Martın 1-də Qərbi Azərbaycan İcmasında (QAİ) Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

araz.az xəbər verir ki, görüşdə İcmanın sədri Əziz Ələkbərli təmsil etdiyi təşkilatın yaranma tarixi, fəaliyyəti və məqsədləri barədə danışıb. Bildirilib ki, indiki Ermənistan ərazisində son 200 ildə azərbaycanlılar müxtəlif məşəqqətlərlə üzləşiblər. Təkcə XX əsrdə azərbaycanlılara qarşı 4 dəfə deportasiya və xeyli sayda qırğınlar həyata keçirilib. Bütün bunlar rəsmi sənədlərlə təsdiqlənib.

Əziz Ələkbərli Birinci Qarabağ müharibəsində də ermənilərin azərbaycanlılara qarşı cinayətlər törətdiklərini bildirib. O deyib: “Qərbi azərbaycanlıların bir istəyi var. Öz yurdlarına qayıtmaq. Hazırda Qarabağ münaqişəsi bitib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Əgər Azərbaycan ərazisində ermənilər azərbaycanlılarla birgə yaşaya bilərlərsə, azərbaycanlılar da geri qayıdaraq Ermənistan ərazisində onlarla birgə yaşaya bilərlər. Biz insanların qayıdışını sülh yolu ilə təmin etmək istəyirik. Necə ki, Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərə orada hər cür şərait yaradır, Ermənistan da azərbaycanlılar üçün bunu etməlidir. Biz beynəlxalq təşkilatlara da bu barədə müraciət etmişik. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin sənədi kimi yayılıb. Biz, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının Ermənistandakı missiyasına da müraciət etmişik”.

Əziz Ələkbərli vurğulayıb ki, Azərbaycanda bütün millətlərin nümayəndələri yaşayır. Amma Ermənistan monoetnik dövlətdir. “1988-ci ildən isə biz oradan qovulmuşuq. Orada bizim qəbiristanlıqlarımız, ata-baba evlərimiz var. Biz gedib yurdumuzu görmək istəyirik. Lakin Ermənistan bu imkanı bizə yaratmır”, – deyə o vurğulayıb.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Alberto Viyya Viyyeqas bildirib ki, dünyada sülh və bərabərlik olmalıdır. O qeyd edib ki, Meksika olaraq Azərbaycanın tarixindən xəbərdardırlar. “Dostluq qrupu olaraq İcmaya həmrəylik nümayiş etdirməyə və Meksikada Azərbaycanın səsi olmağa hazırıq”, – deyə A.Viyya vurğulayıb.

O, irəli sürülən təşəbbüsləri və görüşdə haqqında danışılan mövzuları Meksika hökumətinə çatdıracaqlarını bildirib.

Görüşdə İcmanın İdarə Heyətinin sədr müavinləri, deputatlar Hikmət Babaoğlu, Ramil Həsən, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov və QAİ-ni sözçüsü Ülviyyə Zülfiqar da iştirak ediblər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.