araz.az xəbər verir ki, sosial şəbəkələrin yaranması və inkişafı, həyatımızın bir parçasına çevrilməsi, xəbər və informasiya almaq üçün seçim imkanlarının artması çox gözəl yenilik oldu. Faktiki olaraq ənənəvi medianın üstələdi, operativlik və fikir müxtəlifliyini artırdı, amma diskursun keyfiyyətini xeyli aşağı çəkdi.
Orta əsrlərdən başlayan və 20-ci əsrə qədər sürətlə və keyfiyyətlə yaranan fəlsəfə məktəbləri insanların və insanlığın inkişafında çox böyük rol oynadılar. Təbii ki, bu boş yerdən yaranmadı, təməlini antik dövrlərdən başlayan yunan fəlsəfəsi, mifalogiyası, Roma hüququ, Çin fəlsəfəsi təşkil edirdi. Amma önəmli əsərlərin yaranmasına səbəb olan amillərdən biri də o idi ki, savadlı insan sayı az idi, filosoflar, ağıllı adamlar, fikri olanlar bir-birləri ilə yazışaraq, mübahisə edərək keyfiyyətli kontent yaradırdılar. Yazışmalar çox zaman elə kilsə, ya da yeni yaranan Universitetlər üzərindən aparılırdı, yazışmalar zaman etibari ilə uzun çəksə də, keyfiyyət bundan ancaq qazanırdı. Müxtəlif məktəblərin, cərəyanların yaranması insanlığı zənginləşdirdi, fəlsəfə elmə, təmələ çevrildi. Sonra müxtəlif səbəblərdən kütləvi yazıb-oxuma bilənlərin sayı kəskin artmağa başladı, çap maşınının yaranmasından tutun da gündəlik qəzetlərə, jurnallara qədər inkişaf dövrü yaşandı. Yazıb-oxuya bilən insanların sayı artdıqca fikir və fəlsəfə siyasi mübarizə üçün əsas alətə çevrildi. İdeoloji toplumlar formalaşmağa başladı, fikir və informasiya bolluğu artdı, amma bu keyfiyyətə də təsir etməyə başladı – TV və radionun geniş yayılması isə kontentin keyfiyyətinin azalmasına, fəlsəfəni təbliğatın əvəz etməsinə səbəb oldu. Sosial şəbəkələrin inkişafı və yayılması ənənəvi TV-lərə zərbə vurdu, dövlətləri panikaya saldı, elitaların əsas təbliğat maşını olan böyük ekranı zəiflətdi, nəticə olaraq böyük ekran (TV) balaca ekranlara (telefon və s.) uduzmağa başladı. Amma çox qısa müddətdən sonra dövlətlər (elitalar) özlərini toparladılar və sosial şəbəkələri vətəndaş cəmiyyətindən (geniş anlamda) daha effektiv istifadə etməyi öyrəndilər. Bu tək bizdə, Azərbaycanda baş vermədi, bütün dünyada eyni tendensiyanı müşafidə etdik və geniş anlamda vətəndaş cəmiyyəti uduzmağa başladı.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
“Pandemiya bunun pik nöqtəsi idi – Dövlətlər, əslində azadlıq üçün, azad fikir üçün böyük fürsətlər yaradan sosial şəbəkələr vasitəsi ilə elə azadlıqları, hüquqları boğmağı təbliğ etdilər, insanlar da buna boyun əydi, sual vermədi, sorğulamadı, sual verib sorğulayanları isə elə sosial şəbəkə kütləsi daşa, fitə basdı.
Sosial şəbəkələrdən doğru-düzgün istifadə etməyi cəmiyyət olaraq biz öyrənənə qədər Dövlət maşını bizi qabaqladı – bunun subyektiv səbəbləri də var idi. Əvvəllər sayılı insanlar savadlı idilər deyə diskurs da keyfiyyətli olurdu, indi isə hərf tanıyan hər kəs monitor arxasında “şir”ə döndü, ciddi mövzular trollandı, ciddi diskurs yaranmasına maneələr artdı. Obyektiv səbəb isə o idi ki, dediyim kimi, Dövlət maşını daha ağıllı və mütəşəkkil davranmağı, öz maraqları çərçivəsində şəbəklələri idarə etməyi daha tez öyrəndi. Nəticədə elə Dövlət özü istədiyi an süni “qəhrəmanlar” düzəldib bizə sırıdı, özünün şişirdiyi “şarları” istədiyi an “partladaraq” xəyal qırıqlığı yaratmağı bacardı. Yaxşı, bəs çıxış yolu nədir?! Sosial şəbəkələr möhtəşəm fürsətlər yaradır, bir an içində onminlərlə insana çatmaq fürsəti verir, sadəcə, söz deməyi bacaran, sözün çəkisini bilən, mürəkkəb, amma effektiv diskurs yarada bilənləri önə çəkməyi bacarmalıyıq. Yəni, qəhrəmanları Dövlət deyil də, biz müəyyən etməliyik. Bu zaman çox şey dəyişəcək, hələ ki, oyun qaydalarını biz diktə edə bilmirik, qaydaları yaradan və diktə edən isə həmişə udur. Tez-tez içi və başı boş olduğunu yaxşı bildiyi adamlardan “qəhramanlar” yaradıb sonra da onları “məhv” edərək ruh düşgünlüyü yaradan, hələ ki, dövlət maşınıdır”, – N.Cəfərli qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.