Bütöv Azərbaycan Ocaqlarının Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, İranın ölkəmizə qarşı son hərəkəti ilə əlaqədar qurum Bəyanat yayıb. Həmin Bəyanatda deyilir:
“Məlum olduğu kimi, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km. məsafədə, bəzi hallarda isə dövlət sərhədinin üstü ilə uçub. İİR-nın bu hərəkəti Azərbaycan dövləti və bir çox vətəndaş təşkilatları kimi, bizi də qəzəbləndirmişdir. Özəlliklə, 27.01.2023-cü il tarixində Tehrandakı səfirliyimizə edilən xain hücumdan – qanlı terror hadisəsindən sonra bu təxribatın təsadüf olmadığını bildirmək istəyirik.
Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hər hansı hərbi təyyarənin uçması suveren Azərbaycan dövlətinə qarşı təcavüz aktı və düşmən davranışı kimi qiymətləndirilməlidir.
Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, İran tərəfini bu cür təxribatçı hərəkətinə görə şiddətlə qınayır və onu gələcəkdə belə şantaj xarakterli addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda, Azərbaycanın müvafiq dövlət strukturlarının qonşu dövlətin bu beynəlxalq qanunlara zidd əməlini cavabsız qoymayacağını, uyğun diplomatik addımlar atacağını düşünürük.
Fikrimizcə, bununla bağlı Azərbaycan XİN BMT-yə rəsmi müraciət etməli, sülhsevər dünya ictimaiyyətini məlumatlandırmalı və İİR-nın təcazüzkar dövlət kimi tanınması təşəbbüsü ilə çıxış etməlidir.
Tarixi Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən 30 illik işğalı dövründə heç bir addım atmayan, özünü dünyada şiə müsəlmanların himayəçisi kimi təqdim edən İİR-nın növbəti təcavüzkar hərəkətini biz Azərbaycan dövlətçiliyinə düşmən münasibətin və türklərə qarşı əsrlər boyu formalaşmış milli-etnik nifrətin təzahürü kimi qiymətləndiririk.”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.