Ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılması “APA Holding”in bağlanması ilə nəticələnib.
24saat.org saytına daxil olan məlumata görə, holdinqin bütün saytları bağlanıb və bundan sonra fəaliyyət göstərməyəcək.
Bir neçə saatdır holdinqə daxil olan bütün saytlar fəaliyyətini dayandırıb. Yaranmış vəziyyətlə bağlı holdinq rəsmilərindən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı ilə bağlı məlumat yayan APA informasiya agentliyi təhrifə yol verib.
24saat.org xəbər verir ki, sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir” (apa.az/daxili_siyaset/apa-nin-aciqlamasi-5508).html) başlığı ilə məlumat yaysa da, agentliyin bu üzrü qəbul edilməyib. Üzr yazısından bir qədər sonra APA holdinqin apa.az, lent.az, apasport.az və digər saytlarına giriş bloklanıb.
24saat.org-a daxil olan məlumata görə, məsələ o qədər ciddidir ki, APA holdinqin bağlanması məsələsi müzakirə edilir.
Problemə səbəb olan “Azərbaycan prezidenti: “Ermənistanı çökdürəcəyik”” başlıqlı yazını təqdim edirik:
“Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bütün dünya ölkələri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə paraflanmış sənəddə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Eyni zamanda keçən ay NATO-nun zirvə görüşündə qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bunlar beynəlxalq hüququ, ədaləti əks etdirən sənədlər, eyni zamanda işğalçı ölkəyə göndərilən siqnallardır. İşğalçı ölkə bilməlidir ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, 20 il Ermənistana rəhbərlik etmiş xunta rejimi çöküb, işğalçı siyasəti iflasa uğrayıb: “İşğalçılıq siyasətinə görə Ermənistan bu gün ağır, təcrid edilmiş vəziyyətdədir. Azərbaycanla münasibətlər normallaşana qədər də belə olacaq. Bunun üçün işğalçı dövlət torpaqlarımızdan dərhal çıxmalıdır. 25 il əvvəl BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib. Həmin qətnamələrə görə erməni işğalçı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Həll yolu budur. Ermənistanın indiki hakimiyyəti əvvəlki xunta rejimin səhvlərini buraxmamalıdır.
Ancaq onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar təəccüb doğurur. Bir-birini təkzib edən bəyanatlar başa düşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Lakin bunu Azərbaycan və vasitəçilər qəbul etməyəcək. Özləri də bunu bilir. Eyni zamanda bu bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Biz başa düşürük ki, yeni hökumətə beynəlxalq münasibətlər barədə məlumatlı olmaq üçün vaxt lazımdır. Ancaq verilən bəyanatlar sülhə vurulmuş yeni zərbədir. Çünki onlar işğalçı siyasəti davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik. Biz isə sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Azərbaycan əsgərləri öz torpaqlarında şəhid, əlil olurlar. Erməni əsgərlərin isə bizim torpaqlarda heç biri işi olmamalıdır. İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. O halda Azərbaycanla Ermənistan arasında əlaqə yarana və dayanıqlı sülh, inkişaf mümkün oluna bilər.
Münaqişənin tezliklə və mərhələli yolla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz və beynəlxalq aləm bunu tələb edirik. Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, Ermənistanı çökdürəcəyik”.
Həmin mərasimdən AZƏRTAC-ın yaydığı məlumat isə belədir:
“Prezident İlham Əliyev: Ermənistandakı kriminal xunta rejimin çökməsində Azərbaycanın rolu da az deyil
Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimindəki çıxışında söyləyib.
Azərbaycan Prezidenti deyib: “Münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır”.
24saat.org
araz.az xəbər portalı.