Əmlak eksperti: “Beynəlxalq təcrübədə daşınmaz əmlakın maliyyələşdirilməsinin 4 əsas sistemi mövcuddur”
İqtisadçı ekspert: “İpoteka şərtləri ağırdır, Mərkəzi Bank yumşalmalara getməlidir”
araz.az ayna.az-a istinadən xəbər verir ki, Azərbaycandayendiən ipoteka kreditlərinin verilməsinə başlanılıb. Qeyd edək ki, ipoteka krediti – rəsmi olaraq üzərində mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlakın girovudur. İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil almağı planlaşdıran şəxslər üçün nəzərdə tutulub. Bu, kifayət qədər vəsait olmadığı təqdirdə belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı tanıyır.
Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır. İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına şamil edilir.
Şəhid övladları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən, ən azı 3 il daxili işlər orqanlarında çalışan, fəlsəfə doktoru elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətləri olan, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti əldə edə bilərlər. Belə ki, digər vətəndaş qruplarına nisbətdə imtiyazlı kateqoriyadan olanlar iki dəfə az faiz dərəcəsi ilə ödəniş edirlər.
Bəzi ekspertlər hesab edirlər ki, digər dövlətlərlə müqayisədə Azərbaycanda ipoteka kreditlərinin şərtləri ağırdır. Bəs, görəsən, beynəlxalq təcrübədə ipoteka kreditləri hansı şərtlərlə verilir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, beynəlxalq təcrübədə daşınmaz əmlakın maliyyələşdirilməsinin 4 əsas sistemi mövcuddur: “Birbaşa maliyyələşdirmə sistemi – bu zaman daşınmaz əmlak satın alanlar əmlakın qarşılığını tam və ya hissə-hissə ödəniş edir; müqavilə əsasında kredit sistemi – ev almaq istəyən şəxslər bazar faiz dərəcəsindən az olmaqla, öz sərbəst pul vəsaitlərini daşınmaz əmlakın maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış quruma əmanət olaraq qoyur və ev almaq növbəsi çatanda bazar faiz dərəcəsindən aşağı faizlə kredit əldə edir; əmanətlə maliyyələşdirmə sistemi – bu sistemdə depozit və əmanətləri toplayan maliyyə qurumu sonradan topladığı vəsaitlərin bir qismini və ya hamısını kredit şəklində daşınmaz əmlakın alınmasının maliyyələşdirilməsinə yönəldir; ipoteka bankçılığı sistemi – daşınmaz əmlak kreditləri üzrə ixtisaslaşmış bankçılıq modelidir”.
“Dünyada tətbiq edilən ipoteka kreditləşdirməsi modelləri ölkələr arasında iqtisadi-sosial, mental, hüquqi sistem və digər bu qəbil fərqliliklərin mövcudluğu səbəbindən müxtəliflik təşkil edir. Buna baxmayaraq, onların arasında üst-üstə düşən məqamlar da az deyil”, – deyə mütəxəssis bildirib.
AQC sədrinin sözlərinə görə, Azərbaycanda əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərmək məqsədilə Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu fəaliyyət göstərir: “İpoteka kreditlərinin verilməsini banklar fərdi qaydada həyata keçirir. Nəzərə alanda ki, son illərə qədər paytaxtda ucaldılan göydələnlərdəki mənzillərin əksəriyyəti reyestr çıxarışı ilə təmin edilməmişdi, bu səbəbdən ipoteka kreditləşməsi geniş vüsət almamışdı. Son dövrlər isə bu qəbildən olan binalardakı mənzillər dövlət reyestrindən müvafiq çıxarışlarla təmin edilib. Bu əsnada ipoteka krediti üzrə müraciət edənlərin sayı artıb. Bu da öz növbəsində mənzil bazarında aktivliyə, qiymətlərin artımına səbəb olub”.
“Bəzi əhali qrupları isə xüsusi güzəştlər əldə edir. Bu sıraya dövlət qulluqçuları, müharibə iştirakçıları, müəllimlər, jurnalistlər və s. aiddir. Hesab edirəm ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsi normal qaydada həyata keçirilir. Tələblər adekvatdır və buna uyğun vətəndaşlar heç bir porblem yaşamadan ipoteka kreditləri əldə edə bilirlər”, – deyə Oruc vurğulayıb.
İqtisadçı ekspert Natiq Cəfərli isə AYNA-ya şərhində Azərbaycanda ipoteka kreditləri ilə bağlı qaydaları ədalətli hesab etmədiyini söyləyib: “Mərkəzi Bank ard-arda uçot dərəcəsini artırdıqca ipoteka faiz dərəcələri də artırdı. Nəticədə ipoteka ilə mənzillərin satışının azalmasının şahidi olduq. Çünki əhalinin birbaşa ödəniş etmək üçün vəsaiti yoxdur”.
“Bu gün real evə ehtiyacı olan gənclərdir. Onların da əksəriyyətinin gəlir səviyyəsi yüksək deyil. 2021-ci ilin ortasından isə qiymətlər sürətlə artmağa başladı. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri mövcuddur”, – deyə ekspert qeyd edib.
Cəfərlinin dediyinə görə, Rusiya-Ukrayna müharibəsi, Türkiyədə baş verən zəlzələ, psixoloji amillər və s. də qiymətlərə təsir edən amillərdir: “Yəni, bəzən qiymətlərin artımını ipoteka kreditləri ilə əlaqələndirirlər. Bu, əslində belə deyil. Çünki ipoteka kreditləri ilə mənzil almaq üçün tələb olunan şərtlər ağırdır. Azərbaycanda mənzil bazarının tənzimlənməsi üçün ipoteka kreditlərinin daha ucuz olmasına ehtiyac var. Hökumət bu yöndə ciddi addımlar atmalıdır”.
Azər Niftiyev.
araz.az xəbər portalı.