yeni bina

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda keçirilən nəzarət tədbirləri zamanı uzun müddətdir debitor borclarını ödəməyən binaların su təchizatı dayandırılıb.

Həmin binalarda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə borcların ödənilməsində, həmçinin mənzillərin kodlaşdırılmasında nöqsanlar aşkarlanıb. Bu nöqsanlar da çoxmənzilli binaların idarə edilməsində yaranan problemlərdən qaynaqlanır. Çünki sakinlər bildirir ki, onlar əvvəlki dövrlərdə içməli su təchizatı və tullantı suları üzrə xidmət haqlarını mənzil tikinti kooperativinə ödəyiblər.

Qanuna görə, mənzil tikinti kooperativləri yaşayış binasını mülkiyyətçilərə təhvil verdikdən sonra binanın idarə edilməsində iştirak edə bilməz. Ölkəmizdə isə vəziyyət başqadır. Dəfələrlə, binaların idarə edilməsində bu cür problemlər yaranıb. Məlum oub ki, binanı idarə edənlərin təyinatında bina sakinləri iştirak etməyiblər.

Əslində yaşayış binasının idarəedilməsində kimlərin iştirak hüququ var?

araz.az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, MTK mənzil mülkiyyətçilərinə çıxarış verdikdən sonra bir ay müddətində ləğv olunmalıdır:

 

“Qanuna görə, mənzil tikinti kooperativi binanı tikdi, qurtardı, bundan sonra binada mövcud olan mənzillərin yarıdan çoxuna daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olandan sonra, yəni hər mənzilin mülkiyyətçisinə çıxarış verildikdən sonra bir ay ərzində ya ləğv olunmalıdır, ya da mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Hər bir halda binanın sakinlərinin yarıdan çoxunun binaya mülkiyyət hüququ təsdiqlənəndən sonra binanın ali idarəetmə orqanı sakinlərin ümumi yığıncağı hesab olunur. Ümumi yığıncaq da binanın idarəetmə üsulunu seçməlidir”.

Ekspert binanın idarəedilməsinin üç üsulun olduğunu qeyd edib:

“Üç üsuldan biri seçilməlidir. Ya elə ümumi yığıncaq birbaşa idarə edir, yəni ümumi yığıncaqda komendant təyin olunur, o da binanı idarə edir, ümumi yığıncaqda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis olunur. Bu, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən ayrıca bir hüquqi şəxsdir ki, onun da sahibi sakinlər olur. Üçüncü yol odur ki, sakinlərin ümumi yığıncağının qərarı ilə idarəedici təşkilat təyin olunur. 

Hansısa təşkilatı təyin edirlər ki, gəl, bizim binanı idarə et. Amma bunun da şərtlərini ümumi yığıncaq müəyyən edir. Əgər sakinlər bu məsələləri bir il ərzində həll etməsələr, onda həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq müsabiqə keçirməli və binanın idarəedicisini təyin etməlidir. Bu da sakinlərin ümumi yığıncaqda başqa qərar verməsinə qədər olur. Yəni qanunda belədir”.

Təcrübədə tamam başqa idarəetmə ilə qarşılaşan iqtisadçı mənzil tikinti kooperativlərinin idarəetməni davam etdirmək üçün bir çox yollardan istifadə etdiklərini deyib:

“Təcrübədə başqadır. Ya MTK-lar idarəetməni davam etdirirlər, halbuki qanun onlara bir ay vaxt verir. İndi vəziyyət başqadır, elə binanı tikən tikinti şirkətinin sahibi bir mədhud məsuliyyətli cəmiyyət (MMC) təsis edir və sakinlərin bir qismi ilə müqavilə bağlayır. Əslində elə əvvəlki idarəetmədir, elə əvvəlki şəxslər idarəetməni davam etdirirlər, sadəcə, MTK adı ilə yox, MMC adı ilə. Yəni sabah hansısa dövlət qurumu gəlib MTK-nın ləğv olunmalı olduğunu xatırlatsa, artıq MTK yox, MMC olaraq idarəedici təşkilat olduqlarını bildirirlər. Halbuki idarəedici təşkilatı qanuna görə ümumi yığıncaq və ya bələdiyyə seçməlidir. Təcrübədə belədir, sakinlər də heç bir şey etmirlər”.

O, yaşadığı binada belə halla qarşılaşdığını və məhkəmə vasitəsilə MTK-nın sahibini uzaqlaşdırdığını vurğulayıb:

“Əhmədli qəsəbəsi Tusi küçəsində yaşadığım binada eyni vəziyyət idi. Yəni MTK-nın sahibi Novruz Zeynalov adında şəxs belə MMC yaradıb, binanı idarə etməyə davam edirdi. Sakinlər ona “buradan çıx” deyəndə, o, sakinlərlə müqaviləsi olduğunu və digər məsələləri sadalayırdı. Sonda mən 4 sakinin adından Xətai məkəməsinə iddia verdim, təəssüf ki, Xətai məhkəməsi iddiamızı təmin etmədi. Məhkəmədəki vəziyyəti də hamı bilir. Xətai məhkəməsindən şikayət verdim və 10 fevral tarixində Bakı Apellyasiya Məhkəməsi bizim istədiyimiz qərarı verdi. Qərar ondan ibarətdir ki, ümumi yığıncağın qərarı olmadığı, sakinlər bu şirkəti seçmədiyi üçün binadan çıxmalıdır. Qərarı paylaşmışam ki, hər kəs görüb və bu cür iddialarla çıxış etsin. Ümid edirəm ki, bu proses daha sürətlə gedəcək”.

Əkrəm Həsənov tikinti şirkətlərinin binanın idarəedilməsində yeganə marağının daha çox pul toplamaq olduğunu bildirib:

“Sakinlərdən pul yığırlar, binaya aid olan avtomobil dayanacağından pul çıxarırlar, amma binanın saxlanması, abadlaşdırılması, problemlərin həlli, qaz, su, işıq, lift problemləri onları maraqlandlrmır. Buna görə qanun deyir ki, binanı sakinlər idarə etməlidir. Sakinlər yığışmalı, binaya ayda nə qədər xərc lazm olduğunu müəyyən etməli və öz aralarında bölüşdürməlidirlər. Təyin etdikləri idarəçi də sakinlərin nəzarəti altında fəaliyyət göstərməli, hər ay vətəndaşlara maliyyə hesabatı verməli, bir sözlə, bina sakinlərinə tabe olmalıdır. Sakinlər hər hansı problem olanda yapışmalıdırlar ondan, xoşlarına gəlmədikdə də onu idarəetmədən kənarlaşdırmalıdırlar. Təəssüf ki, Azərbaycan xalqının əksər hissəsi belə məsələləri bilmir, hüquqi və ya maliyyə savadsızlığı var”.

O, sakinlərin özlərinin idarəetməsinə inanmadıqlarını da əsas göstərərək belə problemlərə yol açıldığını deyib:

“Bizdə milli mentalitet problemi var. Xüsusilə yaşlı nəsil nümayəndələri deyirlər ki, siz nə edə bilərsiniz ki, kişi buranı idarə edir. İzah edirəm ki, o, buranı öz pulu ilə yox, onsuz da bizim pulla idarə edir. Hər gün öz yaşadığım ərazidə bu sözləri eşidirəm. Deyirlər ki, biz özümüz buranı idarə edə bilmərik. İnsanların çoxunda özünüidarəçilik mədəniyyəti ənənəsi və özünə güvən yoxdur. Bu, bizdə ciddi problemdir. Biz heç yerdə özümüz heç bir şeyi idarə etmək istəmirik. Sabah problem yarananda da heç kəs də buna görə cavab vermir. 

Binaların təmizliyinə baxan xadimələrə qəpik-quruş verirlər. Hətta bunu da deyirik ki, idarəetmə sakinlərə keçəndən sonra biz onların əməkhaqqını artıracağıq. Həmin insanlar normal maaş alsa, iş yerini itirməmək üçün can yandıracaq. Ümumiyyətlə, idarəedici təşkilatın, MTK-nın sənədində kimə nə qədər pul verdiyi də görünmür. 

Biz hamımız şikayət edirik ki, ölkədə inhisarçılıq var. Elementar bir şey deyim, internet, kabel televiziyalarını misal gətirim. Həmin MTK-lar binaya bir neçə internet provayderlərini buraxmırlar, birini buraxıb, ondan da qeyri-rəsmi aylıq pul alırlar ki, bura digərini buraxmayacağam. İnhisarçılıqda da heç kim işinin keyfiyyətinə can yandırmır. Amma sakinlər özləri idarə etsə, kim yaxşı olacaqsa, onun xidmətindən istifadə edəcəklər. Bu, sadə işdir, amma MTK-lar qeyri-rəsmi bundan da pul çıxarırlar. Binanın qarşısında avtodayanacaqlar var, həmin dayanacaqlarda yeri həm sakinlərə, həm də kənar şəxslərə pulla verirlər. Onu da qeyri-rəsmi edirlər. O pul hara gedir, bilinmir. Halbuki bina sakinlərin idarəetməsində olanda həmin pul da bina sakinlərinin ümumi büdcəsinə daxil olacaq. O da binanın xərclərinə sərf olunacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.