Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəzarəti Xidməti (DANX) işğal olunmuş rayonlara gediş haqqı ilə bağlı tarfiləri açıqlayıb.
9,70 manata Şuşaya, 13 manata isə Zəngilana getmək olar. Şuşada və Zəngilanda “yaşayan” əhali qiymət artımını sevinclə qarşılayıblar. Hətta sevindiklərindən Qubadlıda bir, Zəngilanda isə iki qəsəbə salmağa başlayıblar. APA-nın vermədiyi xəbərlərə görə kəndlərə əhali tapılmadığına görə PKK-çı ermənilər və onların ailələri köçürüləcək. 9,30 manata Xankəndinə gedən ermənilər Şuşadan ucuza getdiklərini “şadyanalıq” edərək sabahadək tutarağı içiblər. Çünki bu şəhərlər arasında daim rəqabət olub. Lakin Sovet vaxtı bu fərq 15 qəpik olsa da, bu gün 40 qəpikdir. Yəqin yollarımız da həsrətdən uzanıb. Ya da ermənini çox istəyənlər bir az da çoxalıb…
Keçək mətləbə.
Bizim analoqsuz millətə vəkillik edənlər bir-birindən ağıllı fikirlər yayınlamaqdadırlar. Onların dediklərindən 50%-lik qiymət artımının nə demək olmasını anlamadıqları görünəndir. Məsələn, deputat Rüstəm Xəlilov Tarif Şurasının metro və avtobuslarda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirərək deyib: “Burada şou yaratmağa ehtiyac yoxdur. Tarif Şurası baxıb, müzakirə edib və müvafiq qərar qəbul edib. Burada qeyri-adi nə isə yoxdur. Bir çox ölkələrdə bu cür qərarlar verilir”.
Deputat sərnişindaşıma nəqliyyatında olan qiymət artımının digər sahələrə təsir göstərməyəcəyini söyləyib: “Bu qərarın digər sahələrdə də qiymət artımına gətirəcəyi ilə bağlı səslənən fikirləri düzgün qəbul etmirəm. Bu cür düşünmək doğru deyil. Tarif Şurasının qərarı normaldır”. Bərəkallah deyib keçək digərlərinin fikirlərinə. Deputat Aydın Hüseynov Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarını şərh edərkən deyib: “Qiymət dəyişikliyindən sonra dövlətin bu sahəyə ayırdığı xərcləri bu sektordan istifadə edən vətəndaşlar bölüşmüş olacaq. Dövlət isə həmin xərcləri daha çox sosial sahəyə yönəltmiş olacaq. Eyni zamanda nəqliyyat təsərrüfatının yenilənməsi, yeni avtobus, qatarların alınması, xidmət keyfiyyətinin artırılması günün tələblərindən biridir. Bakı şəhəri turizm mərkəzinə çevrilir, xarici turistlərimiz olur. Bu mənada nəqliyyat sektorunda komfortun artması, bu sahənin yenilənməsi baxımından gəlirlərinin artırılması labüddür… Azərbaycanda nəqliyyatdan istifadə üçün ödənişlər digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bu artım isə vətəndaşların büdcəsinə ciddi təsir edəcək səviyyədə yüksək deyil. Ona görə Tarif Şurasının qərarı dövlət xərclərinin azaldılması, digər tərəfdən nəqliyyat sektorunda yenilənmələrə dəstək, vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır”. Bir bərəkəllah deyib keçək digər cavablara. Millət vəkili Eldəniz Səlimov deyib: “Amma həyat, dövr dəyişdiyi, inkişaf ona uyğun adekvat addımlar atılmasını tələb etdiyi kimi, metroda və marşrut avtobuslarında da qiymət, tarif dəyişikliyinə ehtiyac hiss olunurdu. Yəni, uzun müddət bunu saxlamaq həm mümkün, həm də düzgün deyildi” və s. Çünki az saylı deputatlar istisna olmaqla yerdə söz deyə bilənlər öz ampulalarındadır. Bizim olmayan deputatların çıxışlarından aydın olan bir xətt var. Nəyinsə qiymətinin qaldırılması bizim yeganə iqtisadi göstəricimdizdir. Yəni necə deyərlər, “qaşıyırıq, yaşayırıq”. Qiymət artımına etirazı şou ilə müqayisə edən deputat Rüstəm Xəlilov bu Tarifsiz Tarif Şurasından Sabirabadlılar adından soruşun ki, bu qiymət artımını hansı izafi xərclər hesabına dəyişib. Bizlərə çox maraqlıdır.
9,70 manat verib Şuşaya gedin, pulunuz çatmasa 9,30 manatlıq Xankəndində düşərsiniz..
Qaradağlı seçicilər isə Aydın Hüseynovdan vətəndaşların bu ölkədə yalnız zərər bölüşdüklərindən xəbərsiz olmasının səbəblərrini soruşdular. Guya bizlər bu günədək hakimiyyətdəkilərlə şərik işləyirmişik, ona görə də bu lüzumsuz və lazımsız bir arqumentdir.? Şərikiksə, gəlin var-dövlətlərimizi qatışdırıb yenidən bölək. 150 manat pensiyanın artımına etiraz edib, nədən millət vəkilinin Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla 2598 manatlıq məvacibdən niyə imtina etmirsiniz və yol pulu xərclərinin zərərlərinə millətin vəkili kimi şərik olmursunuz?
Yaxud da xaçmazlıların əldə çıraq axtardıqları Eldəniz Səlimovun da səsi çıxıb. Xaçmazlılar soruşurlar ki, rayonda qaldırılmalı xeyli problemlər var. Qiyməti qaldırmaqdansa gəlib bu problemləri aradan qaldırmağa kömək etsin.
Qoy Tarif Şurası qiyməti qaldırmadan öncə bircə faktı araşdırsın. Bu marşurutlar əvvəllər fiziki şəxslər tərəfindən işlədilirdi. Vergiləri və əmək haqqları verilməklə yanaşı iri məbləğdə rüşvətlər də verib özləri də qazanırdılar. İnanmırsınız gedin Ziya və Fazil Məmmədovlardan soruşun. Monopoiya yolu ilə əllərdən alınan marşurutlar nədən qəflətən ziyanla işləməyə başladı? Bir az tamahınızı basın az dağıdıcılıq edin. İşlədə bilmirsini, qaytarıb verin sahiblərinə və imkan yaradın işlətsinlər. Niyə bunu Tarif Şurası bir təftiş etmədən, artıq “çörək uğrunda mübarizəyə” cəlb edilmiş xalqa 10 qəpik məzənnəsiylə 50%-lik dərs verməyə çalışır. İqtisadiyyatdan başı çıxanlar yaxşı bilirlər ki, bu lüzumsuz və lazımsız qərar xalqın hakimiyyətə olan son ümüdini də sarsıdıb. Zaranın gəlişinə “dotasiya” tapanlar bu sahənin nədən zərərlə işlədiyini açıqlamağa borcludurlar. Bəri başdan deyirəm ki, bu addım sadəcə və sadəcə idarəetmənin kommunist üslublu bacarıqsızlığıdır. Bir az önə gedib özünü çox bilmiş göstərmək istəyənlər bizim qiymətləri qeyri ölkələrdəki qiymətlərlə tutuşdururlar. Mən isə bircə fakt deyirəm. Baxın Estoniyanın, nə nefti, nə qazı, nə də digər təbii sərvıtləri yoxdur, Amma Estoniyada demək olar ki, ölkənin bütün ərazisində ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib. İyulun əvvəlindən Estoniyanın 15 regionun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə edə bilərsiniz, bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib. Bizim də İqtisadiyyat nazirimiz düzəltdiyi iqtisadiyyatdan xəbərsiz halda Tarif Şurasında xalqı hərifləyir və erməni televiziyası çəkən filminə xatirə dəftəri kimi tamaşa edir. Gəl di bunu anla…
9,70 manat verib Şuşaya gedin, pulunuz çatmasa 9,30 manatlıq Xankəndində düşərsiniz..
Və sonda bizimkilərin “bu sabun kompaniyaçılığına” baxanda yadıma bir lətifə düşdü: “Bir kənddə məşhur bir ovçu varmış. Ov edər və bolluq içində həyat sürərmiş. Bir gün ovdan tez qayıdır və bir daha heç yerə çıxmır. Arvadı dedikcə bircə söz deyərmiş: “Allah yetirəcək!” Evdə uşaqların acından öləcəklərini görən arvad kəndin ağsaqqalının yanına gedir və əhvalatı danışır. Ağsaqqal onlara gəlir. Ovçu ilə hal-əhval tutur. Niyə evdən çölə çıxmadığının səbəbini soruşur. Ovçu danışır ki, bir gün ova gedərkən bir aslanın bir öküzə hücum etdiyini görüb ağaca çıxdım. Aslan öküzü parçalayaraq yeyib doyduqdan sonra çaqallar, tülkülər onun artığından yeyib doydular. O vaxtdan düşündüm ki, Allah hər kəsin ruzusunu özü yetirir. Ona görə də ovçuluğu buraxdım və mən də öz ruzimi gözləyirəm.
Qoca bu ovçunun hekayəsini dinləyib əsəbi halda dedi: “Zalım oğlu, zalım! Sən niyə gedib özünü o çaqqal-çuqqala oxşadırdın. Elə aslana oxşayaydın, sənin hesabına da başqaları dolanaydı”…
Azərbaycanın “müdrüklük” quyusundan çıxanların çoxusu “kora baxmış, şil yaxşıdı”- deyə müqayisələr aparmaqdadırlar. Əhalinin gəlirinin azlığını deyəndə Afrika ölkəsi Sudanla, rüşvətxorluq deyəndə Sicilya ilə, bahaçılıq deyəndə ABŞ-la, miqrasiya deyəndə Suriya ilə və s. müqayisə aparırlar.
Facebook dostum Qəzənfər Hüseynin paylaşımından sətrlər: “Bu gün “SÖYÜŞ ALNIMIZA YAZILIB” devizi altında söyüş günüdür.
“Hörmətli” Taarif şurası üzvləri, “Söyüş günü”nüz mübarək!”
Xalq ümid edir ki, prezident Tarif Şurasının bu qərarını yoxlatdıraraq əsassız olmasını üzə çıxaracaq. Çünki bunlar su çəkirlər, suyu tapmırıq. Yol çəkirlər, yolsuz qalırıq. 2013-cü ildə 4,2 qəpiyə başa gələn elektrik enerjisinin bu gün iflas həddinə çatdırıb qiymət qaldırmağa ümüd edirlər. Pulsuz səmt qazını pulla bizə satıb ziyan edirlər. 12%-ə kredit alıb bizə 36%-ə satıb iflas edən bankların sayı durmadan artır. İqtisadiyyat nazirliyi isə bircə üsul bilir: QİYMƏT ARTIMI…
…Şuşaya bir nəfər…
…Zəngilana SV var…
…Xankəndinə…
Tarif Şurasının sədri Ş. Mustafayev haqqında ermənilərin xatirələrinə bu ünvanda baxa bilərsiniz: https://youtu.be/44T_wX5FTIg
Xaqani Ədəboğlu
araz.az xəbər portalı.