Sədrəddin Soltan: “Azərbaycanşünaslıq Mərkəzini bağlayan İran hakimiyyəti Təbriz Universitetində Ermənişünaslıq kafedrası açıb”
Bu barədə keçən sayımızda bəhs etdik, ekspertimiz güman edirdi ki, bu müvəqqəti xarakter daşıyır, yenə də Azərbaycanşünaslıq mərkəzinin fəaliyyəti bərpa ediləcək. Amma günün sonuna doğru məlumat yayıldı ki, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzini bağlayıb, onun əvəzinə Təbriz Universitetidə, Azərbaycanın mərkəzində Ermənişünaslıq kafedrası açıb. Mollalar Azərbaybaycanla bağlı mərkəzi bağlayıb onun yerində Ermənişünaslıq kafedrası açır. Əlbəttə, bu, riyakarlığın, ermənipərəstliyin və Azərbaycan-türk düşmənçiliyinin ən açıq nümunəsidir. Hər addımda Azərbaycana zərbə vuran molla rejimi qan qardaşları ermənilərə qucaq açmaqda davam edir.
- “Bu, riyakarlığın, ermənipərəstliyin və Azərbaycan-türk düşmənçiliyinin ən açıq nümunəsidir”
İranın yürütdüyü bu riyakar siyasətlə bağlı “Bakı-Xəbər”ə şərh verən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirdi ki, Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərirdi. “Bu mərkəzə tələbələr, alimlər, həmçinin Azərbaycanın tarixi, ədəbiyyatı və başqa mədəni sahələri ilə maraqlananlar toplanırdı. Onlar Güney Azərbaycanın və İranın ictimai həyatında da fəal iştirak edən təbəqələrin təmsilçiləridir. Azərbaycanşünaslıq Mərkəzi araşdırma aparmaq, öyrənmək və əldə olunan nəticələri paylaşmaq üçün faydalı mədəni mərkəz sayılırdı. Bir sözlə, bura Güney Azərbaycanın, xüsusilə Təbrizin elmi-mədəni ictimaiyyətinin toplaşdığı ünvan idi.
Bu məqamda qeyd edək ki, ötən gün İran hakimiyyətinin Azərbaycanşünaslıq Mərkəzini bağlaması barədə məlumat yayılıb. Bildirilib ki, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, hətta onun üzvlərinə qarşı təzyiq və təqibləri belə artırıb. Buna cavab olaraq, sosial şəbəkələrdə “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımları edilib.
Yayılan məlumatlara əsasən, mərkəzin Təbrizdən olan iki üzvü – Hadı Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
Yeri gəlmişkən, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə təzyiqlər göstərib, onları təqib edib. Məsələn, bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı. Bundan başqa, daha əvvəl Azərbaycanşünaslıq Mərkəzinin bir neçə tələbəsi həbs edilib.
Xatırladım ki, Əfsanə Toqir müxtəlif təşkilatların üzvlərinin, mədəni və ekofəalların Urmiya gölünün qurumasına etiraz olaraq əhalini nümayişlərə çağıran zaman saxlanılmışdı. Mərkəzin üzvləri İran, o cümlədən Güney Azərbaycanın ictimai, mədəni, ekoloji həyatı üçün vacib məsələləri açıq müzakirəyə çıxarıblar. Qeyd etdiyimiz kimi, bunlardan biri Urmiya gölünün qurumasına qarşı keçirilən etiraz aksiyalarıdır. Amma Tehran hakimiyyəti belə ekoloji fəlakətin qarşısının alınması ilə bağlı çağırışları cinayət sayaraq etirazçıları həbsə atıb. O zaman belə bir sual yaranır: bu ölkədə belə bir ekoloji fəlakət yoxdursa, İran prezidenti İbrahim Rəisi niyə Urmiya gölü istiqamətində su kanalının açılışını edib?
Beləliklə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzini bağlamaqla özünün də kölgəsindən qorxduğunu sübuta yetirir.
Bu da son deyil. İranda həyata keçirilən panfarsçılıq siyasəti səbəbindən ölkə konstitusiyasına əməl olunmur. Nəticədə Güney Azərbaycan ərazisində hazırda türk dilində bir sinif belə fəaliyyət göstərmir. Azərbaycanın fədakar ziyalıları ana dilini yaşatmaq və fars şovnizminin hücumundan, assimilyasiyasından qorumaq məqsədi ilə zirzəmilərdə gizli şəkildə dərs keçirmiş. Mürtəce Tehran rejimi buna da mane olub. Azərbaycan türkcəsini tədris edən müəllimlər həbsə atılıb.
Azərbaycan türkünün mədəniyyəti, incəsənəti, o cümlədən rəqsi, mahnıları, musiqiləri və s. farslardan fərqlənir. Panfarsçı rejim Güney Azərbaycanda milli mədəniyyəti məhv etmək üçün bu istiqamətdə də assimilyasiya siyasəti yürüdür. Azərbaycan rəqslərini öyrədən fədakar müəllimlər cəzalandırılır. Lakin İranın mövcud konstitusiyasında fars olmayanların öz dili, mədəniyyətini inkişaf etdirmək hüququ var.
Tehran hakimiyyəti Cənubi Qafqazda Ermənistanı bütün istiqamətlərdə müdafiə edib dəstəkləməklə regionda təhlükəsizliyə təhdid yaradır. Eyni zamanda, İran daxilində də erməniləri himayə edir.
Azərbaycanşünaslıq Mərkəzini bağlayan İran hakimiyyəti Təbriz Universitetində Ermənişünaslıq kafedrası açıb. Bu mərkəz 2022-ci ilin sentyabrından fəaliyyət göstərir”.
S.Soltan qeyd etdi ki, İran perspektivdə Təbrizdə Ermənistanın konsulluğunu açmağı da planlaşdırır.
O qeyd etdi ki, İranda ermənilərin “Ararat” adlı mədəniyyət mərkəzi, ana dilində məktəbləri və başqa milli-mədəni mərkəzləri fəaliyyət göstərir. “Bu məqsədlə İran hakimiyyəti onlara dövlət büdcəsindən yardım da edir.
Bəs sayı 100 min belə olmayan ermənilərə Tehran rejiminin, onun qulluq etdiyi fars şovnizminin bu qədər canıyananlığının səbəbi nədir? Bunun bir neçə səbəbi var: türk düşmənliyi, Azərbaycana qarşı fəaliyyət, Güney Azərbaycanın milli özünüdərkinə mane olmaq və s. Bu rejim ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı daim istifadə edir”.
S.Soltan qeyd etdi ki, 44 günlük Vətən müharibəsində İranın bizə qarşı tutduğu mövqe də, soydaşlarımıza qarşı yürütdüyü mənfur siyasət də göz önündədir. “Amma sayı 100 mindən çox olmayan ermənilərin başını İran hakimiyyəti daim sığallayır. Məsələn, bunu nə ilə müqayisə etmək olar? Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməklə. Ermənistanı bütün mənalarda dəstəkləmək, Azərbaycana qarşı qoymağa çalışmaq. 44 günlük müharibə dövründə biz bunu bütün mənalarda açıq şəkildə gördük. İran rejiminin baş mərkəzi panfarsist düşüncə sisteminin Ermənistan-Azərbaycan münasibətinə mövqeyi necədirsə, İrandakı ermənilərlə güney azərbaycanlılara da münasibəti eynidir. Ermənişünaslıq kafedrasının fəaliyyətini davam etdirilməsi, Azərbaycanşünaslıq mərkəzinin bağlanması da bu məsələlərdən biridir. Martın 3-də Tehranda “Hay data tudey”, yəni “Erməninin bu günkü tarixi” adı altında konfrans fəaliyyətə başlayıb. Konfrans çərçivəsində “Daşnakstyun” partiyasının 132 illiyinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təsəvvür edin ki, Azərbaycanla bağlı tədbirə Tehran rejimi imkan vermir, ancaq Daşnaksütyun belə orada yaranma gününü qeyd edir.
Bundan başqa, Tehranda Erməni Milli Komitəsinin yaradılmasının 40 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Amma bundan bir müddət əvvəl İsfahanda Azərbaycana qarşı aksiya keçirilib. Laçın yolundakı hadisələrin təhrif edilməsinə Tehran hakimiyyəti bu aksiya ilə dəstək verdi. Amma Xocalı soyqırımı qurbanların anım günü ilə bağlı Güneyli soydaşlarımızın aksiya keçirməsinə Tehran rejimi mane oldu. 20 Yanvar faciəsi ilə bağlı tədbirin də keçirilməsinə rejim imkan vermədi”.
Tehran hakimiyyətinin davamlı olaraq təxribatlarını davam etdirdiyini deyən S.Soltan vurğuladı ki, rejim bu gün erməniləri Güney Azərbaycan türkünə qarşı qoymaq üçün əlindən gələni edir: “ Bu məsələdə həm Ermənistandakı müxtəlif dairələrin, həm Tehran hakimiyyətinin, həm də İrandakı erməni kilsəsinin mövqeləri üst-üstə düşür. Bu yanlış və ədalətsiz mövqe, təəssüf ki, Tehran rejiminin Azərbaycana qarşı təbliğatıdır. İran hakimiyyəti həm Ermənistandakı, həm də İrandakı ermənilərdən Azərbaycana qarşı alət olaraq istifadə edir. Ermənilərin arxasında gizlənib Azərbaycana qarşı təbliğat aparmaqla məşğuldur. Ancaq bütün bunlara baxmayaraq, hakimiyyət özünü gizlədə bilmir. Çünki İran rəsmilərinin əvvəlki çıxışları və ölkə mediasının yaydığı xəbərlər sübut edir ki, bu kimi “aksiyalar” Tehran rejimi tərəfindən təşkil olunub və dəstəklənir”.
Mərkəz sədri vurğuladı ki, bu, Tehran rejiminin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane olmaq cəhdləridir. “İrandakı ermənilərdən Güney azərbaycanlılara qarşı alət olaraq istifadə edir. Bu onların perspektivdə ermənilər adından Güney Azərbaycan türklərinə qarşı istənilən çirkin oyunlardan istifadə etmək niyyətlərindən xəbər verir. Bu panfarsizmin, fars şovniziminin Azərbaycan türkünə münasibətinin göstəricisdir. Bu münasibəti Türkiyəyə də, Azərbaycana da, bütün türk dünyasına da göstərir. Çünki bu, türk, ərəb millətini, insanları sevməyən fars şovnizimidir. Bu şovnizmin davranışı ilə bağlı müqayisə üçün ermənilərin türkə münasibətini xatırlamaq kifayətdir” – deyə S.Soltan vurğuladı.
İradə SARIYEVA.
araz.az xəbər portalı.