15331280855b61ad95dc4d2.jpg

Mərkəzi Asiyada Rusiya, Çin və Qərbin geosiyasi rəqabəti barədə söhbətlər o qədər adi hal alıb ki, bu regionun tarixi və mədəni baxımdan dünyanın tamamilə başqa hissəsinə – Yaxın Şərqə meyl etməsi barədə fikri sıxışdırıb çıxarıb. 1990-cı illərin başlanğıcında, SSRİ dağıldıqdan sonra “islam dirçəlişi” Mərkəzi Asiyanın ictimai həyatının əsas mövzularından biri olub, müstəqillik qazanan dövlətlərin rəhbərləri isə yeni müsəlman gündəliyi hazırlamaq məcburiyyətində qalıb. “Bilig Brains” analitik layihənin eksperti Rafael Sattarov “Karnegi Moskva Mərkəzi” üçün yazır.

Onda bölgədə “ümmətin birliyini” bəyan edən, mədrəsələr və ərəb ilahiyyatçılarının şablonları üzrə Quran tədrisi vasitəsilə yerli möminlərə təsirini artırmağa çalışan ərəb dini fondları aktiv fəaliyyətə başlayıb. Digər təsirli ideya pantürkçülük olub. Burada öz liderləri altında MərkəziAsiyanın türk əhalisini birləşdirməyə hazır olan Türkiyə ilham mənbəyi qismində çıxış edib.

Lakin Mərkəzi Asiya və Yaxın Şərq ölkələri arasında ciddi yaxınlıq baş verməyib. Bir hal istisna olmaqla. Paradoksal səslənsə də, Mərkəzi Asiya üçün Yaxın Şərqdə ən cəlbedici tərəfdaş İsrail olub. Nəticədə region islam dünyasının ən israilyönlü hissəsinə çevrilib.

İşə yaramayan həmrəylik

Mərkəzi Asiya ölkələri müsəlman Yaxın Şərqi ilə əməkdaşlıq imkanları ilə bağlı ümidlərini çox tez itirib. SSRİ simasında bir böyük qardaşın təsirindən yaxa qurtaran gənc dövlətlər indi ərəb ölkələrindən olan islamçı fundamentalistlərin simasında başqa bir böyük qardaşdan asılılığa düşmək istəməyib. Mərkəzi Asiya rejimləri tez bir zamanda xarici tərəfdaşlarını himayədar tondan imtina etməyə inandırmağa çalışıblar. Onlar bərabər şərtlər daxilində dialoq qurmaq istəyiblər.

Daha sonra məlum olub ki, dövlət inkişafı baxımından Yaxın Şərq Mərkəzi Asiyaya çox az şey təklif edə bilər. Hər iki regionun ölkələrini birləşdirən cəhətlər elə də az olmayıb, amma bu oxşarlıq maraq deyil, problem oxşarlığı olub.

Həm Yaxın Şərqdə, həm də Mərkəzi Asiyada əlverişsiz vəziyyətdə olan kəndlərdən böyük şəhərlərə nəzarətsiz və münaqişələrə səbəb olan əhali axını baş verir. Həmçinin hər iki region daim trans-sərhəd çayların qeyri-effektiv istifadəsi və su resurslarının tükənməsindən dolayı ərzaq çatışmazlığı ilə üzləşir. Amma hələ heç bir tərəf bu problemlərin effektiv həll yolunu tapa bilməyib.

Yaxın Şərq və Mərkəzi Asiya arasındakı daha bir vacib oxşarlıq rejimlərin sabitliyinin təmin edilməsində ordu və xüsusi xidmətl orqanlarının əsas rol oynamasıdır. Hər iki regionda aparıcı siyasətçilər və hakim elita əsasən xüsusi xidmət nümayəndlərinin üzvləri olur. Məhz onlar daxili siyasət qaydalarını və ölkələrinin iqtisadi həyatını formalaşdırır. Lakin rejimlərin bütün oxşar cəhətlərinə baxmyaraq, adətən onlar qonşularla əlaqələrin inkişafında maraqlı olmurlar və istənilən xarici əlaqəyə şübhə ilə yanaşırlar.

Nəhayət, ərəb ölkələrinin özləri Mərkəzi Asiyada yumşaq gücdən istifadə etməyə hazır olmayıblar. Ərəb (və fars) mediasının regionda zəif mövqeyi buna bariz nümunədir. İslamyönlü mövqeyin nüfuzlu vasitəçisi, Qətərin “Al-Jazeera” televiziya kanalının Mərkəzi Asiya auditoriyası çox kiçikdir. Kanal nə rus, nə də yerli dillərin heç birində yayımlanmır. İngiliscə xəbər oxuya bilən Mərkəzi Asiya sakinləri isə informasiya üçün məhz həmin kanala müraciət etmir.

Nəticədə artıq 2000-ci illərin ortalarında Mərkəzi Asiyanın Yaxın Şərq gündəliyinə münasibəti əsaslı şəkildə dəyişib. Özbəkistan həm pantürkçülüyə, həm də beynəlxalq münasibətlərin dini elementinə ümid etməklə xəyal qırıqlığı yaşayıb. Daşkənd ərəb dini fondların fəaliyyətini dayandırmağa və mədrəsələri bağlamağa başlayıb. İş o həddə çatıb ki, Özbəkistan yerli ilahiyyatçıları təhsil almaq üçün Yaxın Şərqin dini institutlarına göndərməyib, əslində sovet təcrübəsinə, imamların ölkə daxilində hazırlandığı praktikaya qayıdıb.

Enerji resurslarının qiymətində müşahidə edilən artım və milli iqtisadiyyatın ümumi möhkəmlənməsi sayəsində Qazaxıstanın daha tərbiyəçilərə ehtiyacı qalmayıb, özü aktiv xarici siyasət yürütməyə başlayıb. Tacikistanda uzun illərdir davam edən vətəndaş müharibəsi həm hökuməti, həm ictimaiyyətin böyük bir hissəsini islam ideyalarından hürküdüb. Türkmənistanda isə Niyazovun sərhədsiz şəxsiyyət kultu dini həyata yer saxlamayıb.

Mərkəzi Asiya ölkələrinin siyasi rəhbərliyi başa düşüb ki, ümmət ilə həmrəylik ifadəsi işə yaramır və emosiyalardan başqa onun arxasında heç nə durmur. Yaxın Şərqin ərəb ölkələri isə emosional fonu real əməkdaşlıqla doldurmağa hazır olmayıb.

“Ərəb baharı” və onun nəticələri

İki region arasında əsas fərq ondan ibarətdir ki, Yaxın Şərqdə baasist tipli ərəb millətçiliyi ab-havasında dünyəvi dövlət quruluşu hər yerdə uğursuzluğa düçar olub, amma Mərkəzi Asiyada dünyəvi millətçilik, əksinə, hazırda yüksəliş dövründədir.

Bu ziddiyyət xüsusilə 2011-ci ilin “ərəb baharından” sonra xüsusilə kəskinləşib. Tunis, Liviya, Misirdə dünyəvi rejimlərin iflasa uğraması, Suriyada vətəndaş müharibəsinin başlaması və Yaxın Şərqdə radikal islamçıların güclənməsi Mərkəzi Asiya ölkələri üçün pis nümunə olub, sübut edib ki, siyasi qeyri-sabitlik sadə vətəndaşlara böyük əzab-əziyyət yaşadır. Belə bir təəssürat yaranıb ki, heç bir halda analoji hadisələrin təkrarlanmasına yol vermək olmaz.

O vaxtdan bəri xüsusi xidmət orqanları və iqtidaryönlü təbliğatçılar daxili problemlərdən danışarkən daimYaxın Şərqi pis nümunə kimi çəkir.Göstərməyə çalışırlar ki, həyat səviyyəsinin yaxşılaşdırılmasına və demokratik dəyişikliklərə yönəlmiş yüksək gözləntilər çox vaxt özünü doğrultmur, sadə insanlar mövcud çətinliklərə dözməli olur, həddindən artıq tələbkarlıq və etirazlar isə, əksinə, ictimaiyyəti xaosa sürükləyir. Mütəmadi şəkildə bu ideyaları təbliğ edən rus mediasının Mərkəzi Asiyadakı populyarlığı region ölkələrinin şəhər sakinlərinin beynində bu obrazı möhkəmlədir.

Üstəlik, dünyəvi millətçi gündəlik dini gündəliyi tədricən sıxışdırır. Mərkəzi Asiyada ərəb Yaxın Şərqi daha çox qarşısı alınmalı radikal islamçılıq mənbəyi kimi qəbul edilir. Mərkəzi Asiya ölkələrinin başçıları qadınların mütləq hicab və niqab geyinməsi kimi ciddi müsəlman adətlərinə tənqidlə yanaşır. Onların fikrincə, bu, yerli milli ənənələrə uyğun gəlmir.

Məsələn, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ziyalı təbəqənin nümayəndələri ilə görüşdə bildirib: “Mən həmişə örpək və pərəncəyə qarşı olmuşam. Qadınlarımız heç vaxt belə şey geyinməyiblər, üzlərini gizlətməyiblər. Məktəblərdə, institutlarda gənclər hicab və pərəncə geyinməyə başlayıb. Mən həmişə buna qarşı olmuşam. İslamın bütün nümayəndələrinə hörmətlə yanaşırıq, amma bizim öz yolumuz var”.

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev də oxşar fikirlər səsləndirib. O, hətta milli mədəniyyət və dilin müdafiəsi bəhanəsi altında müsəlman geyiminə alternativ qismində milli geyim və yaylıqları təbliğ edən təşviqat kampaniyasına vəsait ayırmaq üçün göstəriş verib.

“Gəlin, qırğız mədəniyyətini ərəb, Pakistan, Banqladeş və başqa mədəniyyətlərlə səhv salmayaq. Bizim öz geyimimiz və dilimiz var. Niyə “adal” (qırğız dilində “təmiz”, “şəraitin icazə verdiyi”) sözü əvəzinə “halal” (ərəb dilində “icazə verilən”)? Mən Quranı dəfələrlə oxumuşam, başqalarının mədəniyyətini, dilini bizə zorla qəbul elətdirmək lazım deyil”, – Atambayev deyib.

Bizdə antisemitizm yoxdur

Mərkəzi Asiya ölkələrinin liderləri çox yaxşı başa düşürlər ki, onların avtoritar rejimləri qərb ölkələri tərəfindən elə də simpatiya ilə qarşılanmır. Bununla belə, onlar qərb investisiyaları, qrantları və maliyyə qurumlarından asılıdırlar, onların uşaqları və yaxın çevrələrinin övladları Qərbdə daşınmaz əmlak alır, ehtiyatlarını orada saxlayırlar. Bütün bunlar regionun siyasi elitasını məcbur edir ki, öz ünvanlarına səslənən tənqidi yumşaltmaq üçün qərb dünyasına müsbət gündəlik təqdim etsin.

Mərkəzi Asiya ölkələrinin həyatında azsaylı, amma həqiqətən müsbət aspektlərdən biri milli və dini azlıqlara tolerant münasibətdir. Mərkəzi Asiya liderləri beynəlxalq arenada öz obrazlarını ifadə edəndə məhz bu mövzudan geniş istifadə edirlər.

Regionun hər bir ölkəsi vurğulayır ki, onun sərhədləri daxilində beynəlmiləl razılıq və dini tolerantlıq hökm sürür. Antisemit ab-havanın olmaması və müsəlman ölkələri üçün nadir hal olan – yəhudi icmalarının çiçəklənməsi xüsusi vurğulanır.

Tarixən Buxara yəhudiləri Mərkəzi Asiyanın yerli xalqlarından biri olub,hərçənd XIX əsrin sonlarına kimi yerli xanlar və əmirlər onlara qarşı sərt repressiv siyasət aparıb. Sovet və postsovet dövründə isə onlara tolerant, hətta dost münasibət bəslənilib.

Buxara yəhudiləri region ölkələrinin mədəni və iqtisadi həyatına böyük töhfə verib, hətta bu gün onların çoxu ABŞ və İsrailə köçdükdən sonra belə, tacik və özbəklərin mədəni irsinin populyarizatoru olaraq qalıblar.

Özbəkistanın mərhum prezidenti İslam Kərimov və Qazaxıstanın hazırkı prezidenti Nazarbayev İsrailə səfər edərkən dəfələrlə ölkələrində antisemitizmin olmadığını vurğulayıblar. Tacikistan və Özbəkistan hökuməti Buxara yəhudilərinin məzarlarına qulluğu öz üzərlərinə götürüb, sovet dövründə müsadirə edilən köhnə sinaqoq binalarını yəhudi icmalarına qaytarıb, İsraildən olan iş adamları və yəhudi mənşəli Amerika biznesmenləri ilə aktiv əlaqə qurublar. Region ölkələrində dövlət müdafiəsi olmadan da yəhudi məzarlarına və sinaqoqlara vandal hücumlar müşahidə edilməyib.

Mərkəzi Asiya ölkələrinin, məsələn, ABŞ-da kiçik lobbi imkanları var, ona görə onlar Buxara-yəhudi diasporu ilə sıx əlaqə qurmağa çalışırlar. Mərkəzi Asiyanın yəhudi icması regionu hakimiyyətin antisemit siyasətinə görə deyil, sosial-iqtisadi səbəblərdən dolayı tərk edib. Bu da region ölkələrin lobbi səylərini yüngülləşdirir. Buxara yəhudilərini ayrıseçkiliyə məruz qoyan yerli deyil, mərkəzi sovet hökuməti olub: ölkədən çıxışlarına qadağa qoyulub, pasportlarındakı beşinci qrafa görə universitetlərə qəbula limit tətbiq edilib.

Tel-Əviv kursu

İsrail üçün də Mərkəzi Asiya dövlətləri ilə dost münasibətləri mühüm rol oynayır. Hələ İsrailin birinci baş naziri David Ben-Qurion (David Ben-Gurion) İsrail əleyhinə vahid alyansın yaradılmasına icazə verməmək üçün qeyri-ərəb müsəlman ölkələri ilə əlaqələri möhkəmlətməyə çalışıb. Bu strategiyaya əməl edən İsrail Türkiyə, İran (1979-cu ilədək) və kifayət qədər böyük müsəlman əhalisinə malik Hindistanla uğurlu əməkdaşlıq edib. Bu, Fələstinə qarşı yürüdülən siyasətin islama qarşı deyil, radikal elementlərə qarşı olduğunu söyləməyə İsrail siyasətçilərinə imkan yaradıb.

Sovet İttifaqı dağıldıqdan sonra İsrailin “dost periferiyasına” Mərkəzi Asiya ölkələri, habelə sıx hərbi-texniki əməkdaşlıq qurduğu Azərbaycan da düşüb. İsrailin baş naziri Binyamin Netanyahunun (Binjamin Netanyahu) yaxın çevrəsində ölkələrin strateji müttəfiq olduğu vurğulanır. Bu gün Mərkəzi Asiya ölkələrində İsrail dünyəvi və millətçi qüvvələrin nümayəndələri arasında ən geniş dəstəyə malikdir. Bu ölkələr İsraildə düşmən əhatəyə və çətin iqlim şəraitinə baxmayaraq effektiv iqtisadiyyat qura və uğurlu texnoloji inkişafa nail ola bilən inkişaf etmiş ölkə görürlər. Hər dəfə Mərkəzi Asiya regionunda ərzaq təhlükəsizliyi və ya su resurslarının çatışmazlığı ilə bağlı problem kəskinləşən kimi hamı İsrail təcrübəsinə üz tutur.

Bunu başa düşən yəhudi dövləti kənd təsərrüfatının inkişaf proqramları, həmçinin “Tikkun Olam” proqramı çərçivəsində mürəkkəb tibbi əməliyyatlarda Mərkəzi Asiya sakinlərinə yardım etmək vasitəsilə öz nailiyyətlərini populyarlaşdırmağa çalışırlar.

Əvəzində region ölkələri bəzən ərəb dünyası ilə əlaqələrə ziyan vurmaq hesabına, İsrail ilə yaxşı münasibət saxlamağa çalışırlar. Onlar demək olar Fələstinlə həmrəylik haqqında növbətçi bəyanatlarla heç vaxt çıxış etməyiblər, Özbəkistan və Qazaxıstan isə Yaxın Şərq ölkələrinin tənqidinə fikir vermədən Tel-Əvivdə öz səfirliyini açıb.

Hətta Türkiyə və İsrail münaqişəsində Mərkəzi Asiyada çoxunun simpatiyası Tel-Əviv tərəfdə olub. Prezident Ərdoğan tez-tez tənqidlərə məruz qalır ki, o, Krım, İran və Çində hüquqları tapdalanan, etnik cəhətdən yaxın türklərdənsə, ərəbləri dəstəkləyir.

Ümumilikdə pantürkçülük və islam dəyərləri arasında sivil seçim mövzusu ilə bağlı əndişələr Mərkəzi Asiya ölkələrinin Yaxın Şərq siyasətində mühüm amil olmaqdan çıxıb. Onların yerini praqmatizm tutub. Regionun siyasi elitası ilk növbədə iqtisadiyyatlarının struktur bərpasında, xüsusilə texnoloji investisiyalarda və insan kapitalının inkişafında maraqlıdırlar. Onlar başa düşürlər ki, ərəb ölkələri bu sahədə çox az şeylə yardım edə bilər, ona görə Yaxın Şərqdən və regionun münaqişələrindən uzaqlaşmağa çalışırlar.

Pantürkçülük və islam dirçəlişi ideyaları tədricən dövlət millətçiliyi tərəfindən sıxışdırılır. Mərkəzi Asiyanın siyasi elitası isə qlobal ümmətdənsə, regional əməkdaşlığa, iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş dövlətlər tərəfindən investisiyalara üstünlük verir.

 

araz.az xəbər portalı.