Bakının məşhur məktəbi artıq yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi kimi fəaliyyət göstərə bilmir
Paytaxtın indiki Səbail rayonu ərazisində 1943-cü ildən orta məktəb kimi fəaliyyət göstərən 160 saylı qocaman təhsil müəssisəsi, verdiyi keyfiyyətli təhsilə görə bütün dövrlərdə yaxşı tanınaraq, məşhurlaşıb.
Sonrakı əsaslı təmirlərlə və əlavə edilən mərtəbələrinin inşasıyla, təməli 1908-ci ildə qoyulan məktəb binası da, daha gözəgəlimli olaraq, tanınıb. 2006-cı ildə Klassik Gimnaziya – yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi statusu alandan sonra isə, məktəb daha da məşhurlaşıb. Elə, bununla da, qarşısına bambaşqa vəzifə və öhdəliklər qoyulub – milli ənənələrə və bəşəri dəyərlərə uyğun beynəlxalq standartlı keyfiyyətli təhsil, fərqli pedaqoji əməkdaşlığa əsaslanan çoxprofilli və müxtəlif səviyyəli təlim, mənəvi cəhətdən yüksək yaradıcılıq atmosferi yaratmaq, hərtərəfli inkişaf edən, tolerant Azərbaycan vətəndaşı formalaşdırmaq…
Düzdür, son illərədək gimnaziya kollektivi qarşısına qoyulan vəzifə və öhdəliklərin əsasını təşkil edən amallar naminə çalışıb. Lakin sonralar ortaya təəssüf doğuran hallar çıxıb; Konkret desək, haqqındakı şikayət və narazılıqların sayı-hesabı yoxdur. Öz Nizamnaməsi, himni, devizi, döş nişanı, emblemi olan bu dövlət ümumtəhsil müəssisəsinin son illərə aid keyfiyyətli fəaliyyət göstəricilərində təsəvvüredilməz geriləmələr sürətlə davam etməkdədir. Əvvəllər gimnaziyadakı təhsildə öz əksini tapmış ənənələrdən və müasirlik prinsiplərindən artıq əsər-əlamət qalmayıb.
Bir qədər əvvəl ölkənin təhsil sistemindəki acınacaqlı vəziyyətlə bağlı həyəcandolu bir yazı ilə çıxış edən tanınmış təhsil eksperti, “XXI Əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev də, həmin yazısında Klassik Gimnaziya haqqında deyilənləri tutarlı faktlarla və dəlil-sübutlarla bir daha təsdiq edib. Qısa ixtisarla təqdim etdiyimiz həmin yazıda ekspert, hətta keyfiyyətsiz təhsil verən belə gimnaziya və liseylərin bağlanmasını da təklif edib: “Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi “Abituriyent” jurnalının XII nömrəsində, 2017 – 2018-ci tədris ili üçün, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili verilib. Bu vəsaitin köməyi ilə, ölkə üzrə orta və ali təhsilin durumuna yaxından bələd olmaq mümkündür. Vəsaitlə tanışlıqdan sonra ağlıma gələn ilk fikir bu oldu: Nə yaxşı ki, buraxılış imtahanlarının keçirilməsi də bu quruma həvalə olundu.
DİM-in təhlillərində zərrə qədər qaranlıq məqamların qalmasına yol verilmir. Bu jurnalda hər bir fənn üzrə attestat qiyməti “kafi” və “əla” olan abituriyentlərin qəbul imtahanlarında müvafiq fəndən topladıqları nisbi balların bal intervalları üzrə paylanma histoqramları təhlil edilib. Məsələn, tarix fənnindən əlaçı abituriyentlərin 22,6 faizinin, Azərbaycan tarixi fənnindən 23,91 faizinin və kimya fənnindən 17,64 faizinin uyğun fənnlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olmuşdur. Riyaziyyat (I, II qruplar) fənnindən attestat qiyməti “əla” yazılanların 1271 nəfəri 0 – 20 bal toplamışdır.
Bu faktlar onu göstərir ki, hələ uzun illər orta məktəb attestat qiymətlərini tələbə qəbulu prosesində nəzərə almaq mümkün olmayacaq.
Abituriyentlərin sayına nəzərən, yüksək ballıların faizi daha çox olan təhsil müəssisələrinin cədvəlində olduqca maraqlı faktlara rast gəlmək mümkündür. Bakının mərkəzində yerləşən 160 saylı Klassik Gimnaziya bu cədvəldə (buna reytinq də demək olar) 71-ci yerdədir.
Adı çəkilən gimnaziyanın məzunlarının 10,34 faizi 600-dən yuxarı bal topladığı halda, Sabirabad 5 saylı şəhər orta məktəbinin (52-ci yer) məzunlarının 12,28 faizi 600-dən yuxarı bal toplayıb… Bundan başqa, abituriyentlərin imtahan fənnləri üzrə yüksək nəticə göstərən məktəblərin içərisində Azərbaycan dili, fizika və kimya fənnləri üzrə birinci yeri Biləsuvar rayonu Mübariz İbrahimov adına Biləsuvar Lisey–Məktəb Kompleksi tutur. Digər fənnlər üzrə 1-ci və 2-ci yerləri akademik Zərifə Əliyeva adına lisey və Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziya tutur.
160 saylı Klassik Gimnaziyanın (rus bölməsi istisna olmaqla, hərçənd bu bölmədə də vəziyyət ürəkaçan deyil) və bəzi tanınmış liseylərin bu cədvəllərdə yeri yoxdur.
Bu möhtəşəm jurnalı bir məqalə vasitəsilə təhlil etmək mümkün deyil. Təhsil Nazirliyi təmtəraqlı hesabat verdi. Dövlət İmtahan Mərkəzi isə, bu möhtəşəm elmi-statistik təhlilin təqdimatını keçirmədi. Məncə, hər iki qurumun hesabatını müqayisəli təhlil etməklə, ali və orta təhsilin vəziyyəti haqqında müfəssəl nəticələr çıxarmaq olar…”.
Etibar Əliyevin söhbət açdığı həmin Klassik Gimnaziya ilə bağlı, araz.az saytının redaksiyasına da şikayətlər daxil olub. Bu şikayətlər əsasında apardığımız araşdırmalarımız da, narahat valideynlərin dediklərini təsdiq edir. 30-a yaxın millətin nümayəndəsi olmaqla, 3000 nəfər civarında şagirdin Azərbaycan və rus dillərində iki tam növbədə təhsil aldığı bu məktəb haqqında deyilənlər, onsuz da, ürəkaçan deyil. Təəssüfləndirici belə hallar buradakı qaranlıq məqamlardan belə xəbər verir. Əlbəttə, olkə başçısının da diqqət ayırıb, baş çəkdiyi bu gimnaziyanın, bir rayon məktəbi ilə müqayisədə, indi daha aşağı nəticə göstərməsi təəssüf doğurmaya bilməz.
Araz.az-ın əməkdaşlarına bu məktəbin məzunu olduğunu, övladlarının da burada təhsil aldığını deyən olduqca narazı valideynlərdən biri, bu gimnaziyanı daim özünə doğma bildiyini söyləyir: “Özümə yaxın bildiyim bu məktəbin adına bəd əməlləri ilə ləkə gətirənləri heç cür bağışlaya bilmirəm. Vaxtilə pedaqoji kollektivi arasında “Əməkdar müəllim” adına, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülən, elmlər namizədi, dövlətin tələbə qəbulunu həyata keçirən qurumunun eksperti və test tərtibçiləri olan, yeni dərsliklərin, dərs vəsaitlərinin və metodiki məqalələrin müəllifləri kimi tanınan çoxsaylı müəllimlərimizlə daim fəxr etmişik. Həm də ona görə qürur hissi keçirmişik ki, əvvəllər, hər il “İlin ən yaxşı müəllimi” adına layiq görülən müəllimlərin böyük bir qrupu, elə, bu məktəbin özünün məzunları olub. Məktəbimiz 2008 və 2013-cü illərdə respublika prezidenti möhtərəm İlham Əliyev cənablarının Sərəncamı ilə “İlin ən yaxşı ümümtəhsil məktəbi” adına layiq görüləndə, sevincimizin həddi-hüdudu olmadı. İndi isə…
Vaxtilə verdiyi keyfiyyətli təhsillə həmişə fərqlənmiş 160 saylı Klassik Gimnaziyada hazırda yaşanan qanunsuzluqlar, açıq-aşkar müşahidə olunan neqativ hallar ürək göynədir. Rəhbər heyətin merkantil maraqları gimnaziyanı repititorluq mərkəzinə çevirib. Məktəbdə vəziyyətin belə acınacaqlı həddə çatmasının başlıca səbəbi də, elə, budur”.
Narazı digər bir valideyn isə deyir ki, ölkənin ümumtəhsil məktəblərinin bir çoxu, təhsilimizə acınacaqlı durum yaşadırlar. Belə təhsil müəssisələrindəki xoşagəlməz problem və çatışmazlıqlar barədə ölkə mətbuatında illərdir oxuduğu ciddi tənqidi yazılarda göstərilən qanqaraldıcı faktlar isə, onu olduqca həyəcanlandırır: “Elmi-statistik təhlil aparıb, nəticəsini ictimaiyyətə təqdim edən əlaqədar təşkilatların, ekspertlərin hesabatları da adamı dəhşətə gətirir. Elə, kütləvi informasiya vasitələrinin dərc etdiyi tənqidi yazılarda göstərilənləri, həmin hesabatlarda verilən faktlarla müqayisəli təhlil etmək kifayətdir ki, orta təhsilin acınacaqlı vəziyyəti haqqında özün müfəssəl nəticələr çıxarasan.
Təhsilin ürəkbulandıran kökə düşməsinin əsl günahkarları sırasında həmişə məktəblərin rəhbər kadrlarının adları öndə çəkilir. Uşaq və yeniyetmələrin xoş gələcəklərinə cavabdehlik qarşılarına əsas məqsəd kimi qoyulan belə təhsil müəssisələrinin olduqca zəif nəticə göstərən bir neçəsi bağlansa da, əksər məktəblərdə yenə “köhnə hamam, köhnə tasdır”. Təhsilimiz ona qənim kəsilənlərin əlindən yaxasını qurtara bilmir. Ən dəhşətlisi odur ki, respublikanın Təhsil Nazirliyi və təhsilimizin taleyinə cavabdeh digər əlaqədar qurumlar da, ürəkbulandıran duruma qarşı biganəlik nümayiş etdirirlər. Yüksək səlahiyyət sahibi olan həmin dövlət qurumları, böyük təhsil haqları hesabına keyfiyyətli dərs keçə bilməyən lisey və gimnaziyalarda belə, təhsilin keyfiyyətini heç vaxt düzgün qiymətləndirmirlər. Belə məsuliyyətsizliyin son nəticə yükünün çəkilməz ağırlığı isə, valideynlərin çiyinlərinə düşür. Bu barədə ölkə mediasında tənqid dolu obyektiv yazılar çox dərc olunduğundan, əlavə söz deməyə ehtiyac da qalmır – “kor – kor, gör – gördü”.
Keyfiyyətsiz təhsili və rəhbər heyətinin qeyri-sağlam iş metodu ilə “fərqlənən” belə təhsil müəssisələri sırasında, artıq, paytaxt Bakının mərkəzində, şəhərin Səbail rayonu ərazisində fəaliyyət göstərən, vaxtilə verdiyi keyfiyyətli təhsilə görə həmişə öndə olan doğma məktəbimizin – 160 saylı Klassik Gimnaziyanın adının çəkilməsi də, bizi olduqca məyus edir. Digər geridə qalan məktəblərdəki danılması mümkün olmayan qanunsuzluqların və açıq-aşkar müşahidə olunan neqativliklərin artıq bizim məktəbə “ayaq açıb, kök salması” isə, bizi yandırıb-yaxır. Bəd əməlləri ilə, doğma məktəbimizin tanınmış adına və nüfuzuna “kölgə salan”larla heç cür barışmaq da olmur.
Özümüzə doğma bildiyimiz bu məktəbdə təhsil alan övladlarımızın gələcək taleləri bizi olduqca narahat edir. Ötən dövrlərdə burada verilən yüksək keyfiyyətli təhsildən əsər-əlamətin qalmamasına etiraz edə, qorxudan dinib, danışa bilmirik. Ağzını açanın uşağı ya gözümçıxdıya salınır, ya da bəhanələrlə gimnaziyadan uzaqlaşdırılır. Bu qorxu sindromu isə, digər bir neqativlik üçün münbit şərait yaradır – hər şeyə görə, şagirdlərdən pul tələbi daha da çoxalır. Bu səbəbdən, övladı burada təhsil alan biz yazıq valideynlərin qanunsuz məktəb xərcləri getdikcə daha da şişir. Nə edəcəyimizi, dərdimizi kimə deyəcəyimizi bilmirik…”.
Şikayətçi valideynlərdən digər birinin sözlərindən o da məlum olur ki, səlahiyyət sahibi olan gimnaziya müəllimləri, hətta bütün əlamətdar günlərdə şagirdlərdən pul yığmaqdan belə çəkinmirlər: “Bu əlamətdar günlərin sırasında 14 fevral – Valentin (Sevgililər) gününün özünə möhkəm yer tutması başa düşülən deyil. Gimnaziyada repititorluğun ən yüksək səviyyədə dəstəklənməsi də, yaxşı olmayan hallardandır: Ali məktəblərə hazırlaşan şagirdlərlə, onlardan aşağı siniflərdə oxuyanlar da, məcburi olaraq, elə, bizim məktəbdəcə müxtəlif fənnlər üzrə müəllim yanına göndərilirlər. 4-5 məcburi fənnin hər birinə görə, yüksək məbləğdə pul ödəməli oluruq – ən azı 50 manat, üst-üstə 300 – 400 manat. Əksər valideynin buna imkanı çatmır. Buna etiraz edəndə, “günümüz göy əskiyə bükülür”. Dəhşət ondadır ki, repititor-müəllimlərin hazırlıq göstəriciləri də keyfiyyətli olmur. Qəbul imtahanlarında şagirdlərin topladıqları aşağı ballar bunun sübutudur. Buna baxmayaraq və təbii ki, yığılan böyük məbləğdə pulun əsas hissəsi gimnaziya rəhbərinə çatdığı üçün, o, dövlət büdcəsindən maliyyələşən bu təhsil müəssisəsinin inzibati binasında repititorluq üçün hərtərəfli şərait yaradıb…”.
Klassik Gimnaziya ilə bağlı yayılan xösagəlməz xəbərlərin birində o da iddia edilir ki, bu təhsil müəssisəsinin pedaqoji heyəti arasında, hətta qurduğu mütəşəkkil cinayətkar təşkilata, etdiyi ağlasığmaz siyasi və hərbi casusluq, inanc istismarı və kiçik uşaqlara qarşı təcavüz… əməllərinə görə ittiham edilərək, Türkiyədəki geniş polis əməliyyatında, yaratdığı geniş cinayətkar şəbəkəsi ilə bərabər həbs olunan Adnan Oktarın tərəfdarları da var. Bu iddianı irəli sürənlər, həmin şəxslərin gimnaziyada təhsil alan şagirdlər və müəllim kollektivi arasında, qardaş ölkədə özünü “Mehdi” elan edərək, “Adnan hoca” kimi “məşhurlaşan, 1 milyon 50 min avro qarşılığında 32-ci masonluq dərəcəsi aldığı təsdiqlənən Harun Yəhya ləqəbli bu qatı cinayətkarın – dinimizi gözdən salmağa çalışan saxta ilahiyyatçının yaratdığı dini sektanın təbliğat kampaniyasını aparmaqdan, bu kampaniyanı daha da genişləndirmək üçün, məktəbdə pul yığmaqdan belə çəkinmədiklərini də bildirirlər…
Araz.az-ın şikayətçilərlə və tanınmış təhsil ekspertləri ilə görüşən, şikayətlərdə göstərilən faktlarla bağlı araşdırma aparan əməkdaşlarına da aydın olub ki, son illər 160 saylı Klassik Gimnaziyada verilən təhsilin keyfiyyət göstəriciləri, doğrudan da, xoşagəlməzdir. Təhsilin bu kökə düşməsinin başlıca səbəbi isə, rəhbərliyin idarəçilikdə yaratdığı hərc-mərclik və özbaşınalıqdır. Elə, burada yaranmış qanqaraldıcı ab-havanın ən böyük günahkarı olaraq da, məktəbin rahat direktor kreslosunu uzun zamandır “qucaqlayıb, əlindən buraxmayan” və yaşı ağbirçəklik həddini yaxalayan Faina Emmanuil qızı Ələkbərovanın adı çəkilir. Narazı valideynlər ölkənin kadr siyasətindəki yaş həddi məsələsinin Faina Ələkbərovaya da şamil olunmasını istəyirlər. Əvvəllər məşhur olmuş qocaman təhsil müəssisəsinin keçmiş şöhrətini özünə qaytarmaq üçün, bu, daha vacib və önəmli olardı!
Klassik Gimnaziyada tüğyan edən neqativliklər yalnız bunlarla bitmir. Əldə etdiyimiz digər qanqaraldıcı faktların təsdiqi üçün araşdırmalarımızı davam etdiririk. Araşdırmalar zamanı qarşı tərəfin mövqeyini bilmək də, bizim üçün maraqlı olardı.
Məhi ELSEVƏR, Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.