“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı “Dünyada azadlıq 2023” adlı yeni hesabatını yayıb. Hesabatda Ermənistan “qismən azad və demokratik ölkə” hesab edilərək 100 dövlət arasında 54-cü yerə layiq bilinib. Azərbaycan isə “Ermənistana qarşı aqressiya etmiş ölkə” qismində göstərilib və onun ərazisini “işğal” etməkdə günahlandırılıb. Təəssüf ki, bu kimi fikirlərə yer verən xarici birliklərin sayı az deyil.
Təşkilatların bu iddiaları nədən qaynaqlanır? Bu kimi məsələlərdə Azərbaycanın necə münasibət bildirilməsi daha doğru olar?
araz.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycana qarşı ikili yanaşma hər zaman olub:
“Hər bir dövlətin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış sərhədləri var. Müəyyən birliklərin bizi işğalda ittiham etməsi də çox absurddur. Azərbaycan heç bir dövlətin sərhədlərini pozmayıb və ərazisinə müdaxilə etməyib. Sözügedən təşkilatın bu məlumatı hansı mənbədən əldə etdiyi maraqlıdır. Azərbaycana qarşı daimi ikili yanaşma sərgilənib. Yəqin ki, “Freedom House” ermənilərin, yaxud Azərbaycanda olan ermənipərəst qüvvələrin verdiyi məlumatla çıxış edib”.
Millət vəkili bu iddialarda erməni lobbisinin maddiyyatının rol oynadığını qeyd edib:
“Azərbaycan sadəcə ərazi bütövlüyünü bərpa edib, bu məsələdə öz gücü hesabına mübarizə aparıb. Ona görə də, hansısa beynəlxalq təşkilatın bu kimi açıqlamalar verməyə haqqı yoxdur. Təəssüf ki, ölkəmizə qarşı bənzər iddialar son zamanlar tez-tez səsləndirilir. Əgər şübhələri varsa, Azərbaycanın da, Ermənistanın da xəritələrinə nəzər yetirə bilərlər. Həmin təşkilatlar niyə Azərbaycanın 30 il işğalda qalmış qanuni ərazilərini azad etdiyini dilə gətirmirlər? Bu illər ərzində ermənilərin xarabalığa çevirdiyi ərazilərimiz, əsir və girov götürdükləri vətəndaşlarımız haqqında bir kəlmə də məlumat vermədilər, fikir səsləndirmədilər. Bu səbəblə hesab edirəm ki, hər zaman olduğu kimi bu da ermənipərəst qüvvələrin, o təşkilatlarda çalışan ermənilərin, ümumilikdə erməni lobbisinin pulu ilə varlanan siyasətçilərin qərəzli mövqeyidir”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Globalinfo.az-a təşkilatın hesabatında Azərbaycanla bağlı iddiaların ədəbsizlik olduğunu bildirib:
“Bu, olduqca məqsədyönlü xarakter daşıyan, birbaşa Azərbaycanı hədəfə alan, beynəlxalq güclərin diqtəsi ilə yazılan sənəddir. Ona görə də “Freedom House”u obyektiv təşkilat kimi qəbul etmək mümkün deyil. Bu təşkilatın zənciri Qərbin bir sıra dairələrinin əlindədir və onlara uyğun hərəkət edir. Bu səbəblə də kiminsə sözünə əsasən hərəkət edən qurumların Azərbaycanla bağlı bu cür açıqlamaları ciddi qəbul oluna bilməz. Biz yenə də öz doğrularımızı dünyaya çatdırmaqdan əl çəkməməliyik.
Azərbaycanın öz əraziləri üçün apardığı mübarizəni işğalçılıq adlandırmaq ədəbsizlik, haqsızlıqdır. Ona görə də həmin təşkilatın açıqlamasına qarşı sərt mövqe ortaya qoymalı, iradımızı təşkilatın bütün qurumlarına və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Öncə işğal olunduğunu iddia etdikləri ərazini xəritə üzərindən göstərsinlər. Azərbaycana məxsusluğu beynəlxalq səviyyədə tanınan Qarabağda bu gün də qanunsuz erməni silahlı birləşmələri var. Həqiqətdənkənar bu açıqlama son dərəcədə gülüncdür.
Qeyd edək ki, sözügedən hesabatda Ermənistan həm də “demokratiyanın təzyiq altında olduğu ölkə” kimi qələmə verilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.