araz.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycandadərman vasitələrinin qiymətində növbəti bahalaşma müşahidə olunur. Belə ki, Tarif (qiymət) Şurasının növbəti iclasında dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq olunub. Həmçinin Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş təlimata uyğun olaraq dəyişikliklər olunub. Bir sözlə dərman preparatları ilə bağlı növbəti bahalaşma baş verib.
Müşahidələr göstərib ki, ötən ilin ikinci yarısından başlayaraq dərmanların qiymətində sürətlə bahalaşma gedib. Üstəlik ölkədə keyfiyyətli dərmanlar yoxa çıxıb.
Qeyd edək ki, Azərbaycanda dərmanların qiyməti ilə bağlı Tarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Məsələ burasındadır ki, hazırkı qiymətlər o həddən də artıqdır. Üstəlik dərmanlara gömrük rüsumu yoxdur, yalnız ƏDV var. Amma ƏDV məbləği də çox deyil.
O zaman dərmanların qiyməti niyə kəllə-çarxa qalxıb?
İqtisadçı-ekspert Vüqar Oruc Bizim.media-ya son bir ildə dərman qiymətlərinin bir neçə dəfə bahalaşdığını qeyd edib:
“Bu, arzuolunan hal deyil. Əhalinin böyük bir hissəsi dərman istifadəçisidir. Onların bir hissəsi aztəminatlı və sosial təbəqə nümayəndələridir. Təəssüflər olsun ki, qiymətlər elə artmaqda da davam edir. Bunu xaricdə qiymətlərin qalxması ilə əlaqələndirirlər.
Amma bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanda dərman istehsalı sahəsinin inkişafı və öz milli istehsalımızın təşviq olunmasıdır. Çünki Azərbaycanda yetəri qədər təcrübə, laboratoriyalar və mütəxəssislər var. Dərmanların öz gücümüz və bazamız əsasında istehsal olunması daha məqsədəmüvafiqdir. Yəqin ki, dövlət tərəfindən müəyyən qədər dotasiya tələb olunur. Təbii ki, dövlətin nəzarətdə saxladığı sahələr içərisində dərman sənayesi də olmalıdır.
Bilirsiniz ki, gündəlik tələbat mallarında sosial dövlət olan Azərbaycan qiymətləri daim nəzarətdə saxlayır. Çalışır ki, əhalinin bütün təbəqələri məhsulların istehlakında problem görməsin.
Dərmanlar da bu sıraya aid olmalıdır. Çünki dərmanların qiymətində artımın davam etməsi aztəminatlı ailələrin vəziyyətini daha da pisləşdirə bilərik. Bu istiqamətdə dövlət müəyyən tədbirlər görməlidir”.
Ekspert vurğulayıb ki, pandemiya və ölkədə yayılan son infeksiyalardan sonra apteklərdə dərman çatışmazlığı ilə bağlı problem aktuallaşıb:
“Dərmanlar bir çox hallarda əlaltından satılır. Belə bir vəziyyətdə dərmanların qiymətlərinin qalxması arzuolunan deyil. Nəhayət ki, Azərbaycan öz istehsalına başlamalı və brendlərini hazırlamalıdır. Sadəcə dövlət tərəfindən ölkədə olan laboratoriyaların dəstəklənməsi və müəyyən layihələrin həyata keçirilməsi üçün maliyyələşdirilməsi lazımdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.