Azərbaycanda boş qalan vəzifələrdən biri də “Azərsu” ASC -nin sədri postudur. Qorxmaz Hüseynovun qəfildən istefaya göndərilməsindən sonra bu qurum başsız qalıb.
araz.az yenisabah.az-a istinadən xəbər verir ki, 14 il “Azərsu” ASC-yə rəhbərlik edən Q.Hüseynov ölkə başçısı İlham Əliyevin 4 may 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.
Sözügedən qurumda baş verən qanunsuzluqlar , daxili intriqaların güclənməsi, ən əsası isə sosial narazılığın artması Qorxmaz Hüseynovun “vurulması”nı qaçılmaz etmişdi. Bu həmin vaxt idi ki, mətbuatda “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı silsilə yazılar dərc olunur, neqativ hallara işıq tutulurdu. Xüsusilə xidmət sahəsindəki yarıtmaz fəaliyyət Q.Hüseynov və komandasının bacarıqsızlığına dair qənaət formalaşdırmışdı. Qeyd edək ki, həmin dövrdə “Azərsu” ASC-yə yönələn ittihamlardan biri də külli miqdarda dövlət əmlakını mənimsənməsi ilə bağlı idi.
Oğuz- Qəbələ su kəməri çəkilərkən büdcə vəsaitlərinin havaya sovrulması ilə bağlı ciddi ittihamlar vardı. Mətbuatın yazdığına görə, kəmərin çəkilişi sırasında qazılan ən azı 100-ə yaxın quyudan su çıxmayıb. Analoji faktların sayının artması “Azərsu” rəhbərliyinin cəzalandırılmasımı zəruri etmişdi.
Qurumdakı neqativ hallar bütövlükdə bir komandanın yarıtmaz fəaliyyətinin nəticəsi olsa da, çanaq bir nəfərin – ASC-nin sədri Qorxmaz Hüseynovun başında çartlamışdı.
Maraqlıdır ki, Qorxmaz Hüseynovun vəzifəsini itirməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun yerinə təyinat olmayıb. “Azərsu” ASC-nin məsul əməkdaşlarından biri bizimlə söhbət zamanı bunu qurumda aparılan yoxlamalarla əlaqələndirib. Onun sözlərinə görə, ötən 22 ay ərzində həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası “Azərsu”yun fəaliyyətini hərtərəfli təftiş edib. Yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlansa da, Q.Hüseynov onları yerindəcə “bağlamağa” müvəffəq olub.
Mənbə deyib ki, Qorxmaz Hüseynovun fəaliyyəti bununla məhdudlaşmır. O, 2021-ci ilin mayında vəzifədən getməsinə rəğmən, “Azərsu”nu yenə əvvəlki qaydada idarə edir. Amma indi mərkəzi aparatdan deyil, evdən işləyir.
Müsahibimizin dediyinə görə, hazırda “Azərsu”da qeyri-rəsmi idarəçilik Qorxmaz Hüseynov tərəfindən həyata keçirilir. Bütün təyinatlar onunla razılaşdırılır, daxili sərəncamlar onun xeyir-duası ilə imzalanır. Buna səbəb 14 il ərzində yaratdığı komandanın olduğu kimi yerində qalmasıdır. Yəni Q.Hüseynov vəzifədən çıxsa da, kadrları yenə iş başındadır. Onlar yenə keçmiş sədrə hesabat verir, onun göstərişlərinə uyğun işləyirlər.
Daha bir maraqlı fakt isə odur ki, Q.Hüseynovdan çəkindiyi üçün keçmiş müavinlərindən, o cümlədən, ASC-nin digər məsul şəxlərindən heç kim cəsarət edib “Azərsu” sədri olmaq istəmir. Hamı müxtəlif yollarla bu müzakirələrdən yayınır. Hətta Q.Hüseynovun yenidən öz postuna qayıdacağına inanalar da var.
Qeyd edək ki, “Azərsu” daxilində hökm sürən bu qeyri-müəyyənlik qurumun fəaliyyətinə mənfi təsir göstərməkdədir. Əhali arasında “Azərsu”un fəaliyyəti ilə bağlı narazılığın artması ilk növbədə bu amillə bağlıdır. Görünən odur ki, yeni sədr təyinatına kimi qurum daxilindəki xaos davam edəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.