“Şagirdlər arasında olan dava-dalaş məktəbin təməli qoyulan gündən bu günə qədər davam edir. Hər zaman şagirdlər bir-biri ilə dalaşıb, mübahisə ediblər. Bu normaldır, normal qarşılayıram. Lakin bu gün zəmanə elədir ki, vəziyyət 15-20 il bundan öncəki kimi deyil. İndi nə olursa, müəllimin başında çartladırlar. Nəzərə almaq lazımdır ki, məktəbə gələn hər şagird ailəsinin ona verdiyi tərbiyəni nümayiş etdirir, uşaq hansı mühitdə böyüyürsə, onu məktəbdə sərgiləyir…”

Bu sözləri Yenisabah.az-a tanınmış fitness məşqçisi Kamil Zeynallı son zamanlar müzakirə obyektinə çevrilən məktəblərdə şagirdlərin özbaşınalığı ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, müəllimlərin belə öhdəsindən gələ bilmədiyi uşaqların olduğu danılmaz faktdır:

“Mən də şagird olanda dəcəl olmuşam, demirəm sakit uşaq olmuşam. Mən, ümumiyyətlə, “küçə uşağı” olmuşam, küçədə  böyümüşəm, gedib butulka satmışam, yeşik satmışam. Anamla ikimiz olmuşuq və çörək qazanmağa məcbur olmuşam. Dəcəlliyim də məhz bundan irəli gəlib. Biri var evdə ata sığalı ilə, ata çörəyi ilə böyüyəsən, amma mən onları görməmişəm deyə, anamla bərabər ta o yaşdan çalışmışam, həm də dəcəl olmuşam. Dəcəl də olsam normasında olub, tərbiyəsizlik etməmişəm. Amma bu gün vəziyyət bir qədər fərqlidir, bu gün dəcəlliyi pis formada aşılayan sosial şəbəkələr var.

Hazırda 153 nömrəli məktəbdən gəlirəm. Orada direktorun təşəbbüsü ilə şagirdlərlə görüşdüm, onlarla idman haqqında söhbət etdim, idmanın faydaları barədə danışdım. Orada da  dedim ki, bu gün “TikTok”da o qədər gic-gic videolar görürlər ki, azyaşlı uşaqlar “A.U.E-çi” olurlar, bıçaqla, çəngəllə videolar çəkirlər. 7,8,9-cu sinif şagirdləri  müxtəlif videolar çəkirlər, guya bunlar “kriminal aləm”in nümayəndələridir. Biri qarşısına dəmir tapança qoyur, biri bıçaq götürür və s. Bütün bunlar uşaqların təhsil almalarına, gələcəkdə cəmiyyət üçün uğurlu insan kimi yetişməklərinə ciddi maneə törədir”.

İdmançı bu gün orta məktəblərdə çox biabırçı hadisələrin yaşandığını bildirib:

“Mən bugünkü təhsilimiz haqqında çox şey bilirəm, sadəcə hər şeyi açıb danışmaq istəmirəm. Bu gün polisimiz  çox şeyi cəmiyyətə, mətbuata sızdırmır. İnanın Allaha, məktəblərdə azyaşlılar arasında o qədər biabırçılıqlar var ki… Zorakılıq, narkomaniya və digər hallar yaşanır. O qədər biabırçı şeylər olur ki, polis vaxtında üstünə düşür, qarşısını alır. Bu il  nə qədər şagird tutublar. Elə pis videolar çıxmışdı ki… 14-15 nəfər oğlan bir nəfəri aparır davaya ki, niyə bizim sinifin qızına “ilişmisən”. Aparırlar bir yerə həmin məktəbliyə qarşı  nalayiq, alçaldıcı hərəkətlər edirlər.

Orta məktəbdə azyaşlı qızlar, oğlanlar var ki, çantalarında elektron siqaret, əldə gəzdirilən qəlyanlar olur. Məktəblərin ayaqyoluları şagirdlərin çəkdiyi siqaretlə, qəlyan tüstüləri ilə doludur. Qızlı-oğlanlı hamısı çəkir. Orta məktəblərdə çox biabırçı hallar var. Onları göstərsələr, görüntülər mətbuata sızsa, onda gərək heç kim övladını məktəbə qoymasın. Çox pis zəmanədir. Sosial şəbəkələr bizim bu günümüzü, gələcəyimizi məhv edir. Uşaqlar videolara baxırlar, özlərini qızlara, sinif yoldaşlarına, aşağı siniflərə göstərmək üçün öz aləmlərində “xoşagələn” videolar çəkirlər, paylaşırlar. Onun da nəticələri biabırçı olur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.