toy.jpg

“Azərbaycanda fəaliyyət göstərən bütün şadlıq evləri toy edən hər bir vətəndaşa ƏDV qaytarmalıdır”. 

araz.az bildirir ki, bununla bağlı Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Əlavə Dəyər Vergisi qaytarmayan şadlıq evlərinin hərəkəti qanunsuzdur:

“Bu baxımdan şadlıq evlərinin vətəndaşlara əlavə dəyər vergisinin qaytarmaması qanunsuzdur. Şadlıq evləri ictimai iaşə obyekti sayılır. Buna görə də digər ictimai iaşə obyektlərində olduğu kimi şadlıq evləri də vətəndaşlara ƏDV qaytarmalıdır. Yalnız o ictimai iaşə obyektlərində ƏDV olmur ki, onun illik dövriyyəsi 200 min manatdan azdır. Hamımız bilirik ki, şadlıq evlərində illik dövriyyə 200 mindən çoxdur. Resoranlar vətəndaşlara ƏDV çeki verməlidir və onun əsasında vətəndaş ƏDV-ni geri ala bilməlidir”.

Vəkil şadlıq evlərinin vətəndaşlara ƏDV qaytarmamasının səbəblərini belə izah edib:


 “Hamı bilir ki, şadlıq evləri toy məclisləri ilə bağlı çek vurmurlar. Ola bilər ki, heç çek yoxdur. Bu günə kimi hansı toy sahibinə çek verilib? Onlar bu yolla da vergidən yayınır. Və yaxud da çox cüzi nəsə verirlər, onu da qeyd etmirlər. Bu artıq Dövlət Vergi Xidmətinin günahıdır. DVX görmür ki, şadlıq evlərində hər həftə toy var? Vergi orqanları şadlıq evlərinə getsələr, oradakı qonaqların sayını öz gözləri ilə görəcəklər. Şükür Allaha ki, toyların da videoçəklişləri var. Burada bir ehtimal yaranır. Rüşvət verirlər, ona görə də bu məsələyə heç münasibət də bildirmirlər. Sona nəticədə vətəndaşlar ƏDV çekini almır. Araşdırılsa, vergi orqanlarına sorğu verilsə ki, dövlət büdcəsinə şadlıq evlərindən nə qədər ƏDV daxil olur? Cüzi məbləğ söyləniləcək. Çünki onlar bundan yayınır”.

Bəs vətəndaş, toy sahibi ƏDV-ni necə geri ala bilər?

Əkrəm Həsənov hesab edir ki, vətəndaşlarlar toy keçirdikləri şadlıq evlərindən ƏDV çekini tələb etməlidir:
 “Şadlıq evləri bilir ki, toy sahibi utanır, çek istəmir. Beləcə onlar da bundan istifadə edib qaytarmır. Hansısa vətəndaş şadlıq evlərinin sahiblərindən çek istəsə, onları qorxutsa ki, vergi xidmətinə şikayət edəcək, özü də əlində toyun videoçəkilişi var, bu halda şadlıq evinin sahibləri həmin çeki vətəndaşa təqdim edəcəklər. Nə deyib verməyəcək? Sadəcə vətəndaşlar çeki tələb etsinlər”.
Məsələyə şadlıq evlərinin münasibətini öyrəndik. Oradan bildirdilər ki, bu toy sahibləri ilə onların arasında olan mühasibat məsələsidir və bu barədə heç bir açıqlama verilmir.

İqtisadçı alim Nazim Bəydəmirli isə şadlıq evlərinin vergidən yayınma səbəblərini açıqlayıb. Onun sözlərinə görə, şadlıq evləri müxtəlif oliqarx məmurlara məxsus olduğuna görə onların inzibati resurslardan istifadə edərək vergidən yayınma ehtimalları yüksəkdir:

“Bu vergi inzibatçılığının doğru-dürüst olmamasından qaynaqlanır. Onlrın vergidən yayınmasının obyektiv və subyektiv səbəbləri var. Çünki təkcə inzibatçılıqla vergi nizam-intizamını bərpa etmək mümkün deyil. Düzdür, inzibati riçaq – cərimələr, yoxlamalar, monitorinqlər və s. var və ədalət xatirinə deyək ki, son illərdə vergi inzibatçılığının müasir standartlara gətirilməsi istiqamətində addımlar atılır. Ancaq yenə də institusional problemlər qalmaqdadır. Bilirsiniz ki, 2018-ci ildən sosial sığorta haqlarının yığılması vergiyə həvalə olunub. Ancaq sosial sığorta haqları vergi növü deyil, onları Dövlət Sosial Müdafiə Fondu yığmalı idi. Əslində guya “yığırdı” da. Səlim Müslümovun həbsi və yoxlamalar ona əsas verdi ki, burada da illərboyu dövlət büdcəsindən dotasiyalar alınır və özü-özünü maliyyələşdirmir. Burada səbəb ikili mühasibatlıqdır. Maaşdan tutulan vergi, ikili mühasibatlığı yaradan problemlər oradan qaynaqlanır”. 

Nazim Bəydəmirli Gürcüstan modelinə keçməyi təklif edib:
“Orada olduğu kimi sosial sığorta haqqı və gəlir vergisi ləvğ olunmalıdır. Üst-üstə birləşdirilib onun əvəzinə 20 faiz sosial vergi toplanır. Yəni, 39-40 faiz əvəzinə 20 faiz toplanılır. Sonradan təqaüdə çıxan zaman vətəndaşlara pensiya verilir. Bizdəki kimi deyil ki, bir nəfər dövlət məmuru 10 min manat pensiya alsın, 30-50 il çalışmış, ikili mühasibatlıq səbəbindən pensiya kapitalını toplaya bilməmiş vətəndaşa 180 manat qocalıq pensiyası verilsin. Və yaxud da ona kapital toplanmadığına görə cüzi pensiya təyin olunsun. Bu istiqamətdə islahat yarımçıq aparıldı. Sosial sığorta haqqının toplanması vergilərə həvalə edildi. Ancaq onun məbləği kifayət qədər yüksəkdir və bunu aradan qaldırmaq lazımdır. Eyni zamanda vergini toplayan üçüncü bir qurum var – Dövlət Gömrük Komitəsi. Azərbaycan Gömrük Komitəsinin topladığı vəsaitlərin təqribən 78%-i vergilərdən ibarətdir – əlavə dəyər vergisi, yol vergisi, aksiz vergisi. Vergilərdə problemlərin obyektiv səbəbləri daha çoxdur. Ona görə islahatlar aparılmalıdır”. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.