Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2016-2017-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumata görə, audit 2016-2017-ci illərdə Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işlərinin və çoxmənzilli binaların təmiri işlərinin, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işlərinin aparılması üçün istifadə olunan ümumilikdə 6445,1 min manat vəsaiti əhatə edib.
Audit nəticəsində bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələrin bağlanılması, vəsaitlərin satınalma keçirilmədən və məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə icra olunması halları müəyyənləşdirilib, bəzi müqavilələrin icrası zamanı tərtib olunmuş müvafiq sənədlərdə müəyyən edilməyən bir sıra işlər üzrə vəsait nəzərdə tutularaq istifadə olunub, işlər yerinə yetirilmədiyi halda podratçıya vəsait ödənilməsi hallarına yol verilib, çəkilən xərclər (yeni yaradılan dəyər) müvafiq qaydada uçota alınmayıb.
Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarlarının tələblərinin gözlənilməməsi səbəbindən mənzil fondu üzrə gəlir az hesablanıb və bir sıra hallarda isə artıq vəsait xərcinə yol verilib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyət ilə əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməməsi və tullantıların daşınması məqsədilə xidmət müqavilələrinin bağlanılmaması nəticəsində vəsaitlərin səmərəli istifadəsi təmin olunmayıb.
Hesablama Palatasının kollegiyası Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən auditlə müəyyən edilmiş nöqsanları aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.
Qeyd edək ki, məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.
araz.az xəbər portalı.