araz.az ayna.az-a istinadən xəbər verir ki, 90-cı illərin ikinci yarısında Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxıldı. Mərhum Prezident Heydər Əliyevin bununla bağlı fərmanında qeyd olunurdu ki, Azərbaycan vətəndaşları hər biri dörd paydan ibarət olmaqla özəlləşdirmə çekləri ilə təmin olunmalıdır. Ulu öndərin bu fərmanı ictimaiyyət arasında dərin rəğbət hissi ilə qarşılandı. O səbəbdən ki, Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi və müstəqil Azərbaycan dövləti özəlləşdirmə porosesində öz vətəndaşlarını əsas payçı qismində tanıyırdı.
Qanunvericiliyin tələbinə görə, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizi payçılara məxsus olmalı idi. Eyni zamanda Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının qiyməti inflyasiyadan qorunmaqla minimum 2000 ABŞ dolları əmlak ekvivalentində nəzərə alınmışdı.
Bununla yanaşı, özələşdirmə çekləri qiymətli dövlət kağızı olaraq “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənməli idi. Hansı ki, bu qanunda qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmayıb. Qiymətli kağızların yalnız şəxsin arzu və istəyi əsasında satışa çıxarılması, hədiyyə olunması və digər məqamlar öz əksini tapıb.
Lakin bütün bunlara baxmayaraq, 2011-ci ildə heç bir hüquqi əsas olmadan özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığını bəyan etdilər. Belə vacib və mütərəqqi bir prosesin qanunun tələblərini pozaraq, maariflənmə işləri aparılmadan və məmur oliqarxiyasının maraqlarına uyğun həyata keçirildiyini nəzərə alsaq, bu, aşkar şəkildə payçıların hüquqlarını pozulması demək idi.
Tədavül müddətinin bitməsi ilə bağlı qərarın qəbulundan sonra yüzminlərlə vətəndaş dövlətin onlara ayırdığı imtiyazdan istifadə etmək hüququndan məhrum olundu. Onların əlində olan qiymətli dövlət kağızları adi kağız parçasına çevrildi.
Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, hüquqşünaslar, iqtisadçılar, əmlak ekspertləri hökumətə davamlı çağırışlar etsələr də, özələşdirmə çekləri əlində qalan çoxsaylı vətəndaşların adından müvafiq qurumlara müraciət olunsa da, aidiyyəti orqanlar bu çağırış və müraciətlərə heç bir reaksiya vermir. Bu da öz növbəsində haqlı suallara yol açır.
Bu müraciətə etinasız yanaşan rəsmilər vaxtilə bu prosesi öz maraqlarına uyğun formada həyata keçirmiş məmur xələflərinin mənafeyini müdafiə edirlər, yoxsa bu qədər ziyalıların və vətəndaşların mövqeyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir?
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında və müsahibələrində bəyan edib ki, məmurlar vətəndaşların şikayətlərini ondan gizlədirlər və bəzi hallarda bu barədə mətbuatdan məlumatlar əldə edir. Prezidentin çıxışından sitat: “Bəzən vətəndaşların müraciətlərinə bilavasitə onların iştirakı ilə baxılmır, ayrı-ayrı hallarda müraciətlər baxılmaq üçün şikayət edilən vəzifəli şəxslərə göndərilir və onların hazırladıqları cavablar əsasında işə alınır. Bəzi yerlərdə vətəndaşların müraciətlərinə baxılmasında, onların qəbulunda formalizmə yol verilir, vətəndaşlarla keçirilən hər bir görüşdən yerli problemlərin həlli üçün səmərəli istifadə olunmur və s. Qabaqlar bəzən məndən şikayətlər gizlədilirdi. Mən bu barədə mətbuatdan məlumatlar alırdım. Artıq belə şeylərə son qoyulub və qoyulmalıdır”.
Belə qənaətə gəlmək olar ki, özələşdirmə çekləri ilə bağlı ölkə ziyaylılarının çağırışları, çekləri əlində qalan vətəndaşların müraciətləri də dövlət başçısından gizlədilir. Əgər belə olmasaydı, bu müraciətlərə reaksiya verilər, özələşdirmə çekləri əlində qalan vətəndaşların haqları bərpa olunardı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə AYNA-ya deyib ki, özələşdirmə çeklərinin tədavül müddəti artırılmalıdır: “O zaman ulu öndər Heydər Əliyev tərəfindən əhaliyə hər biri dörd paydan ibarət olan özəlləşdirmə çeklərinin verilməsi cəmiyyət tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Ümummilli liderimiz Heydər Əliyevin digər fərmanları kimi, bu fərman da əhalinin mənafeyinin qorunmasına xidmət edirdi. Özəlləşdirmə çeklərini əldə edən vətəndaşların bir qismi vauçerlərini “qara bazar”da satışa çıxardı, bir qismi müxtəlif müəssisələrə yerləşdirdi. Misal üçün, mən öz vauçerimi müəssisələrdən birinə yerləşdirdim, amma sonradan həmin müəssisənin taleyi ilə maraqlanmadım”.
“Bir qism qrup ölkə vəıtəndaşı isə bu günə qədər özəlləşdirmə çeklərini qoruyub saxlayır. Onların sayı az deyil. Bu baxımdan müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməli və məsələyə məntiqi yekun vurmalıdır. Vauçerləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir”, – deyə deputat vurğulayıb.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas İradə Cavadova da AYNA-ya şərhində söyləyib ki, məmurlar vətəndaşların şikayətlərini dövlət başçısına çatdırmalıdırlar: “Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların sosial mediada səhifələri yaradılıb. Görünən odur ki, kifayət qədər aktiv səhifədir və vətəndaşlar onlara dəyən zərərin ödənilməsini tələb edirlər. Digər yandan ölkə ziyalılarının adından rəsmi orqanlara çağırışlar olur və bu bəyanatlar mətbuatda da dərc olunur. Çekləri əlində qalan vətəndaşların aidiyyəti instansiyalara da müraciət etdiklərini nəzərə alsaq, vəziyyətin kifayət qədər ciddi olduğunu söyləyə bilərik”.
“Vətəndaşın hökumətdən tələb etdiyi nədir? Vətəndaş deyir ki, Sovet İttifaqı dağılandan sonra onların dədə-babasına məxsus olan paydan dövlət tərəfindən onlara miras ayrılıb. Bu mirasın tədavülə qaytarılmasını və kompensasiya ödənilməsini tələb edirlər”, – deyə həmsöhbətimiz bildirib.
Cavadovanın sözlərinə görə, həmin miras hər biri dörd paydan ibarət olmaqla özələşdirmə çekləri şəklində vətəndaşlara təqdim olunub: “Həmin çeklər üçün inflyasiyadan qorunmaqla konkret məbləğ müəyyən edilib. Qanunda özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin həmin çek sahiblərinə məxsus olması nəzərdə tutulub. Tədavül müddəti qanunvericilikdə yoxdur. Amma prosesi məmur oliqarxiyasının maraqlarına uyğun həyata keçirdikdən sonra hökumət bəyan edib ki, tədavül müddəti başa çatıb. Bu, insan hüquqlarının, hüquq normaların kobud sürətdə pozulmasıdır”.
“Müvafiq qurumların borucudur ki, təkliflər planı hazırlasın və ölkə rəhbərinə təqdim etsin. Amma bunu etmirlər. Bu mövzuya yekun vurulmalıdır. Prosesi uzatmaqla, bu qədər insanın hüquqlarını pozmaq olmaz. Əgər vauçerlər dəyərsiz kağız parçası olacaqdısa, onda buna özəlləşdirmə çeki adını niyə qoydunuz?!”, – deyə hüquqşünas fikrini yekunlaşdırıb.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Xüsusi qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!
Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Aydın GƏRAY.
araz.az xəbər portalı.