə bağlı mediada çoxsaylı yazılar dərc edilib.
Bu yazılardan sonra ötən ilin oktyabr ayında 8 saylı binanın təməl hissəsinə 35 kub metrədək beton töküldü.
Lakin aradan 4-5 ay keçməsinə baxmayaraq, binanın təməl hissəsində yenidən problem yarandığı bildirilir.
Məlumata görə cari ilin fevral ayının birinci ongünlüyündə yenidən 8 saylı binanın təməl hissəsində yaranan oyuqlara beton vurulub.
Lakin sakinlər binada yaranan problemin aradan qaldırılması istiqamətində görülən işlərin yetərli olmadığını, bir müddətdən sonra eyni problemin təkrarlanacağını bildirirlər.
Qeyd edək ki, “Qobu-Park 1” Yaşayış kompleksinin podrat işlərini “Kristal Abşeron” MTK həyata keçirib.
Məsələ ilə əlaqədar Qaradağ rayon İcra Hakimiyyətindən və “Kristal Abşeron”-dan münasibət öyrənə bilmədik.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.